Sükutun səsi
30/08/2019

(Leyla Əliyevanın “Sükut” şeirlər kitabı haqda)

 

Siz başdan-başa gül-çiçək dolu gözəl bir çəmənlikdə təmas edirmiş kimi müxtəlif çiçəklərə qonan, uçduqca qalxan, enən, titrək qanadlarının çırpıntısı ilə qəlbləri ovsunlayan zərif bir kəpənək görmüsünüzmü?

Mən görmüşəm. Onun adı Leyladır. O, şeir yazır. Əslində, ürəyini yazır.

Sanki yazmamalı idi. Amma o, yazır. Sanki varaqlara bütün daxili varlığını etibar eləməyə ehtiyacı olmamalıydı. Onda isə bu ehtiyac var. Mən bilirəm ki, onun şeir yazmağı özünü unutması ilə başlayır, nəinki özünü, bütün dünyanı unutması ilə başlayır. Mən yüz faiz əminəm ki, o, şeir yazarkən qafiyə axtarmır, ritmdən çıxmamaq onun üçün problemə dönmür. O, sadəcə, gözlərini yumub qəlbinə bir başa göylərdən gəlib dolan o saf və təmiz enerjini sözə çevirir. Şeir yazmaq budurmu? Şeir yazmaq budur.

 

                            Allahın səsini eşitmək həsrətilə

                            Mən yenə də susuram şeirlər kimi...

 

Amma axı sən nə qədər susursan, sus, səni yenə də eşidirlər, duyurlar. Istərsən kitabının adını da “Sükut” qoy, adam özündən xəbərsiz bir də onu görür ki, bu şeirləri ürəyində yox, özü özü üçün bərkdən oxuyur. Sükutun səsi bu deyilmi?! Budur!

Yazıb nöqtəni qoyandan sonra bəlkə də o təsəvvür belə etmir ki, bircə an əvvəl nə baş verdi?! Bircə an əvvəl bütün aləmdən təcrid olan o qız kəpənək kimi hara qeyb oldu?! O nə istəyirdi və o nəyə sahib oldu?! Nəyi itirdi, nəyi qazandı?!

Yenə gündəlik həyat, yenə günün məsuliyyəti, qayğısı, köhnə və yeni təəssüratlar, bir də təkrarlar, təkrarlar, təkrarlar...

Ondan gedən nə oldu?! O nəyi itirdi?! Heç bir şair yazdığı şeirin əvəzinə nəyi itirdiyini bilmir.

Bəs ona qalan nə oldu?!

Ona qalan onun bir şeir biçimində yaratdığı harmoniya oldu. Həyatın təkrarları müqabilində bu harmoniya təkrarsızdır.

Yeni şeirlə birgə onun üçün həm də qəlbinə dolan sevmək arzusu, ruhunda yaşayan bütün insanlara ehtiram və məhəbbət duyğusu qaldı.

Və onun gözlərinin dərinliyindən gələn işıq dolu təbəssümün ömrü bir şeir qədər uzandı.

 

                            ... İstidən ürək yanmazmı –  

                            Qoy yansın.

                            Bənzəsin bir ulduza...

                            Amma mən

                            Nə əriyə bilirəm,

                            Nə də dönürəm buza...

 

Daha nə qaldı?! Dünyəvi kədərin bir parçasına bütün şailər kimi şərik çıxmaq qaldı.

         Sevinc və kədər ˗ bir yerdə.

         Borc və məsuliyyət ˗ bir yerdə.

         Həsrət və vüsal ˗ bir yerdə!

Eşidilməyən haray və eşidilən, təbəssümə çevrilən, qəlbinin ən dərinində gizlənmiş, heç kimin görə bilməyəcəyi “ah” ˗ bir yerdə!

Leylanın şeiri bu cür doğulur. Və mən onu bu cür görürəm.

Bu kitabdakı şeirləri oxuyub bədii zövq alan oxucular bilirlərmi ki, bu misralar yanar bir ürəkdən çıxıb onlara doğru əzablı yol gəlir?! Təbəssümün qoruduğu kədər, gülüşün qoruduğu ağrı, diqqətin keşik çəkdiyi qayğı, məsuliyyət... Özündən qaçış və özünə qayıdış! Amma ikisi bir yerdə! Bunu təsəvvür edə bilirikmi?! Leyla təsəvvür edə bilir.

 

                            Səndə nə var fövqəladə

                            Qaranlıqda nur saçır?!

                            Allahsızlıq? Nəbadə!

                            Bir “mən” mənə, bir “mən” də məndən qaçır.

 

Leylanın oxucuları kəpənəyin uçuşuna heyrandırlar. Onlar kəpənəyin zərifliyindən riqqətə gəlirlər. Mən isə inanıram ki, zaman gələcək və bu zərif kəpənəyin bir qanad  çalması ilə okeanda nəhəng-nəhəng dalğalar, bir-birini qovacaqdır. Amma okean da kədərli, dalğalar da...

 

                            Torpağa baş əyərəm

                            Ucalaram göylərə.

                            “Darıxıram” yazır qələm

                            Sənsizlikdən kədərə...

Kamal Abdulla