Moskvada “Azərbaycan gecəsi” adlı təntənəli mərasim keçirilib
17/05/2011

Mayın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın paytaxtı Moskvada Azərbaycanın müstəqilliyinin yenidən yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan gecəsi” adlı təntənəli mərasim keçirilib. Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutan və Dövlət Kreml Sarayında keçirilən mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Rusiyanın birinci xanımı Svetlana Medvedeva iştirak ediblər.

Dövlət Kreml Sarayında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Rusiyanın birinci xanımı Svetlana Medvedeva qarşıladı.

Burada Azərbaycanın və Rusiyanın birinci xanımları “Karl Faberje və daş oyma ustaları. Rusiyanın əlvan dəfinəsi” adlı sərgiyə baxdılar. Ekspozisiyada görkəmli rus zərgərı Karl Faberjenin şah əsərləri nümayiş etdirilir. Bütün dünyada tanınan zərgər Karl Faberje 1846-cı ildə Sankt-Peterburqda zərgər ailəsində dünyaya gəlib, Faberje Zərgərlik Evi rus çar ailəsi üçün özünəməxsus tərzdə zinət əşyalarının istehsalı sayəsində məşhurlaşıb.

Mehriban Əliyeva və Svetlana Medvedeva sərgidə Faberje ilə eyni dövrdə yaşamış və imperator sarayı üçün zinət əşyaları hazırlamış zərgərlərin, ural sənətkarlarının işləri də tanış oldular. Ekspozisiyada İmperator, Yekaterinburq, Peterqof və Kolıvan fabriklərində istehsal edilən əsərlər də nümayiş etdirilir.

Azərbaycanın birinci xanımı burada xatirə kitabına ürək sözlərini yazdı.

xxx

Dövlət Kreml Sarayında “Azərbaycan gecəsi” çərçivəsində Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən olan “Azərbaycan” nəşrinin rus dilindəki versiyasının təqdimatı oldu. Oxuculara odlar yurdu Azərbaycan haqqında müfəssəl məlumat vermək məqsədilə ərsəyə gətirilən nəşrdə toplanan 1000-dən çox şəkil xalqımızın qədim tarixini, ənənələrini, mədəniyyətini, etnoqrafik xüsusiyyətlərini əks etdirməklə yanaşı, ölkəmizin keçmişini və bu gününü, müasir simasını da təcəssüm etdirir. Bu kitab oxucuda ölkəmiz haqqında əyani təsəvvür yaratmaq, onu tanımaq və sevmək baxımından çox böyük əhəmiyyətə malikdir. Kitabda paytaxt Bakı ilə bərabər, bütün bölgələr barədə şəkillər və materiallar əksini tapıb. Ölkəmizin qədim tarixinin, memarlığının, mədəniyyətinin bütün tərəfləri ilə əks olunduğu “Azərbaycan” nəşri ilə tanışlıq respublikamız və paytaxt Bakı haqqında dolğun təəssürat yaratmaqla, onun mədəniyyətlər və sivilizasiyaların qovuşuğunda yerləşməsindən xəbər verir.

xxx

Bu gecəyə Azərbaycan xalçalarının sərgisi də xüsusi ovqat gətirdi. Coğrafi mövqeyinə, naxış, kompozisiyasına, rəng həlli və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətlərinin təmsil olunduğu bu sərgidə 80-dən çox xalça nümunələri nümayiş etdirilir. Sərgidə yer alan Qarabağ xalçaçılıq məktəbinin nümunələri Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha hamının diqqətinə çatdırır.

Bu gün Azərbaycanda xalçaçılıq məktəbi özünün inkişaf dövrünü yaşayır. Xalqımızın milli sərvəti olan bu sahənin inkişafı ilə bağlı ölkədə həyata keçirilən tədbirlər ilk növbədə bu qədim el sənətinin yaşadılmasına göstərilən diqqətdən irəli gəlir. Hazırda özünün yeni inkişaf mərhələsinə daxil olan xalçalarımız Azərbaycan mədəniyyətinin ən böyük hamisi olan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə daha da zənginləşir.

Azərbaycan xalçalarının Dövlət Kreml Sarayında nümayişi böyük maraqla qarşılandı. Xalqımızın milli kimliyinin, soydaşlarımızın arzu və istəklərinin əks olunduğu bu xalçalar hər bir azərbaycanlının qəlb döyüntüsünü Moskva auditoriyasına uğurla çatdırdı.

Sonra Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunan “Azərbaycan gecəsi” adlı təntənəli mərasim başladı. Mərasimi açan Rusiyanın tanınmış teleaparıcısı Vladimir Molçanov bu tədbirin əhəmiyyətini qeyd etdi. O, “Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalın möhtəşəm qələbəsi münasibətilə təbriklərini çatdırdı.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi. Tədbirə gələnləri salamlayan Mehriban Əliyeva Azərbaycan gecəsində iştirak etdiyinə görə Rusiya Prezidentinin xanımı Svetlana Medvedevaya xüsusi minnətdarlığını bildirdi. Azərbaycanın birinci xanımı “Eurovision-2011” mahnı yarışmasında ölkəmizi təmsil edən Eldar Qasımov və Nigar Camal cütlüyünə səs verənlərə təşəkkürünü çatdırdı. Vurğualdı ki, bu günlərdə Azərbaycanda hamı bu qələbə, gənclərimiz və ölkəmiz ilə fəxr edir. Heydər Əliyev Fondunun prezidenti müsabiqədə səsvermə zamanı Azərbaycana ilk 12 balı verən Rusiyaya təşəkkürünü bildirdi. Azərbaycan dövlətçiliyinin qədim tarixindən danışan Mehriban Əliyeva ölkəmizin həmişə Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirdiyini vurğuladı, Azərbaycanda həmişə bütün xaqların sülh şəraitində yaşadıqlarını xatırlatdı.

Mehriban Əliyeva Azərbaycanın müsəlman Şərqində ilk parlament respublikası olduğunu, burada ilk opera və baletin yarandığını bildirdi, qazanılan uğurları qeyd etdi. Sovet dövründə neft sahəsinin inkişafı, faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycanın rolu barədə danışan Mehriban Əliyeva dedi ki, biz ölkəmizin əldə etdiyi nailiyyətlərlə fəxr edirik.

Azərbaycanın birinci xanımı Azərbaycan-Rusiya əlaqələrinə toxundu, bu gün ölkəmizdə orta və ali təhsilin ana dili ilə yanaşı, rus dilində də tədris olunduğunu, Bakı Slavyan Universitetinin, Lomonosov adına Moskva Dövlət Universitetinin filialının, Rus Dram Teatrının fəaliyyət göstərdiyini bildirdi.

Azərbaycanın birinci xanımı ötən il Bakıda Azərbaycan-Rusiya humanitar forumunun keçirildiyini, bu il Rusiya ilə birgə beynəlxalq humanitar forumun təşkil olunacağını diqqətə çatdırdı.

 “Mədəni müxtəliflik qədim mədəniyyət və tarixə malik Azərbaycan xalqı üçün ənənəvidir”, - deyən Mehriban Əliyeva müstəqil dövlət kimi ölkəmizin 20 il mövcud olduğunu və bu qısa vaxtda böyük uğurların qazanıldığını vurğuladı. Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər haqqında danışan Heydər Əliyev Fondunun prezidenti ölkəmizin irimiqyaslı layihələr həyata keçirdiyini, dövlət siyasətinin sosialyönümlü olduğunu, 900 min yeni iş yerinin yaradıldığını, yoxsulluğun səviyyəsinin azaldıldığını, ölkədə yeni təhsil və səhiyyə ocaqlarının inşa edildiyini, parkların, teatrların yaradıldığını və yenidən qurulduğunu diqqətə çatdırdı. Bildirdi ki, yalnız bu il Bakıda beşulduzlu altı otelin açılması planlaşdırılır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Azərbaycanın birinci xanımı vurğuladı ki, ölkəmiz bu məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağına və ərazi bütövlüyümüzün bərpa ediləcəyinə ümid edir. “Bu gün bizim vizit kartımız – zəngin mədəni irsimizdir”, - deyən Mehriban Əliyeva hamını Azərbaycana dəvət etdi. “Sizi görmək biz azərbaycanlılara həmişə xoş olacaq”.

 xxx

Daha sonra tədbirdə ölkəmizin incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etdilər.

xxx

Konsertdən sonra Azərbaycanın və Rusiyanın birinci xanımları arasında görüş oldu.

xxx

Təntənəli gecədən sonra qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olundu.