Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Sentyabrın 12-də Həştərxanda Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva qurumun Həştərxan bölməsinin üzvləri ilə görüşüb.
Əvvəlcə Leyla Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı təmir edilmiş məktəb binası ilə tanış olub. Yenidənqurma işləri zamanı burada iki yeni korpus tikilib, məktəb yeni mebellərlə, ən müasir avadanlıqla təchiz edilib.
Məktəbdə yaradılmış şəraitlə tanış olan Leyla Əliyevaya məlumat verilib ki, burada 650 şagird təhsil alır. Bu şagirdlərin 32-si azərbaycanlıdır. Məktəbdə 20 sinif otağı var. Burada 42 müəllim işləyir.
Leyla Əliyeva RAGT-nin Həştərxan bölməsinin ən fəal regional bölmələrdən olduğunu bildirib. O, RAGT-nin Həştərxanda çoxlu layihə, o cümlədən təhsil sahəsində layihələr həyata keçirdiyinin söyləyib: “RAGT, demək olar, beş ildir mövcuddur. Məqsədimiz Rusiyada yaşayan azərbaycanlı gəncləri bir araya gətirməkdir. Bu gün RAGT- nin 60-dan çox regional bölməsi var”.
RAGT- nin regional bölmələrinin Azərbaycanın milli bayramlarını qeyd etdiklərini, ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki ədalətli mövqeyini təbliğ etdiklərini, Azərbaycan həqiqətlərini dünyaya yaydıqlarını bildirən Leyla Əliyeva fikrini belə davam etdirib: “Biz inanırıq ki, münaqişə tezliklə öz ədalətli həllini tapacaq, bütün qaçqınlar və məcburi köçkünlər öz torpaqlarına qayıdacaq”.
RAGT sədri Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda IDEA adlı beynəlxalq kampaniyanın başlandığını, ötən dövrdə bu kampaniya çərçivəsində bir çox layihənin həyata keçirildiyini, təxminən 60 min ağac əkildiyini, konfranslar, seminarlar keçirildiyini xatırladıb: “Mən sizi bu hərəkata fəal qoşulmağa və öz təkliflərinizi bölüşməyə dəvət edirəm”.
Təşkilatın Həştərxan regional bölməsinin sədri Elvin Hüseynov bu görüşə görə vilayətin azərbaycanlı gəncləri adından Leyla Əliyevaya minnətdarlığını bildirərək deyib ki, RAGT- nin Həştərxan vilayətindəki bölməsi öz sıralarında regionun ictimai-siyasi həyatında fəal iştirak edən 350-dən çox gənci birləşdirir. E.Hüseynov Həştərxan Vilayət Administrasiyasının 2010-2011-ci illərin yekunlarına görə şəhərin gənclər təşkilatları arasında ən yüksək qiyməti məhz RAGT-nin regional bölməsinə verdiyini nəzərə çatdırıb.
Sonda Leyla Əliyeva tədbir iştirakçılarının və RAGT-nin üzvlərinin suallarını cavablandırıb, onlarla xatirə şəkli çəkdirib.