Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
İyulun 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Heydər Əliyev Mərkəzində “Live Life” sərgisi ilə tanış olub və bu beynəlxalq sərgi layihəsi çərçivəsində yay təcrübəsi keçən tələbələrlə görüşüb.
Leyla Əliyeva gənc rəssamların sərgidə nümayiş etdirilən əl işləri ilə tanış olub.
Sərgi ilə tanışlıqdan sonra yay təcrübəsi məktəbinin iştirakçıları ilə xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fərqlənmiş 30 tələbəsi “Live Life” sərgisi çərçivəsində iyulun 2-dən Heydər Əliyev Mərkəzində yay təcrübəsi keçir.
İyulun 6-dək davam edəcək yay təcrübəsinin mövzusu “Live Life” sərgisinin ideyası ilə səsləşir və ətraf mühitin problemlərinə, təbiətin qorunmasına, incəsənətin bu sahədə roluna dair ictimaiyyətin maarifləndirilməsinə diqqətin cəlb edilməsini nəzərdə tutur.
Layihədə iştirak edən tələbələr yaradıcılıq üçün zəruri baza dəstləri ilə təmin olunublar. İştirakçılardan hər biri həvəsləndirici mükafat alacaq. Layihənin sonunda isə onların arasından üç qalib seçiləcək və mükafatlandırılacaq.
Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş “Live Life” sərgisi London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıya gətirilib və 2018-ci il sentyabrın 28-dən Heydər Əliyev Mərkəzində təqdim edilir. Ekspozisiyada 200-dən çox əsər yer alıb.