Leyla Əliyeva “Buta” sarayında uşaqlar üçün təşkil olunmuş bayram şənliyində iştirak edib
28/12/2012

Dekabrın 27-dən 29-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Buta” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, yetim və valideyn himayəsindən məhrum, o cümlədən Daun Sindromlu Şəxslərin Assosiasiyası, xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiya mərkəzi, A.S.Makarenko adına humanitar fənlər təmayüllü ümumtəhsil internat məktəbi, Psixonevroloji Uşaq Evi, kor və zəif görənlər üçün respublika orta internat məktəbindəki və təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirilir. Şənliklərə gəlmək üçün Fond tərəfindən xüsusi avtobuslar ayrılıb.

Dekabrın 28-də Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bayram şənliyində iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından və onlara qayğısından bəhs edən film göstərilib.

Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanmış “Qış nağılı” proqramı təqdim edilib. Müxtəlif uşaq qrupları və tanınmış ifaçıların çıxışları olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və oğulları tədbirdə iştirak edən uşaqlarla yolkanın ətrafında şəkillər çəkdiriblər.

Azərbaycanın birinci xanımı uşaqlara bayram münasibətilə təbrik edib.

Mehriban Əliyeva balacalarla xatirə şəkli çəkdirib.

Üç gün davam edəcək tədbirdə üç minə yaxın uşağın iştirakı gözlənilir.