Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Sentyabrın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Nəsimi Əlyazmaları dünya kitabxanalarında” adlı kitab sərgisinin açılış mərasimi olub.
“Mədəni sərvətlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində təşkil olunan sərgi Bakı VI Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində reallaşıb.
Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək sərgi haqqında ətraflı məlumat verib. Bildirib ki, sərgidə Şərqin böyük mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş əlyazmaların surətləri yer alır. Bu kitablar dünyanın müxtəlif aparıcı kitabxanalarından əldə olunaraq Milli Kitabxananın arsenalına daxil edilib. Sərgi ölkəmizdə VI dəfə təşkil edilən kitab sərgi-yarmarkası çərçivəsində açılıb. Bu gün kitab və kitabxana işinə ölkəmizdə lazımi səviyyədə dövlət tərəfindən diqqət göstərilir. Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq ənənə halını alıb.
Nazir vurğulayıb ki, İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur. Həmçinin dövlət başçısının daha bir Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Prezidentin İmadəddin Nəsiminin yubileyinin keçirilməsi haqqında Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı hazırlanıb. Görkəmli şairin 650 illik yubileyi öncəsi, ötən il ədəbi-mədəni mühitdə geniş rezonans doğuran əhəmiyyətli bir layihə - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq Nəsimi – şeir, sənət və mənəviyyat festivalı keçirilib. Bir gün sonra təşkil ediləcək növbəti eyniadlı festival yubiley ilinin ən yaddaqalan tədbirlərindən olacaq. Buna görə də “Nəsimi Əlyazmaları dünya kitabxanalarında” sərgisi Mədəniyyət Nazirliyinin ikinci dəfə keçiriləcək “Nəsimi - şeir, incəsənət və mənəviyyat” beynəlxalq festivalına hədiyyəsidir.
Nazir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ölkənin ən böyük kitabxanasına gəlişini Fond tərəfindən kitaba, mütaliəyə və oxu mədəniyyətinə göstərilən diqqətin göstəricisi kimi qiymətləndirib.
Milli Kitabxananın direktoru Kərim Tahirov kitabxana barədə məlumatların, üç dildə çap olunmuş, ana haqqında şeirlərin yer aldığı kitabları Leyla Əliyevaya təqdim edib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Həmçinin Leyla Əliyevanın iştirakı ilə Milli Kitabxanada beynəlxalq əməkdaşlıq zalının da açılışı olub.
Açılışda 13 ölkənin Azərbaycandakı diplomatik nümayəndələri və kitabxanaların rəhbərləri də iştirak ediblər. Məlumat verilib ki, bu zalda həmin ölkələrin ədəbiyyat guşələri və kitabxanaları ilə birbaşa internet əlaqəsi yaradaraq faydalanmaq mümkündür.
Qonaqlar Milli Kitabxananın oxu zalları ilə tanış olublar.