Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Sərginin açılışında BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Cenevrədə akkreditə olunmuş diplomatik korpusun və ictimai təşkilatların nümayəndələri, soydaşlarımız iştirak ediblər.
BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya açılış nitqində bildirib ki, iyun ayı ənənəvi olaraq BMT-nin okeanlar və su hövzələrinin qorunmasına həsr olunmuş konfrans və digər tədbirlərin keçirildiyi dövrdür. Həmin ərəfədə okeanlara və dənizlərdəki ekoloji vəziyyətə incəsənətin dili ilə diqqət yönəldən sərginin təşkili xüsusi əhəmiyyət daşıyır. Dünyanın 70 faizindən çox ərazisini tutan su ehtiyatları, dəniz və okeanların ekoloji sistemi getdikcə daha çox mənfi təsirlərə məruz qalır.
O, Leyla Əliyevaya və sərgidə öz əsərləri ilə iştirak edən rəssamlara, eləcə də sərginin kuratorlarına bu cür mühüm mövzunu incəsənət vasitəsilə ictimailəşdirdiklərinə görə minnətdarlıq edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva çıxışında qonaqları “Mənim dənizlərim, mənim okeanlarım” sərgisində salamlamaqdan məmnunluğunu ifadə edib. O bildirib ki, bu sərgi incəsənət vasitəsilə diqqəti bəzi qlobal məsələlərə yönəltmək üçün fürsətdir. Çünki bədii yaradıcılıq insanların qəlbinə toxunmaq və ona səslənmək üçün ən yaxşı yollardan biridir: “IDEA-da biz ətraf mühitin qorunmasının vacibliyi mesajını çatdırmaq üçün həmişə incəsənət və bədii yaradıcılıqdan bəhrələnirik. Təşkilatımız 2011-ci ildə təbiətimizi və biomüxtəlifliyimizi qorumaq missiyası ilə yaradılmışdır. Biz insanları təhsilə, incəsənətə, musiqiyə, maarifləndirməyə və ən əsası təbiətdə daha çox zaman keçirməyə təşviq etmək istəyirik”.
Qeyd edilib ki, IDEA, həmçinin çirklənmə ilə mübarizəyə, heyvanların və dənizlərdə həssas ekosistemin qorunmasına diqqət yetirir. Çünki su bəşəriyyətin varlığı üçün vacibdir, su həyatdır. Son 50 ildə dəniz canlılarının 50 faizinin məhv olduğunu etiraf etmək çox çətindir. Bəşəriyyət çaylara, dənizlərə və okeanlara ciddi zərbə vurub: “Mən deyərdim ki, insanlar və təbiət bir-biri ilə sıx bağlıdır. Təbiəti incitsək, bununla biz, ilk növbədə, özümüzə zərər vermiş olarıq. Lakin mən həqiqətən inanıram ki, yoxa çıxan parçaları müsbət düşüncə ilə geri qaytara bilərik. Düşünürəm ki, insanlar nə qədər xoşbəxt olsalar, təbiətə daha çox qayğı göstərərlər. Bizi, ilk növbədə, xoşbəxt edən elə təbiətin özüdür”, - deyə Leyla Əliyeva bildirib.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri sərginin təşkilində iştirak edən tərəfdaşlara, kuratorlara və əsərləri sərgilənən rəssamlara minnətdarlığını bildirib.
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa Ofisinin direktoru Bruno Pozzi uzun illərdən bəri IDEA-nın tərəfdaşı qismində təmsil etdiyi təşkilat adından bu sərgiyə qatılmasından məmnunluğunu ifadə edib. Qeyd olunub ki, sərgi diqqəti dünyada hamını məşğul etməli olan problemə yönəldir. Su mavi planetimizdə ən vacib resurs və həyat mənbəyidir. Planetimiz su olmadan mövcud ola bilməyəcəyinə görə, suyun, su hövzələrinin və oradakı canlı aləmin qorunmasına yönəlmiş təşəbbüslər bütün mümkün imkanlar vasitəsilə dəstəklənməlidir. İqlim dəyişikliklərinin baş verdiyi müasir dövrdə qlobal çağırışlar sırasında yer alan su resurslarının mühafizəsi prioritet təşkil etməlidir.
Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Qalib İsrafilov sərginin təşkilinə görə BMT-nin Cenevrə bölməsinə və IDEA İctimai Birliyinə minnətdarlığını bildirib. O vurğulayıb ki, bu sərgi Azərbaycanın gənc incəsənət xadimlərinin dünyanı düşündürən qlobal çağırışa sənət vasitəsilə bədii ifadələrini əks etdirir.
Çıxışlardan sonra Cenevrədə fəaliyyət göstərən “İrs” uşaq rəqs ansamblı Azərbaycan xalq mahnılarından ibarət bədii proqramla çıxış edib. Sonra sərgiyə ictimai baxış olub.
Qeyd edək ki, Cenevrədəki Millətlər Sarayında (Palace of Nations) iyunun 30-dək davam edəcək sərgidə Azərbaycanın doqquz müasir rəssamının əsərləri təqdim olunur. Gələcək nəsillər üçün su ehtiyatlarının qorunmasının vacibliyi ekspozisiyadakı əsərlər vasitəsilə vurğulanır, eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağın ən yaxşı yolunun yaradıcılıqdan keçdiyi xatırladılır.
Gələcək nəsillərə daha yaxşı planet əmanət etdiyimizə əmin olmaq üçün hökumətlərin, özəl sektorun və vətəndaş cəmiyyətinin tərəfdaşlığı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində böyük əhəmiyyət kəsb edir.
Ətraf mühitin mühafizəsində və dayanıqlı inkişafın təmin edilməsində dünyanın üzləşdiyi problemlərin vacibliyini çatdırmaq üçün şübhəsiz ki, incəsənət ən təsirli vasitələrdən biridir. Bu cür çağırışlar arasında iqlim dəyişikliyi, çirklənmə, həddindən artıq balıq ovu və nəslinin kəsilməsi kimi məsələlər daxil olmaqla, ekoloji maarifləndirmə imkanlarının təşviq edilməsi var.
Cavid İlham, Diana Əliyeva, Elşən Karaca, Erkin Ələkbərli, Günel Ravilova, Leyla Əliyeva, Mirəli Seyidov, Nəzrin Xələfova və Nəzrin Məmmədova sərgidə öz əsərlərindəki mesajları bu kimi problemlərə yönəltməklə, insanların mövzu barədə daha geniş təsəvvürə malik olmalarını təmin edir və ekoloji fəaliyyət üçün ictimai dəstək toplayır, bununla da qlobal məqsədlərə töhfə verilir.
x x x
İsveçrənin Cenevrə şəhərində səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iyunun 14-də BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.
T.Valovaya BMT-nin Cenevrə bölməsində Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin təşkilinə görə məmnunluğunu ifadə edib. O bildirib ki, sərginin BMT-nin okeanlara və su hövzələrinə dair sammitinin keçiriləcəyi iyun ayına təsadüf etməsi bu qlobal mövzunun incəsənət vasitəsilə təbliğinə töhfə verəcək. T.Valovaya sərgidə təqdim olunan əsərlərin mahiyyətinin vacibliyi, xüsusilə su mövzusunun aktuallığı və qlobal səviyyədə əhəmiyyətini vurğulayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva sərginin təşkilinə göstərdiyi şəxsi diqqətə və onun açılışında iştiraka görə T.Valovayaya minnətdarlığını ifadə edib.
Görüşdə BMT ilə Heydər Əliyev Fondu və IDEA arasında əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyəti vurğulanıb və yaxın gələcəkdə təmasların artırılmasının vacibliyi qeyd edilib. Həmçinin Dayanıqlı İnkişaf Məqsədləri, gənclər, gender bərabərliyi, ətraf mühitin mühafizəsi və digər məsələlərlə bağlı layihələrə, eləcə də BMT-nin Cenevrə bölməsində müxtəlif səpkili tədbirlərə IDEA-nın əməkdaş və ekspertləri ilə qatılması barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, qadınların hüquqlarının qorunması və onların cəmiyyətdə rolunun gücləndirilməsi kimi mühüm mövzunun aktuallığı nəzərə alınaraq, bu sahədə əməkdaşlıq barədə söhbət aparılıb.
Söhbət zamanı T.Valovayanın Azərbaycana baş tutacaq səfərinə və Bakıda keçirəcəyi görüşlərə də toxunulub.
x x x
Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Cenevrə bölməsinin iqamətgahında yerləşən “Azərbaycan otağı”nın rekonstruksiyası ilə bağlı təqdimatla tanış olub.
Bildirilib ki, BMT-nin Cenevrə bölməsində 20-dən artıq ölkəyə həsr olunmuş otaq və zallar mövcuddur. 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmuş və milli xalçalarla, Azərbaycan rəssamlarının və tətbiqi sənət ustalarının əsərləri ilə bəzədilmiş “Azərbaycan otağı” mühüm iclasların və regional mövzularda toplantıların keçirilməsi üçün istifadə edilir. Otağın müasir texnoloji standartlara cavab verməsini təmin etmək üçün yeni layihəyə start verilib. Almaniyanın “Luther Design“ şirkəti otağın yerləşdiyi tarixi binanın konsepsiyasını qorumaqla, Azərbaycan mədəniyyəti, incəsənəti, sənətkarlıq və milli musiqisinin təqdim olunduğu layihə ilə çıxış edib.
“Azərbaycan otağı”nın rekonstruksiya işlərinə bu ilin sonunda start veriləcək.
x x x
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Cenevrə bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan “Düşüncələr və arzular” adlı heykəltaraşlıq abidəsini ziyarət edib.
Məlumat verilib ki, 1929-1938-ci illərdə inşa olunmuş Millətlər Sarayı dünyanın ən böyük ictimai binalarından biridir və onun yerləşdiyi 46 hektar sahəyə malik Ariana parkı Cenevrənin ən böyük parkları sırasındadır. Millətlər Sarayının binasında və Ariana parkında 2000-dən çox incəsənət, rəsm və heykəltaraşlıq əsəri nümayiş olunur. Bu zəngin kolleksiya BMT-nin əsas dəyərləri olan sülh, bərabərlik, inkişaf, tərəqqi, azadlıq, insan hüquqları, ətraf mühit kimi mövzuları əhatə edir.
Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 25-ci ildönümü münasibətilə hədiyyə edilmiş abidənin müəllifləri Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevdir.
x x x
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Cenevrə bölməsinin kitabxanasına Azərbaycan haqqında kitablar hədiyyə edib.
Kitabxananın müdiri Françesko Pisano kitabxananın fondunu zənginləşdirən nəşrlərə görə minnətdarlıq edib və kitabxananın tarixi barədə məlumat verib.
Bildirilib ki, kitabxananın fondunda bir çox mühüm sənədlər, eləcə Paris sülh konfransına aid arxiv sənədləri saxlanılır. Həmin arxiv Azərbaycan üçün misilsiz əhəmiyyətə malikdir. Çünki burada Azərbaycan Xalq Cümhuriyyətinə aid bir çox tarixi sənədlərin əslləri qorunur. Bu sənədlər sırasında Paris sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin hazırladığı məktub və müraciətlər, xəritə və digər mühüm tarixi sənədlər mövcuddur. 2016-cı ildə həmin materiallar rəqəmsal formata keçirilib və onlayn kataloqa daxil edilib.
F.Pisano gələcəkdə kitabxana fondunun Azərbaycan haqqında daha çox kitabla genişlənəcəyinə ümidvar olduğunu bildirib.