Noyabrın 10-da məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Sadhqurunun izləyiciləri ilə görüşü "Mənəvi quruculuq: gümrahlığın texnologiyaları" mövzusunda olub.
"Mənəvi quruculuq: gümrahlığın texnologiyaları" dərin və davamlı şəxsi transformasiyadan keçmək üçün qədim yoqa elmindən əldə edilən hərtərəfli bir sistemdir. Bu, insanın bədəni, ağlı, duyğuları və enerjisini pik nöqtədə, tam harmoniyada birləşdirmə üsuludur, hər hansı fiziki hazırlıq və ya yoqa haqqında bilik tələb etmir və onun sayəsində asanlıqla istənilən həyat tərzinə inteqrasiya etmək mümkündür.
Sadhqurunun mühazirəsi bədən və emosiyalara, insanın daxili enerjisinə müdrikliklə nəzarət etmək vasitələri barədə maraqlı mülahizələrlə yadda qalıb.
Sadhquru mühazirədən sonra iştirakçıların suallarını cavablandırıb, Bakıda bu auditoriya qarşısında çıxışının və insanlarla ünsiyyətinin ona çox gözəl anlar yaşatdığını bildirib.
Tədbir çərçivəsində Sadhqurunun "Mənəvi quruculuq: gümrahlığın texnologiyaları" adlı kitabının imzalanma mərasimi də olub.