Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Aprelin 17-də Pekində “Ömür bir dəfə yaşanır” şeirlər kitabının Çin dilində nəşrinin təqdimatı olub.
Təqdimat Heydər Əliyev Fondunun, Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının və Azərbaycanın Çindəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının baş redaktorunun müavini xanım Çen Şiya bu nəşrin Çin ilə Azərbaycan arasında humanitar sahələrdə əməkdaşlığın gözəl nümunəsi kimi dəyərləndirib.
Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı mədəni-humanitar layihələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını, ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirdiyini deyib. O, nəşrin oxuculara Azərbaycan mədəniyyəti haqqında məlumat əldə etməyə imkan verəcəyini, gələcəkdə bu istiqamətdə yeni layihələrin icrasına yol açacağına əminliyini bildirib.
Qeyd edək ki, “Ömür bir dəfə yaşanır” nəşrinin müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
Çin Yazıçılar Birliyi poeziya şurasının sədri, tanınmış şair Cidi Macia çıxışında bildirib ki, Leyla Əliyevanın poeziyası lirikdir, eyni zamanda dərin fəlsəfi məna daşıyır. Onun şeirlərini oxuyarkən müxtəlif dövrlərdə yaşamış şairlərin yaratdığı lirik ənənələrin müasir zamanımıza necə axıcı bir şəkildə süzülüb gəldiyinin şahidi oluruq.
Fondun dəstəyi ilə nəşr edilən kitabın ilk simvolik nüsxəsi Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynova təqdim olunub.
Sonra Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə məzunları Leyla Əliyevanın şeirlərini Çin dilində səsləndirib.
Qeyd edək ki, Heydər Əliyev Fondu ilk dəfədir azərbaycanlı şair və ədiblərinin kitablarının Çin dilində tərcüməsini edib.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının baş redaktorunun müavini xanım Çen Şiya ilə keçirilən görüşündə gələcəkdə digər Azərbaycan şair və ədiblərinin əsərlərinin Çin dilinə tərcümə edilməsi ilə bağlı müzakirələr aparılıb.