Leyla Əliyeva XV Avropa Gənclər Olimpiya Festivalının təntənəli bağlanış mərasimində iştirak edib
27/07/2019

Dünyada ən mötəbər idman turnirlərinin mahir təşkilatçısı kimi tanınan Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalına yüksək səviyyədə ev sahibliyi edərək növbəti dəfə tarix yazdı. Son 7 gün ərzində dünya, o cümlədən Avropanın idman ictimaiyyətinin gözü Azərbaycanda idi.

Festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli bağlanış mərasimində Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Avropa Olimpiya Komitələrinin (AOK) vitse-prezidenti Nils Nayqaard, növbəti festivala ev sahibliyi edəcək Slovakiyanın Banska Bıstritsa bölgəsinin meri Yan Nosko, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər.

Bağlanış mərasiminin iştirakçıları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, AOK-un vitse-prezidenti Nils Nayqaard və növbəti – XVI Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcək Slovakiyanın Banska Bistritsa bölgəsinin meri Yan Nosko mərasimdə çıxış ediblər.

Qeyd edək ki, festivalda 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanan Azərbaycan millisi komanda hesabında dördüncü pillədə qərarlaşıb.