Leyla Əliyeva Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurası rəyasət heyətinin üzvü seçilib
25/11/2011

Noyabrın 25-də Moskvada Ümumrusiya Azərbaycan Konqresinin III qurultayı öz işini başa çatdırıb.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qurultayda geniş məruzə ilə çıxış edib. O, dövlətimizin xaricdəki Azərbaycan diasporu ilə iş sahəsində siyasəti haqqında söhbət açıb, Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. ÜAK-ın növbəti qurultayının keçirilməsinin Rusiyanın çoxsaylı Azərbaycan diasporunun həyatında əlamətdar hadisə olduğunu vurğulayan R.Mehdiyev deyib: “Qurultayın qərarları diasporun işinin fəallaşmasına və onun fəaliyyətinin daha sıx əlaqələndirilməsinə xüsusi təkan verəcəkdir”. Müstəqilliyini bərpa etdikdən sonra xaricdə yaşayan həmvətənlərlə işin Azərbaycan dövləti üçün prioritet sahələrdən birinə çevrildiyini qeyd edən Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri fikrini belə davam etdirib: “Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra diasporla iş ardıcıl xarakter kəsb etmiş, Dünya Azərbaycanlılarının birinci qurultayı keçirilmiş, Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır”. R.Mehdiyev Ümumrusiya Azərbaycan Konqresinin Rusiyanın mühüm ictimai təşkilatına çevrildiyini söyləyib. R.Mehdiyev xatırladıb ki, Prezident İlham Əliyev ikinci qurultayda ÜAK-ın fəaliyyətini yüksək qiymətləndirib.

“Azərbaycan dövlətinin fəallığı və dəstəyi sayəsində ÜAK RF-nin subyektlərindəki regional bölmələri öz ətrafında sıx birləşdirə bilmişdir” – deyən Ramiz Mehdiyev Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) RF-də azərbaycanlı gənclərin sıx birləşməsində mühüm rol oynadığını bildirib: “RAGT-nin yaradılması gənclərin ciddi və uğurlu layihəsidir”.

R.Mehdiyev Rusiya azərbaycanlılarının böyük intellektual, iqtisadi, mədəni və ictimai-siyasi potensiala malik olduğunu deyib, Azərbaycan diasporunun Rusiya cəmiyyətinə uğurla inteqrasiya etməsini sevindirici hal kimi qiymətləndirib.

Prezident Administrasiyasının rəhbəri iki ölkə arasında əlaqələrə toxunaraq bildirib ki, Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasi fəaliyyətinin prioritet istiqamətlərindəndir: “Heydər Əliyev və Vladimir Putin bu münasibətlərin normallaşması, inkişafı və möhkəmlənməsi üçün möhkəm təməl yaratmışlar. İndiki dövlət başçıları Dmitri Medvedev və İlham Əliyev bu xətti səmərəli şəkildə davam etdirirlər. Biz Qəbələ RLS-in statusu və istismar şərtləri, Xəzər dənizinin statusu, dövlət sərhədi kimi məsələlərdə razılığa nail olmuşuq. Rusiya Azərbaycanın bu cür saziş bağladığı ilk ölkə olmuşdur. Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir”.

R.Mehdiyev Azərbaycanda rus dilinə qayğıkeş münasibət, son illərdə ölkənin siyasi və iqtisadi uğurları haqqında da söhbət açıb, Azərbaycan reallıqlarının xaricdə, o cümlədən Rusiyada da təbliğini gücləndirməyin zəruri olduğunu vurğulayıb: “Diaspor təşkilatları Rusiyada dövlətlə və səfirliklə birlikdə vahid komanda kimi işləməlidirlər”.

Sonra Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ÜAK prezidenti Məmmədbağır Əliyevə “Dostluq” ordeni təqdim edib. Administrasiya rəhbəri Azərbaycan Prezidenti adından həmyerlimiz, Rusiyanın məşhur sahibkarı Qod Nisanova xeyriyyəçilik, Rusiyadakı həmvətənlərin dəstəklənməsinə görə “Tərəqqi” medalını və Moskvadakı “Dərviş” teatrının rejissoru Mərdan Feyzullayevə “Azərbaycanın Əməkdar Artisti” adı verilməsi haqqında diplomu da təqdim edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qurultayda çıxış edərək diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsinin, onların işinin ölkəmizin Rusiyadakı diplomatik nümayəndəlikləri ilə uzlaşdırılmasının vacibliyindən danışıb.

ÜAK Moskva regional bölməsinin sədri İlqar Hacıyev, İvanovo regional bölməsinin sədri Sərraf Məmmədov, “Zvezda” prodüser şirkətinin baş direktorunun müavini Rüstəm Arifcanov, Milli Məclisin deputatı Mixail Zabelin, ÜAK Sverdlovsk regional bölməsinin sədri Şahin Şıxlinski, İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman məruzələrlə çıxış ediblər.

Qurultayda ikinci qurultaydan sonrakı dövr ərzində görülmüş iş haqqında hesabat, təftiş komissiyasının hesabatı dinlənilib, təşkilatın nizamnaməsinə dəyişikliklər edilib. ÜAK-ın perspektivləri, fəaliyyətinin təkmilləşdirilməsi məsələləri, onun qarşıda duran vəzifələri barədə geniş fikir mübadiləsi aparılıb.

Qurultay nümayəndələrinin Azərbaycan Prezidenti İlham Əliyevə və Rusiya Prezidenti Dmitri Medvedevə müraciətləri, habelə ÜAK-ın üçüncü qurultayının qətnaməsi qəbul edilib.

Sonra təşkilati məsələlər həll edilib. Məmmədbağır Əliyev yenidən Ümumrusiya Azərbaycan Konqresinin prezidenti, Mikayıl Hüseynov baş katibi seçilib. ÜAK Mərkəzi Şurası rəyasət heyətinin yeni üzvləri də seçilib. Onların arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-nin sədri Leyla Əliyeva, ÜAK-ın prezidenti Məmmədbağır Əliyev, sahibkarlar Araz Ağalarov, Vahid Ələkbərov, Abbas Abbasov, Fərhad Əhmədov, politoloq İsmayıl Ağakişiyev var.

Sonda Məmmədbağır Əliyev ona verilmiş mükafata, xaricdəki həmvətənlərə diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. O, Rusiyanın Azərbaycan diasporunun dəstəklənməsinə görə Ramiz Mehdiyevə də təşəkkürünü bildirib.