COP29 çərçivəsində Heydər Əliyev Fondunun “Azərbaycan. Təbiətin sehrində” nəşri təqdim edilib

Video

COP29 çərçivəsində Heydər Əliyev Fondunun “Azərbaycan. Təbiətin sehrində” nəşri təqdim edilib

COP29 çərçivəsində Heydər Əliyev Fondunun “Azərbaycan. Təbiətin sehrində” nəşri təqdim edilib
13/11/2024

Bakıda keçirilən COP29 çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondunun Azərbaycana həsr olunan yeni nəşri təqdim edilib.

“Azərbaycan. Təbiətin sehrində” (Azerbaijan. Inspired by Nature) kitabı Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində nəşr olunub.

Layihənin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, layihə rəhbəri Prezidentin köməkçisi Anar Ələkbərovdur.

Təqdimat mərasimində Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) və başqaları iştirak ediblər.

Tədbirdə bildirilib ki, nəşrin COP29 günlərində təqdimatı təsadüfi deyil. Burada Azərbaycanın füsunkar təbiəti, flora və faunasına dair fotoşəkillər, müvafiq məlumatlar yer alıb. Kitab oxucuları Azərbaycanın ecazkar təbiəti ilə tanış etməklə yanaşı, bu zənginliyin əhəmiyyətini, onun qorunub saxlanılmasının vacibliyini gündəmə gətirir.

2020-ci ildən start götürən genişmiqyaslı layihə çərçivəsində çəkilən yüzlərlə foto arasında unikal kadrlarla yanaşı, nadir heyvan, quş və bitki növlərini də görmək olar. Layihə Azərbaycan təbiətinin müxtəlifliyini təsvir edərək ölkənin bütün regionlarını, milli parklar və qoruqlarını əhatə edib. Layihə üzrə videoçəkilişlər aparılıb, videoçarxlar və sənədli film hazırlanıb. Təqdimat zamanı sənədli filmin treyleri nümayiş olunub.

Tədbirdə çıxış edən Leyla Əliyeva kitabın hər kəsi təbiəti sevməyə və onu qorumağa səslədiyini bildirərək deyib: "Dünyada təbiət qədər dəyərli heç nə yoxdur. Biz hava ilə nəfəs alırıq. Susuz üç gün də yaşaya bilmərik. Torpaqdan, ağaclardan enerji alırıq, onunla qidalanırıq. Təəssüf ki, gün ərzində insan bunun haqqında çox az düşünür. İnanıram ki, bu kitabda toplanmış şəkillər Azərbaycanın gözəlliklərini təqdim edəcək, insanlara təbiəti sevməyi və qorumağı bir daha xatırladacaq. Atalarımız demişkən: "Gəzməzsən, bilməzsən". Hamıya Vətənimizi gəzməyə daha çox vaxt ayırmağı arzu edirəm. Mən bu möhtəşəm iş üçün bütün komandaya təşəkkürümü bildirmək istəyirəm və Lerikdə birlikdə keçirdiyimiz günləri heç zaman unutmayacağam. Bu kitab bizi təbiəti sevməyə və qorumağa çağırır. Təbiət bizə həyat bəxş edir, biz də onu sevməyi öyrənək".

Layihənin fotoqraflarından biri Aleksey Lyokin çəkilişlər zamanı fotoqraflar qrupunun ölkəmizin bütün guşələrinə səfər etdiyini, çəkilişlər apardığını, bütün rayonların nadir təbiəti ilə tanış olduğunu bildirib. Qeyd olunub ki, çəkilişlər təbiətin bütün gözəlliyini maksimum dərəcədə göstərmək üçün ilin bütün fəsillərində aparılıb.

"Layihə zamanı heyvanların həyatı, kiçik dostlarımızın ehtiyac duyduğu xoş münasibət haqqında daha ətraflı məlumat əldə etdik. Məsələn, Şirvan Milli Parkının ərazisində yaşayan ceyranlar dəniz suyu içməyə uyğunlaşıblar. Bunu izləmək, sadəcə, təəccüb doğurdu. Biz bütün ilboyu Azərbaycanda flaminqo çəkmək imkanını əldə etmişik. Miqrasiya yolu ölkə ərazisindən keçdiyi üçün onları Abşeron, Şirvan, Qızılağac və Ağgöl milli parklarında müşahidə etmək olar. Biz Azərbaycan ərazisindən, xüsusən Beşbarmaq dağının yerləşdiyi yerdən uçan çox sayda quşlar müşahidə edə bildik.

İşğaldan azad olunmuş ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda çəkilişlər zamanı qeyri-adi hisslər yaşadıq. Qarabağ və Şərqi Zəngəzurun gözəlliyi göz oxşayır. Kəlbəcərdə yerləşən İstisu bulağı və Şuşadakı Çətir şəlaləsi möhtəşəmdir. Kəlbəcərdəki bazalt qayaları diqqəti cəlb edir”, - deyən A.Lyokin ən qədim yaşayış məskənlərindən biri sayılan Azıx mağarasında aparılan çəkilişləri də vurğulayıb. Bu yerlərdə sözlə ifadə edə bilməyəcəyimiz qədər inanılmaz duyğular yaşadıqlarını, bütün bu duyğuların filmdə əksini tapdığını deyib.

İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) təbiət və onun elementlərinin sıx əlaqəsindən, iqlim dəyişmələri nəticəsində baş verən dəyişikliklərdən danışıb. O, bəşər övladının evi olan təbiətin ayrı-ayrı komponentlərinin bir-biri ilə vəhdətindən bəhs edərək onları qorumağın vacibliyini vurğulayıb.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azərbaycan. Təbiətin sehrində” nəşrinin ilk nümunələrini ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik və İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquruya (Caqqi Vasudev) təqdim edib.

Qonaqlar nəşrdən zövq aldıqlarını qeyd ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, ötən müddətdə layihə həm də sosial şəbəkədə geniş işıqlandırılıb, bu platforma üzərindən müxtəlif maarifləndirici rubrikalar, müsabiqələr təşkil olunub. Bu isə daha geniş ictimaiyyətin layihə barədə məlumatlanmasına imkan verib.

Kitab Azərbaycan və ingilis dillərində hazırlanıb. Tezliklə, həmçinin nəşrə daxil olan fotolardan ibarət sərgi və lentə alınan sənədli filmin təqdimatı keçiriləcək.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün, həmçinin COP29-un Yaşıl Zonasında yaradılmış yerli və xarici pavilyonları ziyarət edib.