Heydər Əliyev Fondu uşaqlar üçün şənlik təşkil edib
03/07/2019

İyulun 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil etdiyi növbəti əyləncə və istirahət proqramında iştirak edib.

Heydər Əliyev Fondu uşaqları paytaxtın dənizkənarı istirahət məkanlarından birində - “Dalğa Beach” istirahət mərkəzində bir araya toplayıb. Fondun təşəbbüsü ilə təşkil olunan tədbirə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşılayıblar. Nizami rayonunun 1, Suraxanı rayonunun 2, Xətai rayonunun 3 saylı uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və 11 saylı inteqrasiya təlimli internat məktəbinin sakinləri bu məkanda yay mövsümünün ovqatını hiss ediblər, günəşli günlərin qayğısız anlarını yaşayıblar.

Leyla Əliyeva da övladı ilə birlikdə bu şənliyə qoşulub.

Balacalara xas olan hədsiz səmimiyyət və sevinclə əylənən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif oyunlarda, attraksionlarda iştirak ediblər, bu isti yay günündə hovuzda üzüblər, onlar üçün hazırlanmış müxtəlif əyləncə proqramları ilə maraqlı asudə vaxt keçiriblər, ətrafdakılarla sevinclərini bölüşüblər.

Leyla Əliyeva uşaqlarla söhbət edib, onlar üçün təşkil edilən bu şənliklə bağlı fikirləri ilə maraqlanıb, hər biri ilə şəkil çəkdirib. Uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və inteqrasiya təlimli internat məktəbinin sakinləri təəssüratlarını bölüşüblər, burada yeni dostlar qazandıqlarını söyləyiblər, iştirak etdikləri oyunlar, əyləndikləri attraksionlar barədə danışıblar. Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinləri ilə görüşə növbəti hədiyyəsi ilə gəlib, onlara maraqlı və unudulmaz bir gün yaşadıb.

Leyla Əliyeva uşaqlarla birgə rəqs edib.

Hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.