Leyla Əliyeva Rusiyanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
07/12/2011

Dekabrın 7-də Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva Rusiyanın ali məktəblərinin birinci kursunda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Görüşdə Moskvadan və Rusiyanın regionlarından olan 500-dən çox tələbə iştirak edib.

Görüşdə əvvəlcə RAGT-ın fəaliyyəti və onun keçirdiyi tədbirlər haqqında videoçarx nümayiş etdirilib.

RAGT-ın sədri Leyla Əliyeva tələbələri ali məktəblərə qəbul olunmaları münasibətilə təbrik edərək, bu təşkilatın mövcud olduğu dörd il ərzində onun gördüyü işlər barədə məlumat verib: “Bu gün cəsarətlə demək olar ki, bu müddətdə biz böyük uğurlar və yüksək nəticələr qazanmışıq”. Bu gün Rusiyanın 60 regionunda RAGT-ın regional bölmələrinin mövcud olduğunu deyən Leyla Əliyeva bu bölmələrin fəal iş apardığını, təşkilatın üzvlərinin sayının durmadan artığını söyləyib. “RAGT həm Azərbaycan gənclərini birləşdirməyə, həm də onların Rusiya cəmiyyətinə inteqrasiyasına, Vətəndən uzaqlarda özlərini rahat hiss etmələrinə kömək göstərməyə çalışır. Sizin hər birinizin Azərbaycanın böyük mədəniyyətini, onun tarixini, ənənələrini irəlilətmək üçün çox iş görə biləcəyinizi başa düşməyiniz, hər birinizin Rusiyada öz vətəninizi ləyaqətlə təmsil etmək məsuliyyətini hiss etməyiniz çox vacibdir”, - deyə RAGT sədri bildirib. O, 2011-ci ilin iyununda Sankt-Peterburqda RAGT-ın üçüncü konfransı keçirildiyini, təşkilatın gələcək planlarının, təşəbbüslərinin və layihələrinin müzakirə edildiyini də xatırladıb.

Leyla Əliyeva RAGT-ın Heydər Əliyev Fondu ilə birlikdə reallaşdırdığı ən başlıca aksiyalardan biri – 1992-ci ilin fevral ayında baş vermiş və dinc insanların həyatına son qoymuş faciə haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası haqqında da danışıb: “RAGT səhiyyəyə, sağlam həyat tərzinin təbliğinə də böyük diqqət yetirir. Bizim “Qanın milləti yoxdur” devizi altında keçirdiyimiz təmənnasız qanvermə, habelə “Sağlam olduğunu yəqin et, xəstəliyə “yox” de” aksiyaları ilə yəqin ki, siz hamınız tanışsınız. Bu aksiyalar çərçivəsində xəstələr pulsuz müayinə və müalicə oluna bilərlər. Biz QİÇS, narkomaniya, alkoqolizm və siqaret çəkməyə qarşı mübarizə kampaniyasına da başlamışıq. Bizim fəallar müxtəlif ali və ümumtəhsil məktəblərində olur, mühazirələr oxuyur, təqdimatlar keçirir, gənclərin zərərli vərdişlərin mənfi nəticələrindən xəbər tutmasına, sağlam həyat tərzi keçirməsinə kömək edirlər. Əlbəttə, RAGT gənclərin idmanla əlaqədar bütün təşəbbüslərini dəstəkləyir. Hər il Heydər Əliyev Kuboku uğrunda mini-futbol turniri keçirilir və bu yarışların iştirakçılarının sayının artması bizi sevindirir. Biz “Şən və Hazırcavablar Klubu” və “Nə? Harada? Nə vaxt?” intellektual oyunlarını da dəstəkləyirik. Əgər kim isə hələlik bu oyunlarda iştirak etmirsə, bizə qoşulsun, çox şad olarıq”.

Leyla Əliyeva bu ilin oktyabr ayında start götürmüş yeni kampaniya - Ətraf mühitin qorunması kampaniyası - IDEA barədə söhbət açaraq bildirib ki, bu aksiyanın məqsədi ictimaiyyətin diqqətini mövcud ekoloji problemlərə cəlb etmək, ətraf mühiti, heyvanları müdafiə etmək, ağac əkməkdir: “Bu kampaniyada ən başlıca məqam ondan ibarətdir ki, biz gördüyümüz hər işə kreativ yanaşma tapmağa çalışırıq. Buna görə həmin kampaniyada gənclərin iştirak etməsi zəruridir. Bizim şüarımız belədir: “Bir Yer – bir gələcək”. Mən sizin hamınızı bu kampaniyaya qoşulmağa çağırıram. Biz birlikdə planetimizi xilas etmək üçün mümkün olan hər şeyi edəcəyik”.

RAGT sədri təşkilatın nəşr etdirdiyi jurnal haqda da danışıb. O, bildirib ki, bu jurnalda Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti, xalq ənənələri, böyük şairləri, yazıçıları, bəstəkarları haqqında söhbət açılır, gəncləri maraqlandıran müxtəlif məsələlər qaldırılır. Leyla Əliyeva artıq jurnalın üçüncü nömrəsinin çapdan çıxdığını, RAGT-ın saytının fəaliyyət göstərdiyini də diqqətə çatdırıb. Bu saytda gənclərimiz ünsiyyət saxlaya, bir-birini tanıya və lazımlı informasiya əldə edə bilərlər.

RAGT sədrinin sözlərinə görə, Heydər Əliyev Fondu bu yaxınlarda Moskvadakı Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan Mədəniyyət Mərkəzi açıb. Bu Mərkəzdə Azərbaycan dili, tarixi və ədəbiyyatı dərsləri, çoxlu müxtəlif tədbirlər keçiriləcək: “Biz orada təkcə azərbaycanlıları deyil, ölkəmizlə, ənənələrimizlə, mədəniyyətimizlə maraqlanan hər kəsi görməyə şad olacağıq. Srağagün biz Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda olduq, orada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş tədbir keçirilirdi. Tələbələrin Azərbaycan dilini yaxşı bilməsi məni heyrətləndirdi. Bu, həqiqətən çox böyük hədiyyə oldu”.

Leyla Əliyeva RAGT-ın yaxşı nəticələr və uğurlar qazandığını söyləyib, bunun gənclərin ümumi xidməti olduğunu bildirib. O, gəncləri quruculuğa və yaradıcılığa çağıraraq deyib: “Sözün düzü, RAGT yaradılan vaxt mən heç bilmirdim ki, bizim gənclər bu qədər fəaldır və öz ölkələrini bu qədər sevirlər. Demək olar ki, hər həftə müxtəlif ali məktəblərdə hansısa tədbir - Azərbaycan Mədəniyyəti Günləri, seminarlar, bayramlar keçirmək barədə təşəbbüslər irəli sürülür. Bu, bizim hamımızı sevindirir və ruhlandırır”. Leyla Əliyeva RAGT adından tələbələrə onlara kömək etmək, onları dəstəkləmək üçün mümkün olan hər bir addımın atılacağı vədini verib.

Leyla Əliyeva 2009-cu ildə RAGT-ın əlaçı mükafatı, bir il sonra isə aztəminatlı ailələrdən olan tələbələr üçün təqaüd təsis etdiyini xatırladıb: “Bu il biz təqaüd alan tələbələrin sayını artıracağıq. Ümid edirəm ki, əlaçıların da sayı artacaqdır”.

Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu Leyla Əliyevanın artıq üçüncü ildir ki, birinci kurs tələbələri ilə görüşlər keçirdiyini, bunun yaxşı ənənəyə çevrildiyini söyləyib. O, RAGT-ın apardığı böyük və xeyirxah işlərə görə təşkilatın rəhbərinə təşəkkür edib, bu təşkilatın yaradılması ilə çox şeyin dəyişdiyini, Azərbaycan gənclərinin onun lideri Leyla Əliyevanın ətrafında sıx birləşdiklərini vurğulayıb.

Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar Rusiyada təhsil alan azərbaycanlı tələbələrin ölkələrimiz arasında dinamik inkişaf edən ikitərəfli əlaqələrin, o cümlədən təhsil sistemlərinin əməkdaşlığının möhkəmlənməsində mühüm rol oynadıqlarını söyləyib. O, bildirib ki, Rusiya yaxşı təhsil almağa çalışan Azərbaycan gənclərini qəbul etməyə və onları qayğı ilə əhatə etməyə həmişə hazırdır.

Moskva Sosial-Humanitar İnstitutunun rektoru Vaqif Bayramov Leyla Əliyevaya fiziki imkanları məhdud olan insanların təhsil aldığı bu ali məktəbə daimi diqqətinə görə təşəkkür edib. O, RAGT-ın yaradılmasının Azərbaycan gənclərini sıx birləşdirdiyini söyləyib.

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) baş katibinin müavini Nemət Nağdəliyev ÜAK-ın gənclər siyasəti barədə məlumat verib, gəncləri Konqresin həyatında daha fəal iştirak etməyə çağırıb. O, bildirib ki, ÜAK-ın yaradılması və azərbaycanlı tələbələrin xaricdə təhsil alması siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev həmvətənlərimizi dəstəkləyən bu siyasəti davam etdirir: “Heydər Əliyev Fondu və şəxsən vitse-prezident Leyla Əliyeva bu işə sanballı töhfə verir”.

Sonra tələbələrin nümayəndələri çıxış edərək, Rusiyadakı Azərbaycan gənclərini dəstəklədiyinə görə Leyla Əliyevaya təşəkkür ediblər. Onlar RAGT-ın bütün tədbirlərində iştirak etməyə və gənclər təşkilatının sıralarını genişləndirməyə hazır olduqlarını söyləyiblər.

Tədbirin rəsmi hissəsindən sonra Leyla Əliyeva 34 tələbəyə “RAGT əlaçısı” sertifikatlarını və mükafatlarını təqdim edib.