Noyabrın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi əsaslı təmirdən və mükəmməl texniki təchizatdan sonra istifadəyə verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olub.
Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Həbib Yüzbaşıyev məlumat verdi ki, ən müasir tibbi avadanlıqla təchiz olunmuş mərkəzin Qafqaz və Orta Asiya məkanında analoqu yoxdur. Heydər Əliyev Fondu ilə Mərkəzi Neftçilər Xəstəxanasının səmərəli əməkdaşlığı artıq neçə illərdir ki, davam edir. Fondun dəstəyi ilə mərkəzdə indiyədək 3 minə yaxın pasiyent müayinə olunub, 450 xəstə üzərində açıq ürək əməliyyatı aparılıb. Əməliyyatların 200-ü Mərkəzi Neftçilər Xəstəxanasında, 250-si regionlarda icra edilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə xəstəxananın Ürək-Damar Cərrahiyyəsi Mərkəzi regionlardakı bütün müalicə diaqnostika mərkəzlərində müxtəlif ürək qüsurlarından əziyyət çəkən xəstələri əməliyyat edərək onların normal həyata qayıtmalarına şərait yaradır. Uğurlu ürək əməliyyatlarından biri də Azərbaycanın cəbhə bölgəsində - Füzuli rayonunun Bəhmənli qəsəbəsində aparılıb.
Leyla Əliyeva ürək əməliyyatına hazırlanan balacalarla, xroniki böyrək çatışmazlığından əziyyət çəkən və əməliyyatla sağlamlıqlarına qovuşan xəstələrlə, eləcə də ürəyində şuntlama əməliyyatı aparılan pasiyentlə görüşərək onların vəziyyəti ilə maraqlandı.
Mərkəzin əməliyyat blokunda yaradılan şəraitlə tanış olan Heydər Əliyev Fondunun vitse-prezidentinə məlumat verildi ki, Azərbaycanda transplantasiya ilə məşğul olan və 2008-ci ildən fəaliyyət göstərən Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzində indiyədək 14 xəstəyə qaraciyər, 6 pasientə isə böyrək köçürülüb. Böyrək transplantasiyasının biri Naxçıvan, digəri isə Şamaxı Müalicə-Diaqnostika mərkəzlərində müvəffəqiyyətlə aparılıb.
Leyla Əliyevaya Heydər Əliyev Fondunun mərkəzə hədiyyə etdiyi “CUSA Excel” avadanlığı barədə məlumat verildi. Bildirildi ki, bu avadanlıq əməliyyatların daha uğurla aparılmasına geniş imkanlar açacaq. Bu nadir avadanlıq ultrason və aspirator funksiyaları nəticəsində qaraciyər transplantasiyası zamanı cərrahiyyə prosedurunu asanlaşdırır və toxumaların zədələnməsinin qarşısını alır.
Sonda Leyla Əliyeva mərkəzin həkim kollektivi və burada müalicə olunmuş bir qrup pasiyentlə görüşdü. Onlar ölkəmizdə səhiyyənin inkişafına göstərilən diqqət və qayğıya, belə bir mərkəzin yaradılmasına görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.