Noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi arasında niyyət protokolunun imzalanma mərasimi keçirilib.
Protokol IDEA İB-nin təsisçisi və rəhbəri Leyla Əliyeva və ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki tərəfindən imzalanıb.
Niyyət protokolunun məqsədi iqlim dəyişmələri ilə mübarizə sahəsində ICESCO ilə IDEA arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, ətraf mühitin qorunmasına yönələn tədbirlərdə birgə iştirak və hər iki təşkilatın fəaliyyət istiqamətləri ilə uyğunluq təşkil edən digər müvafiq fəaliyyətlərin müştərək icrasından ibarətdir.
Hər iki təşkilat ICESCO-ya üzv dövlətlərdə ətraf mühitin mühafizəsi, torpağın deqradasiyasının qarşısının alınması, qida və su təhlükəsizliyinin təmin olunması, məlumatlandırma işlərinin aparılması, birgə tədqiqat işləri və pilot layihələrin həyata keçirilməsi, gənclərin və könüllülərin iştirakçılığının artırılması, mübadilə proqramlarının icrası, eləcə də bilik və ən yaxşı təcrübələrin paylaşılması istiqamətində əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəldilər.
Görüş iştirakçıları IDEA ilə ICESCO arasında əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə inandıqlarını bildirərək birgə fəaliyyətlərin genişləndirilməsinin İslam dünyası ölkələrində iqlim dayanıqlığının təmin olunması naminə həmrəyliyin möhkəmləndirilməsi və daha səmərəli birgə layihələrin icra olunmasına mühüm töhfə verəcəyini qeyd etdilər.