“Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” layihəsinin təqdimatı olub
28/06/2019

İyunun 28-də “Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” layihəsinin təqdimatı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Qeyd edilib ki, layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Vətəndaş cəmiyyətinin iştirakı və inklüziv təhsilin tətbiqi vasitəsilə Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi” Proqramı çərçivəsində reallaşdırılır. Layihənin icrasında əsas tərəfdaşlar “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi və Təhsil Nazirliyidir. Layihə çərçivəsində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, habelə Bakı şəhərindəki ümumtəhsil məktəbləri və xüsusi məktəblər ilə əməkdaşlıq həyata keçiriləcək. Layihənin əsas məqsədi İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin inklüziv təhsil komponenti kimi sağlamlıq imkanları məhdud şəxslər üçün əlçatan edilməsi və əmək bazarının tələblərinə uyğun Peşə Təlimi Mərkəzinin yaradılmasıdır.

Diqqətə çatdırılıb ki, bu layihəyə cəlb olunan müəllim və sənətkarlar sağlamlığı məhdud gəncləri digər gənclərlə birlikdə öyrətmək üçün zəruri bilik və bacarıqlarla təmin ediləcəklər. Onların inklüziv təhsil prinsipləri barədə məlumatlılığı yerli və beynəlxalq təlimlər vasitəsilə artırılacaq.

Bildirilib ki, layihənin əsas hədəf qrupları xüsusi məktəblərdə formal təhsil almış, inklüziv incəsənət və sənətkarlıq üzrə peşə təhsili proqramında iştirak etməkdə maraqlı olan sağlamlıq imkanları məhdud gənclər, təhsil prosesində iştirak edən təlimçilər, xüsusi təhsil verənlər, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin işçi heyəti və seçilmiş pilot məktəblərdir.

Leyla Əliyeva layihəyə cəlb olunan sağlamlıq imkanları məhdud gənclərlə söhbət edib, onlarla şəkil çəkdirib.