Leyla Əliyeva Bakıda fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi–Yarmarkasının açılışında iştirak edib
03/12/2018

Dekabrın 3-də Beynəlxalq Əlillər Günü ilə əlaqədar Bakı şəhərində, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi–Yarmarkası işə başlayıb. Tədbirin təşkilatçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib, burada nümayiş olunan əl işlərinə baxıb.

Məlumat verilib ki, üç gün davam edəcək tədbirdə ölkəmizin müxtəlif bölgələrindən fiziki məhdudiyyətli 250 nəfərdən çox şəxsin hörmə, rəsm, toxuma, xalçaçılıq, dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, müxtəlif incəsənət və məişət nümunələri, bədii tikmələrdən ibarət 1500-dən çox əl işi nümayiş olunur. Sərgidə, eyni zamanda, əl işlərinin satışı təşkil edilib. Bu da əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların yaradıcı əməyinin maddi baxımdan stimullaşdırılması məqsədi daşıyır.

Leyla Əliyeva əl işlərinin müəllifləri olan fiziki məhdudiyyətli şəxslərlə və sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb, onlarla səmimi söhbət edib.

Xüsusi bacarıqları ilə fərqlənən iştirakçılara mükafatlar təqdim edilib.

Sərgi-yarmarka çərçivəsində, həmçinin nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə-Reabilitasiya Mərkəzinin və uşaqlar üçün sosial xidmət müəssisələrinin sakinlərindən ibarət rəqs qruplarının çıxışı olub.