Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulan “Azərbaycan” pavilyonunun açılış mərasimi olub

Video

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulan “Azərbaycan” pavilyonunun açılış mərasimi olub

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulan “Azərbaycan” pavilyonunun açılış mərasimi olub
23/11/2019

Noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi olub.

Mərasimdə Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər.

Bu il əlamətdar yubileyini - 80 illiyini qeyd edən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi hazırda yenə də izləyiciləri müxtəlif ölkələrin pavilyonları, özünəməxsus eksponatlar ilə heyrətə gətirir. Dünyanın 50 nəhəng sərgi mərkəzi sırasına daxil olan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi ildə 30 milyon izləyici qəbul edir. Bu gündən isə Azərbaycanın da Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində öz evi var. Heydər Əliyev Fondunun dəstəyi ilə buradakı “Azərbaycan” pavilyonu əsaslı bərpa olunub.

Nadir sərgi şəhərciyi hesab olunan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incilərindən sayılan “Azərbaycan” pavilyonu 1939-cu ildə tikilib. Milli pavilyonumuzda bərpa işləri onun binasının tarixi görünüşü, memarlıq-etnik özünəməxsusluğu saxlanılmaqla həyata keçirilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonu Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin direktoru Sergey Şaqurov qarşıladı.

Birinci vitse-prezident Mehriban Əliyeva, Federasiya Şurasının sədri Valentina Matviyenko və Moskva şəhəri merinin müavini Natalya Serqunina “Azərbaycan” pavilyonunun rəmzi açılışını bildirən lenti kəsdilər.

Sonra pavilyonun yenidənqurmadan əvvəlki və təmir işləri aparılan zaman görüntüləri əks etdirən stendlə tanışlıq oldu.

Hazırda nadir memarlıq siması bərpa olunan milli pavilyon, həmçinin yeni məzmunla izləyicilərini qarşılayır. Burada yeddi zalda xalqımızın qədim tarixini, mədəniyyətini, ənənələrini əks etdirən eksponatlarla yanaşı, müstəqil Azərbaycanın tarixi, ölkəmizin iqtisadi-siyasi, humanitar sahələrdəki nailiyyətləri, turizm potensialı barədə məlumatlar əldə etmək mümkündür.

Bərpa zamanı ornamentlərlə bağlı iş onların əvvəlki qatlarının təmizlənməsi ilə başladı və ilkin hesab edilən rəng çoxsaylı qatların altından üzə çıxarıldı. Bir illik gərgin iş nəticəsində mərmər döşəmələr, sütunlar, divar və tavandakı naxışlar, kitabxana və oranjereya tamamilə bərpa olundu. İzləyiciləri sürprizlər də gözləyir. Belə ki, tapıntılardan biri bərpa işləri ilə məşğul olanları da təəccübləndirdi. Metal konstruksiyaların bərpası zamanı torpağa basdırılmış fəvvarə aşkar edildi. Onu çıxarıb bərpa etdilər və hazırda həmin fəvvarə Azərbaycan pavilyonunda qoyulub.

Daimi ekspozisiya zalında milli musiqi, xalçaçılıq, sənətkarlıq nümunələri sərgilənir. Həmçinin pavilyonda Azərbaycanın məşhur rəssamlarının əsərləri təqdim edilir. Pavilyonun ekspozisiya zalında, eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsində vacib rol oynamış ölkə ziyalıları barədə məlumatlar təqdim olunur. Burada ayrı-ayrı zallarda müxtəlif mövzularda mühazirə və konfransların keçirilməsi, musiqi proqramlarının, eləcə də turizm zonasında Azərbaycanın turizm imkanları barədə məlumatların təqdimatı nəzərdə tutulur.

“Ticarət evi” zonasında isə Azərbaycan istehsalı olan məhsullar təqdim edilir. Burada “Aznar”, “Aspi Aqro” MMC, “Azersun Holding”, “Şirvan Şərabları”, “Gazelli Qrup”, “Gilan” MMC, “İsmayıllı Şərab-2”, “Balxurma” MMC, “Marandi” MMC, “Kənddən şəhərə” brendi, “Xurcun”, “Viva” və digər yerli istehsalçıların məhsulları ilə tanış olmaq, eyni zamanda, milli suvenirlər əldə etmək mümkündür.

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi “Ostankino” parkı ilə birləşdirildikdən sonra onun ümumi ərazisi 325 hektardan çoxdur. Burada memarlığın bir sıra şah əsərləri yer alıb, 49 obyekt, o cümlədən “Azərbaycan” pavilyonu mədəni irs nümunəsi kimi tanınıb.

Kitabxana və oxu zalında müxtəlif kitablar, o cümlədən Heydər Əliyev Fondunun nəşrləri ilə tanış olmaq mümkündür.

Pavilyonun açılışı ərəfəsində Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan” pavilyonunun tarixini əks etdirən kitab nəşr olunub. Kitabda müxtəlif materiallar, arxiv fotoları əsasında “Azərbaycan” pavilyonunun tarixi, burada aparılan kompleks bərpa işlərinin xronikası təqdim edilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Birinci vitse-prezident Mehriban Əliyevanın
çıxışı

-Əziz dostlar, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” milli pavilyonunun açılışında sizi ürəkdən salamlayıram. Sizin hamınızı yaxın vaxtlarda 80 yaşı tamam olmuş bu əfsanəvi sərgi məkanının yubileyi münasibətilə təbrik etmək istəyirəm.

İlk növbədə, hörmətli Valentina İvanovnaya bizim milli pavilyonun açılışında iştirak etdiyinə, ölkəmizə səmimi, mehriban münasibətinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bugünkü tədbirdə iştirak edən rusiyalı qonaqlarımızın hamısını salamlamağa şadam. Öz həmvətənlərimizi də görməyə şadam.

Bu gün Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi nadir sərgi şəhəridir. O, dünyanın 50 ən iri sərgi mərkəzi sırasına daxildir. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə hər il 30 milyona yaxın qonaq gəlir. Əlbəttə, bu gün mən qürur hissi keçirirəm ki, Moskvanın bu tarixi memarlıq mərkəzində bərpadan sonra “Azərbaycan” milli pavilyonu açılır.

Pavilyon öz qapılarını bütün qonaqların üzünə açır. Bizim ölkəmizə milli pavilyonun bərpasında iştirak etmək imkanına görə Rusiya Federasiyasının rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə, Moskva şəhərinin hökumətinə, Moskvanın meri cənab Sobyaninə təşəkkürümü bildirmək istəyirəm.

“Azərbaycan” pavilyonu 1939-cu ildə məşhur Azərbaycan memarları Sadıq Dadaşov və Mikayıl Useynovun layihəsi üzrə yaradılıb. Sonrakı illərdə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisindəki bir çox başqa pavilyonlar kimi bu pavilyon da çoxsaylı dəyişikliklərə məruz qalıb, yenidən qurulub. Məsələn, 1966-cı ildə bu nadir memarlıq binasının fasadı bütöv metal qutu ilə örtülüb, bu isə heç şübhəsiz, onun simasını tamamilə dəyişib. Bir sözlə, sonrakı illərdə pavilyon özünün memarlıq, funksional və milli identikliyini itirib. 2014-cü ildə Moskva şəhəri hökumətinin təşəbbüsü ilə keçmiş müttəfiq respublikalara öz milli pavilyonlarının bərpasında iştirak etmək təklif olunanda Azərbaycan bu xəbəri böyük coşqu ilə qəbul etdi və hazırlıq işlərindən sonra 2017-ci ildə bərpa işləri başlandı. Pavilyonda bərpa işləri Azərbaycan dövlətinin dəstəyi və Heydər Əliyev Fondunun rəhbərliyi ilə aparılıb. Bu binanın ilkin memarlıq-etnik simasını qaytarmaq məqsədi qarşıya qoyulmuşdu. Çox gərgin iş aparıldı, Azərbaycandan və Rusiyadan ən yaxşı mütəxəssislər, memarlar, rəssamlar, bərpaçılar, mədəniyyət tarixçiləri dəvət edildi. Bu gün nəticəni görürük. Bu binanın tamamilə bərpa olunmuş autentikliyini görürük. Şübhəsiz, bu cür gözəl nəticə komanda şəklində işin yekunudur. Bu gün mən bizim milli pavilyonun bərpası üçün səy göstərənlərin hamısına təşəkkürümü bildirmək istəyirəm.

“Azərbaycan” pavilyonunun zahiri simasının bərpa olunması ilə bərabər, o, həm də yeni məzmun kəsb edib. Burada bizim pavilyonun qonaqları xalqımızın zəngin çoxəsrlik tarixi, mədəniyyəti, ənənələri ilə tanış ola, eyni zamanda, müasir müstəqil Azərbaycan haqqında, onun ictimai-siyasi, iqtisadi, humanitar sahələrdə uğurları barədə informasiya əldə edə bilərlər. Əlbəttə, şübhə etmirəm ki, gələcəkdə bu məkanda təşkil ediləcək tədbirlər, görüşlər, sərgilər Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacaq.

Rusiya ilə Azərbaycan arasında münasibətlər qədim və möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır. Bu gün biz öz münasibətlərimizi strateji tərəfdaşlıq adlandırırıq. Fürsətdən istifadə edib, məni Rusiyaya rəsmi səfərə dəvət etdiyinə və məni “Dostluq” ordeni ilə təltif etdiyinə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə təşəkkürümü bildirmək istəyirəm. Bu ordeni almaq mənim üçün böyük şərəfdir və mən bu mükafatı Rusiya-Azərbaycan dostluq münasibətlərinin daha bir təsdiqi kimi qəbul edirəm.

Bu gün ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur. Dövlət başçıları səviyyəsində müntəzəm görüşlər bunu təsdiq edir. Azərbaycanın və Rusiya Federasiyasının prezidentləri arasında etimada əsaslanan dostluq münasibətləri demək olar ki, bütün sahələrdə bizim ikitərəfli əlaqələrin dinamik və intensiv inkişafını təyin edir. Bizim uğurlu iqtisadi əməkdaşlığımız öz bəhrələrini verir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə isə birinci yeri tutur. Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi davamlı şəkildə artır. Keçən il bu göstərici 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər olub, cari ilin 9 ayı ərzində isə 26 faiz artım müşahidə olunur. Sevindirici haldır ki, qarşılıqlı investisiyaların həcmi artır. Rusiya Azərbaycana sərmayə yatırır. Azərbaycanda Rusiya investisiyalarının həcmi 4,9 milyard, o cümlədən qeyri-neft sektoruna sərmayə yatırımının həcmi 1 milyard dollardır. Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyaları 1,2 milyard dollar təşkil edir.

Rusiyadan Azərbaycana səfər edən turistlərin sayı durmadan artır. Keçən il 900 min rusiyalı bizim ölkəmizə səfər edib, cari ildə bu göstəricilərin artacağını gözləyirik.

Bizim ikitərəfli əlaqələrimizdə regionlararası əməkdaşlıq mühüm yer tutur. Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə həm iqtisadi, həm də humanitar sahədə əlaqələr qurub. Bu gün mənim səfərim çərçivəsində hörmətli Valentina İvanovna ilə birlikdə X yubiley Regionlararası Forumun açılışında iştirak edəcəyik.

Ölkələrimizi bir-birinə bağlayan humanitar əlaqələri xüsusi vurğulamaq istəyirəm. Bildiyiniz kimi, Azərbaycanda Rusiya mədəniyyətinə, rus dilinə dərin hörmətlə yanaşırlar. Ölkəmizdə rus dilinin öyrənilməsi tam həcmdə qorunub saxlanılıb. 338 məktəbdə tədris rus dilində aparılır, Azərbaycanın 14 dövlət ali məktəbində rusdilli bölmə var, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi üzrə pilot layihəsi həyata keçirilir. Ali təhsil səviyyəsində də uğurlu əməkdaşlıq edirik. Bizim paytaxtımızda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə icrasına başlanıb. Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bizim tələbələrin Rusiyada təhsil almasının dəstəklənməsinə görə Rusiya hökumətinə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycanda çoxminli rus icması ölkəmizin ümumi inkişafına layiqli töhfə verir. Bir sözlə, humanitar sahədə münasibətlərimizin nümunəvi olduğunu desəm, zənnimcə, yanılmaram.

Əziz dostlar, sizi bu əlamətdar hadisə, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisində “Azərbaycan” pavilyonunun açılışı münasibətilə bir daha təbrik edirəm. Əminəm ki, istər iqtisadi, istərsə də humanitar sahədə Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsi üçün mövcud potensial gələcəkdə xalqlarımızın rifahı naminə uğurla reallaşdırılacaq. Diqqətinizə görə sağ olun. Sizə möhkəm cansağlığı və uğurlar arzu edirəm. Sağ olun. 

XXX

Sonra Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış etdi.

Federasiya Şurasının sədri Valentina Matviyenkonun
çıxışı

-Çox hörmətli Mehriban Arif qızı.

Hörmətli xanımlar və cənablar, əziz dostlar.

Biz bu gün belə təntənəli şəraitdə əlamətdar bir hadisə münasibətilə toplaşmışıq. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incilərindən biri əsaslı bərpadan sonra yenidən öz qapılarını moskvalılara və paytaxtımızın qonaqlarına açır. “Azərbaycan” pavilyonu Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin yaşıdıdır və hörmətli Mehriban Arif qızının artıq dediyi kimi, düz 80 il əvvəl açılıb. O, görkəmli Azərbaycan arxitektorları tərəfindən tikilib və deyərdim ki, həmin vaxt da, bu gün də memarlıq incisidir.

Əlamətdar haldır ki, pavilyonun açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Arif qızı Əliyeva iştirak edir. Bu, bugünkü hadisəyə xüsusi əhəmiyyət qazandırır. Mən çox şadam ki, Mehriban Arif qızı, dünən Rusiya Federasiyasının Prezidenti Sizə “Dostluq” ordeni təqdim edib. Bu, Sizin şəxsən Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə və bir çox başqa məsələlərə, mədəniyyətin inkişafına, humanitar layihələrə Sizin töhfənizin qiymətləndirilməsidir. Həmkarlar, gəlin Mehriban Arif qızı Əliyevanı yüksək dövlət mükafatı münasibətilə bir daha təbrik edək.

Biz bilirik ki, Prezident İlham Əliyev və Siz ölkələrimiz arasında dostluğun möhkəmlənməsi, o cümlədən mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün çox işlər görürsünüz. Biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycan arxitektorlarının düşündüyü kimi, “Azərbaycan” pavilyonu ziyarətçilərə köhnə Bakının küçələrini xatırladacaq, onları sanki günəşli Azərbaycan torpağına aparacaqdı. Pavilyonun bəzədilməsində nadir ornament kompozisiyalarından, şəbəkə freskalarından, Azərbaycan ustalarının mismardan istifadə etmədən kiçik qoz ağacı detallarından yığdıqları şəbəkələrdən istifadə olunmuşdu. Burada milli ənənələr, milli mətbəx yer almışdı, amma zaman keçir, zövqlər dəyişirdi. 1960-cı illərdə pavilyon yenidən quruldu. Təəssüf ki, nadir dəyərə malik olanların bir çoxu məhv edildi.

Beş il əvvəl “Azərbaycan” pavilyonunun onun əvvəlki tarixi görkəmində bərpa edilməsi haqqında razılıq əldə olundu. 2016-cı ildə “Azərbaycan” pavilyonu Azərbaycan tərəfinə təhvil verildi. Ötən müddətdə Azərbaycanın və Rusiyanın nadir ustaları tərəfindən belə incə, dəqiq, gözəl işlər görülüb. Bu gün bizim qarşımızda bərpa olunmuş belə gözəl pavilyon var. İstərdim ki, hər şeydən əvvəl, pavilyonun yenidən qurulmasına öz əməyini sərf etmiş bərpaçılara, ustalara təşəkkürümü ifadə edim. Bütün bərpa işləri hörmətli Mehriban Arif qızının başçılıq etdiyi Heydər Əliyev Fondunun rəhbərliyi ilə aparılıb. Göstərdiyiniz dəstəyə və burada yerinə yetirilmiş nadir işlərə görə Sizə və Fonda “Çox sağ olun!” deyirəm. Yeri gəlmişkən, demək istəyirəm ki, Rusiyada Heydər Əliyevi dəyişməz olaraq hər zaman böyük səmimiyyət və böyük ehtiramla xatırlayırlar.

Bərpa işlərinin gedişinə böyük diqqət yetirən, zəruri təşkilati yardım göstərən Moskva meri Sergey Semyonoviç Sobyaninə də minnətdarlığımı çatdırmaq istəyirəm. Vitse-mer Natalya Alekseyevna Serqunina burada iştirak edir, zəhmət olmasa, Sergey Semyonoviçə böyük minnətdarlığımı çatdırın. Həmçinin Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri, artıq Rusiya ilə Azərbaycan arasında dostluğun bir növ rəmzinə çevrilmiş və bərpa işlərinin gedişinə də böyük diqqət yetirən Polad Bülbüloğluna da təşəkkür etmək istəyirəm.

Hesab edirəm ki, bugünkü pavilyonun açılışı böyük hadisədir. Bu, ölkələrimiz arasında dostluğun əlaməti və rəmzidir. Əminəm ki, bu pavilyon Azərbaycanın Moskvadakı qeyri-formal mədəniyyət nümayəndəliyi statusunu daşıyacaq. Bilirəm ki, pavilyonun rəhbərliyinin müxtəlif sərgilərin, konfransların, digər tədbirlərin keçirilməsi üzrə böyük planları var. Beləliklə, Moskva sakinləri də, paytaxtın çoxsaylı qonaqları da bu məkanda həm Azərbaycan xalqının qədim mədəniyyəti və ənənələri, tarixi və əlbəttə, həm də Azərbaycanın müasir uğurları ilə tanış ola biləcəklər. Biz sizin əsl dostlarınız kimi, ölkənin necə dəyişməsi, ölkədə iqtisadi və sosial inkişaf, vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində görülən böyük işlərə görə çox şadıq və bunlarla fəxr edirik. Bakı çox gözəlləşib, hər dəfə səfər edəndə valeh olursan, həmişə yeni nə isə görürsən. Ona görə də təəccüblü deyil ki, Rusiyadan turistlərin sayı bu cür templərlə artır. Bakı da, çox gözəl ölkə olan Azərbaycan da olduqca qonaqpərvər və xoşniyyətlidir. Əminəm ki, bizim turistlərin sayı gələcəkdə də artacaq. Biz isə Azərbaycandan Rusiyaya gələn turistlərin sayının artmasında maraqlıyıq. Həmçinin bunun üçün də şərait yaradacağıq.

Mən hamını bu əlamətdar hadisə münasibətilə təbrik etmək istəyirəm. Düşünürəm ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışı 2020-ci ilə planlaşdırılan Azərbaycan Mədəniyyəti Günlərinin ərəfəsidir. Bu yaxınlardakı səfərim zamanı Azərbaycanda Rusiya Federasiyası Mədəniyyət Günlərinin açılışını etmək mənim üçün böyük şərəf idi. Bizim təşkil etdiyimiz mədəniyyət tədbirlərinə necə böyük marağın olduğunu bilirəm.

Hörmətli Mehriban Arif qızı, biz Azərbaycanın mədəniyyət təmsilçilərini də bu cür səbirsizliklə Rusiyada gözləyirik. Biz Azərbaycanı sevirik. Biz Azərbaycan mədəniyyətini sevirik. Əminəm ki, Mədəniyyət Günləri böyük uğurla keçəcək.

Bir daha hamını bu əlamətdar hadisə münasibətilə təbrik etmək istəyirəm. Hörmətli Mehriban Arif qızı, Rusiyanın ünvanına söylədiyiniz sözlərə və əməkdaşlığımızın gələcək inkişafı üçün göstərdiyiniz səylərə görə Sizə “Çox sağ olun!” deyirəm. Sağ olun.

XXX

Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışını tarixi hadisə adlandırdı. Səfir bildirdi ki, vaxtilə bu pavilyonda Azərbaycanın layiqincə təmsil olunması üçün bütün işlər görülmüşdü və bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə pavilyonumuz yenidən öz fəaliyyətini bərpa edir.

Qeyd edək ki, bu layihə mədəniyyətlərarası və millətlərarası dialoq, xalqların bir-birinə yaxınlaşması baxımından böyük rol oynayır.