Leyla Əliyeva yekdilliklə yenidən RAGT sədri seçilib
12/10/2012

Moskvada “Holidey İnn Sokolniki” mehmanxanasının “Krımski val” konfrans salonunda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) dördüncü hesabat-seçki konfransı keçirilib. Konfransda RAGT-nin Moskva və regional bölmələrinin 104 nümayəndəsi iştirak edib.  

Tədbirin əvvəlində Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səslənib.

RAGT-nin idarə heyətinin üzvü Emin Hacıyev hesabat dövründə bu təşkilatın fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib. O, təşkilatın sədri Leyla Əliyeva tərəfindən qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi və uğurla həyata keçirilmiş layihələr barədə məlumat verib, RAGT-nin sıx birləşmiş, Rusiyanın və Azərbaycan gənclər təşkilatları arasında öz layiqli yerini tutmuş bir qurum olduğunu söyləyib.

Azərbaycanı və Rusiyanı qarşılıqlı anlaşmaya və qarşılıqlı etimada əsaslanan çoxəsrlik dostluğun birləşdirdiyinin vurğulandığı hesabat məruzəsində deyilir: “RAGT-nin sədri Leyla Əliyeva bu təşkilatı yaradarkən, şübhəsiz, əsas hədəf kimi qarşılıqlı etimada əsaslanan münasibətləri daha da möhkəmlətmək, dialoq üçün əlverişli platforma yaratmaqla iki ölkə arasında qarşılıqlı inteqrasiya proseslərini gücləndirmək istəyindən çıxış edib. Bizim Rusiya ilə əməkdaşlığımız təkcə təhsil potensialında deyil, həm də Azərbaycan reallıqlarının qeyri-rəsmi elçiləri olmaqda özünü göstərir. Sevindirici haldır ki, RAGT məhz bu missiyanı uğurla yerinə yetirir”.

E.Hacıyev bildirib ki, bu gün Azərbaycan gəncləri xalqımızın milli mədəniyyətini, adət və ənənələrini layiqincə təmsil edir, xalqın zəngin tarixi irsinə məhəbbətlə yanaşır. Buna görə də Azərbaycan-Rusiya mədəni əlaqələrinin möhkəmlənməsinə RAGT rəhbərliyinin töhfəsi olduqca dəyərlidir. Məruzəçi RAGT nümayəndələrinin başqa ölkələrdəki Azərbaycan gəncləri ilə sıx əlaqə yaratdığını da qeyd edib. O, bu gün RAGT-nin 70-dən çox regional bölməsinin fəal iş apardığını söyləyib: “Bu isə o deməkdir ki, RAGT-nin fəaliyyəti təkcə iri şəhərlərlə məhdudlaşmır”.

RAGT nümayəndəsi bu təşkilatın bir sıra mühüm layihələrdə iştirakı, həmçinin ictimai əhəmiyyətli təşəbbüslərin reallaşdırılması barədə ətraflı məlumat verib, belə mühüm layihələrdən birinin də RAGT başçısı Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası olduğunu bildirib: “Bizim gənclərin sıx birləşməsində ilk nömrəsi 2010-cu il mayın 10-da – Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günündə çapdan çıxmış “AMOR” jurnalı, habelə təşkilatın saytı mühüm rol oynayır”.

Sonra konfrans iştirakçıları təşkilati məsələləri nəzərdən keçirib, nəzarət-təftiş komissiyasının məruzəsi dinlənilib. Leyla Əliyeva yenidən yekdilliklə RAGT-nin sədri seçilib. Daha sonra təşkilatın idarə heyətinin və nəzarət-təftiş komissiyasının da üzvləri seçilib.

Konfransla, eyni zamanda “Oxotnıy ryad” zalında Azərbaycan və Rusiya gənclərinin qeyri-hökumət təşkilatlarının (QHT) “Dialoq və əməkdaşlıq” mövzusunda görüşü də keçirilib. Görüşün moderatoru Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə idi. Görüşdə iki ölkənin 40-dan çox təşkilatının nümayəndələri, o cümlədən Azərbaycandan “İrəli” ictimai birliyinin nümayəndələri, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Tələbə Gənclər Təşkilatları İttifaqının, “Böyük İpək Yolu” beynəlxalq gənclər ittifaqının nümayəndələri, Milli Məclisin gənc deputatları Fuad Muradov və Ceyhun Osmanlı, Rusiyadan “Sodrujestvo” Beynəlxalq Gənclər Təşkilatının idarə heyətinin sədri Marina Filaretova, Rusiya Uşaq və Gənclər Birlikləri Milli Şurasının sədri Vladimir Xarçenko, Federasiya Şurasının sosial siyasət komitəsinin və digər təşkilatların nümayəndələri iştirak ediblər.

Görüş çərçivəsində Azərbaycan Gənclər Fondunun təqdimatı olub. Toplantıda Azərbaycan və Rusiya gənclərinin gələcək müştərək layihələri haqqında geniş fikir mübadiləsi aparılıb.