Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Mayın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinin sakinlərini ziyarət edib.
1974-cü ildə yaradılan 1 saylı psixonevroloji sosial xidmət müəssisəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunaraq bu ilin fevral ayında istifadəyə verilib. Yenidənqurma işlərindən sonra burada yaşayanların sağlamlığı və rahatlığı üçün müasir standartlara uyğun şərait yaradılıb.
Heydər Əliyev Fondu növbəti dəfə burada xüsusi qayğıya ehtiyacı olan insanlar üçün şənlik təşkil edib.
Leyla Əliyeva tədbirə gələrək müəssisənin sakinləri ilə görüşüb, onlarla söhbət edib, burada yaradılan şərait, bu kateqoriyadan olan insanların müalicəsi ilə maraqlanıb.
Xüsusi qayğıya ehtiyacı olanlar 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində gün ərzində gördükləri işlərdən danışıblar, necə əyləndiklərini söyləyiblər, təəssüratlarını bölüşüblər.
Müəssisəyə sosial xidmətə ehtiyacı olan psixotik simptomatika mərhələsinə çatmayan şəxslər qəbul edilir.
1 saylı psixonevroloji sosial xidmət müəssisəsinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.