Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyində olublar.
Məlumat verilib ki, muzey və onun nəzdində elmi-ədəbi tədqiqat şöbəsi Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin 100 illik yubileyi ərəfəsində ədibin xatirəsinə ehtiram əlaməti olaraq yaradılıb. 2007-ci ildə istifadəyə verilən ev-muzeyinə ədibin pasportu, orden və medalları hədiyyə edilib. Hazırda bu əşyalar muzeyin ən dəyərli eksponatlarıdır.
Mir Cəlal Paşayevin ev-muzeyinin Gəncə şəhərində fəaliyyət göstərməsi təsadüfi deyil. Çünki o, Cənubi Azərbaycanda anadan olsa da, taleyi onu qədim Gəncə şəhərinə gətirib çıxarıb. Ədib həmişə Gəncəni sevib və doğma şəhəri bilib. Mir Cəlal Paşayevin uşaqlıq, gənclik və tələbəlik illəri, pedaqoji və ədəbi fəaliyyəti, ailə həyatı xronoloji ardıcıllıqla muzeyin ekspozisiyasında əksini tapıb. Hazırda eksponatların sayı 300-dən artıqdır. Muzey kompleksində 2009-cu ilin aprel ayında elmi-ədəbi tədqiqat şöbəsi fəaliyyətə başlayıb. Şöbənin yaradılması ədəbiyyatımızın tədqiqinə, araşdırılmasına xidmət edir.
Mir Cəlal Paşayev muzey kompleksində mütəmadi olaraq şair və yazıçıların kitab təqdimatları, şəhər ziyalıları ilə görüşlər, konsertlər, şagird və tələbələr üçün ədəbiyyat dərsləri, ekskursiyalar və digər ədəbi-bədii tədbirlər keçirilir. Muzey fəaliyyətə başladığı gündən şəhər əhalisinin, tələbə və şagirdlərin ziyarətgahına çevrilib.