Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Sentyabrın 30-da “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Daşın nəğməsi” III Beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində yaradılan əsərlərin təqdimatı olub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak ediblər.
Bu ilki simpoziumda 17 ölkədən 20 heykəltəraş iştirak edib. Azərbaycan, Belçika, İtaliya, Türkiyə, Hindistan, Ukrayna, İspaniya, Misir, Meksika, Rumıniya, İran, Norveç, Yunanıstan, Sloveniya, Argentina, Suriya və Gürcüstandan olan sənətkarlar əsərlərini Nəsimi yaradıcılığına həsr ediblər. Heykəltəraşlar əsərlərini aqlay daşından Qala qəsəbəsində açıq səma altında yaradıblar.
Sonra qonaqlar “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VII Beynəlxalq “Tullantıdan sənətə” sərgisinə baxıblar.
Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə təşkil edilən sərgidə 12 ölkədən - Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rumıniya, Bəhreyn, Oman, İran, Latviya, Bosniya və Herseqovinadan olan 27 incəsənət nümayəndəsinin əsərləri nümayiş edilib. Məişət tullantılarından istifadə olunaraq hazırlanan sənət nümunələri maraqla qarşılanıb.
Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.
Sərgi çərçivəsində Paraqvayın məşhur “Recycling” orkestri konsert proqramı təqdim edib. Uşaq və yeniyetmələrdən ibarət bu orkestrin unikal cəhəti tullantılardan təkrar emal olunmuş musiqi alətlərindən istifadə etməsidir. Orkestrin rəngarəng çıxışı iştirakçılarının böyük marağına səbəb olub.
Sonra Bakının Qala qəsəbəsində istifadəsiz qalan sənaye anbarında “Açılan divar” ictimai incəsənət layihəsi təqdim olunub.
Layihə səkkiz yerli və xarici “urban art” (şəhər mühitində incəsənət) rəssamın iştirakı ilə reallaşıb
Sərginin ekspozisiyasında Azərbaycan, Braziliya, Belçika, Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamların binanın divarları üzərində yaratdığı sənət əsərləri nümayiş edilib.
Qeyd edək ki, Bakının Qala qəsəbəsində təşkil olunan bu silsilə tədbirlər Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində reallaşıb.