Dekabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Nəsimi rayonundakı 1 nömrəli uşaq evində olub. Leyla Əliyevaya məlumat verildi ki, bina 1930-cu ildə tikilib və iki ildən sonra uşaq evi kimi fəaliyyətə başlayıb. Uşaq evi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə yenidən qurulub. Burada atılmış və imtina edilmiş 4 yaşadək uşaqlar yaşayır.
Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqların yataq otaqlarına baxdı.
Körpələrin sağlamlığı ilə maraqlanan Leyla Əliyevanın diqqətinə çatdırıldı ki, burada uşaqların yaşayışı üçün yaxşı şərait yaradılıb. Hazırda 42 azyaşlının böyüdüyü bu evdən ayrılan uşaqların əksəriyyəti övladlığa verilir.
Leyla Əliyeva uşaqların bayram şənliyinə qatıldı və onlara hədiyyələr təqdim etdi.
XXX
Həmin gün Leyla Əliyeva paytaxtın Xətai rayonundakı 3 nömrəli uşaq evində də olub.
Uşaq evinin direktoru Məhbubə Hüseynova Heydər Əliyev Fondunun uşaqlara göstərdiyi qayğıdan danışdı.
Bildirildi ki, 85 uşağın yaşadığı bu müəssisəyə hər cür diqqət və qayğı göstərilir. Fondun təşəbbüsü ilə uşaq evi üçün Buzovna qəsəbəsində yay-sağlamlıq istirahət düşərgəsi tikilərək istifadəyə verilib.
Leyla Əliyeva uşaqların hazırladığı yeni il proqramına tamaşa etdi.
Uşaqlara Heydər Əliyev Fondunun bayram hədiyyələri paylanıldı.
Leyla Əliyeva uşaqların vəziyyəti ilə maraqlandı. Qeyd olundu ki, burada uşaqların yaşayışı, asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait var.
Uşaqları Yeni il münasibətilə təbrik edən Leyla Əliyeva onlarla xatirə şəkli çəkdirdi.
XXX
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Suraxanı rayonundakı 2 nömrəli uşaq evində Yeni il münasibətilə təşkil edilən bayram tədbirində iştirak edib.
Leyla Əliyevanın nəzərinə çatdırılıb ki, Heydər Əliyev Fondu digər uşaq və internat evləri kimi, bu müəssisəni də daim diqqətdə saxlayır. Uşaq evində 3 yaşdan 18 yaşadək 131 uşaq yaşayır. Onların təlim-tərbiyəsi ilə 78 pedaqoji və texniki işçi məşğul olur. Fondun dəstəyi ilə uşaq evi üçün 2006-cı ildə 200 nəfərlik müasir yeməkxana inşa olunub. Bundan başqa, Heydər Əliyev Fondu müxtəlif illərdə uşaq evinə 2 nəqliyyat vasitəsi, televizor, kompyuter və digər zəruri avadanlıq hədiyyə edib.
Qeyd edildi ki, Heydər Əliyev Fondunun dəstəyi ilə uşaq evinin sakinləri ölkədə keçirilən müxtəlif bayram tədbirlərində və şənliklərdə iştirak edib, beynəlxalq yarış və müsabiqələrə qatılaraq yüksək nəticələr qazanıblar.
Uşaq evinin sakinlərinə Yeni il hədiyyələri paylanıldı.
Leyla Əliyeva uşaq evinin sakinləri ilə xatirə şəkli çəkdirdi.