Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada və Rusiyanın 25-dən çox regionunda Yeni il münasibətilə xeyriyyə aksiyaları keçirilib. Fondun Rusiya nümayəndəliyinin əməkdaşları ənənəyə sadiq qalaraq hər il olduğu kimi, bu il də Yeni il ərəfəsində Rusiya paytaxtının Uşaqlara Elmi-Praktiki Tibbi Yardım Mərkəzində və bir neçə uşaq evində olublar.
Xeyriyyə aksiyası Rusiya Sosial-Mədəni Təşəbbüslər Fondu və Müqəddəs Xilaskar İsa Kafedral Kilsəsinin dəstəyi ilə həyata keçirilib.
Uşaqlara Elmi-Praktiki Tibbi Yardım Mərkəzi 9 ildir ki, fəaliyyət göstərir. Mərkəzə Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Andrey Pritıko rəhbərlik edir. A.Pritıko Fondun əməkdaşlarını salamlayaraq Azərbaycanla sıx şəxsi və elmi əlaqələrinin olduğunu bildirib. Ölkəmizlə bağlı uşaqlıq xatirələrini danışan A.Pritko deyib: “Bakını və Sumqayıtı tez-tez xatırlayıram. Babam Sumqayıtdakı zavodlardan birində çalışırdı. Bu səbəbdən Azərbaycana tez-tez gəlirdim. Azərbaycanlıların səmimiyyətinə və mehribanlığına heyranam”.
Akademik bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dahi insan idi və onun iki xalq arasında tarixən dostluq münasibətlərinin qorunub saxlanmasında xidmətləri danılmazdır.
Sonra nümayəndəliyin əməkdaşları Mərkəzin diaqnostika, onkologiya, neyrocərrahiyyə, reabilitasiya şöbələrində müalicə olunan uşaqlarla görüşüb, Leyla Əliyevanın salamlarını və Yeni il təbriklərini çatdırıblar. Şaxta baba və Qar qız uşaqlara müxtəlif oyuncaqlar, kitablar hədiyyə ediblər. Hədiyyə səbətinə şirniyyat, təzə və quru meyvələr, çay, mürəbbə qoyulub. Mərkəzə soyuducu, televizor, məişət texnikası və s. təqdim olunub.
Moskvanın 43 nömrəli uşaq evinin sakinlərinə S.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorlarının ifasında “Qış nağılı” tamaşası da nümayiş olunub.