Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Sentyabrın 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın və IDEA könüllülərinin iştirakı ilə təmizlik aksiyası keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiya Kürdəxanı ərazisində yerləşən gölün sahilində təşkil edilib. İməcilik zamanı zəruri sanitar ləvazimatlarla təchiz edilmiş aksiya iştirakçıları ərazini külli miqdarda tullantıdan, xüsusən də davamlı zərərə səbəb olan plastik tullantılardan təmizləyiblər.
Tədbirin əsas məqsədi cəmiyyət tərəfindən ətraf mühitin təmizliyinə riayət olunmasını təbliğ etmək, ölkənin biomüxtəlifliyində xüsusi rola malik ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları təbiətin mühafizəsi uğrunda səylər göstərməyə cəlb etməkdir.
Qeyd edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş müntəzəm tədbirlər təşkil edir.
IDEA İctimai Birliyi hamını bir daha planetimizin qarşılaşdığı çoxsaylı problemlərin həlli, indiki və gələcək nəsillərin rifahı naminə birləşməyə və hərəkətə keçməyə, təbiətin bizə bəxş etdiyi nemətlərə həssas yanaşmağa çağırır.