Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və qızı Saida Mirziyoyeva ilə birgə Özbəkistanın Xalq rəssamı Akmal Nurun əsərlərindən ibarət sərgi ilə tanış olub, Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya baxıblar.
“Sevgi bağında” adlı sərgidə Özbəkistanın Xalq rəssamı Akmal Nurun son illərdə çəkdiyi əsərlər nümayiş olunur.
Xalq rəssamı Akmal Nur sərgidə yer alan əsərləri barədə məlumat verdi. Bildirdi ki, əsərlərdə ana sevgisi və kənd həyatının motivləri, ailə və ən əsası Tanrının insana bəxş etdiyi talelər canlandırılıb.
Sonra birinci xanımlar və qızları naxışçı Mədinə Kasımbayevanın kolleksiyası ilə tanış oldular. Hər bir məmulat ənənəvi özbək naxışvurmasının müxtəlif texnikalarından istifadə olunmaqla əllə yerinə yetirilib.
Qeyd olunub ki, “Süzane” naxışının vurulmasında pambıqdan və ipəkdən yalnız evdə hazırlanmış materiallardan istifadə olunur. Saplar əllə boyanır, sonra dağ kvarsı və duz əlavə olunmaqla qaynadılır ki, bu da saplarda boyanın uzunmüddətli qalmasından ötrüdür.
Birinci xanım Mehriban Əliyevaya Özbəkistan mədəniyyətinin təbliğ olunduğu xatirə hədiyyələri təqdim edildi.