Leyla Əliyeva “Tərəqqi” medalı ilə təltif olunub
05/07/2011

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə təltif olunmuş bir qrup ictimai xadimə iyulun 5-də Heydər Əliyev Sarayında, Dünya azərbaycanlılarının III qurultayında fasilə zamanı “Dostluq” ordenini və “Tərəqqi” medalını təqdim edib.

Dövlətimizin başçısı Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömürə, Azərbaycan Universitetinin fəxri doktoru Ertan Demirtaşa, “Azİs” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti İоsif Şaqala, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Fondunun sədri Mehmet Akkan Suverə, Şimali Kipr Yaxın Doğu Universitetinin qurucu rektoru Suat Günselə, Rusiya Elmlər Akademiyasının akademiki Vladimir Kolesnikova “Dostluq” ordenini, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya isə “Tərəqqi” medalını təqdim edib.

Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyeva bu mükafata xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə layiq görülüb.