Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə mayın 5-də Moskvanın mərkəzindəki “MOD-Design” Müasir Dizayn və İnnovasiyalar Mərkəzində gənc Rusiya və Azərbaycan dizaynerlərinin “AMOR-Fashion Day” moda müsabiqəsi keçirilib. RAGB və “Baku” beynəlxalq jurnalının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və Rusiyanın gənc dizaynerləri ən yeni geyim kolleksiyalarını təqdim ediblər.
Moda bayramına Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da qatılıblar.
Gecəyə gələnlər “MOD-Design” Mərkəzinin foyesində “Baku” jurnalının təqdimatı ilə “BAKU-Fashion” fotosərgisi, habelə məhəndiyə (bədəndə xına ilə rəsmlər) ustalarının işləri ilə tanış olublar. Böyük nümayiş zalında gecənin aparıcıları – RAGB-nin əlaqələndiricisi Natiq Əliyev və Yelena Tereşşenko gənc dizaynerlər Səbinə Abışova, Ülviyə Şabanova, Elnurə Bədəlova, Tamilla Baysaqurova, Ayna Maqomaliyeva, Vəfa Rəhmanova, Natalya Litvinova, Xədicə və Luiza Arapxanovalar, Olqa Petrova, Svetlana Privalovanın ən son moda kolleksiyalarından danışıblar. Kolleksiyaların hazırlanmasında bu mövsümdə çox aktual olan ipək, şifon, krujeva və pambıq parçalardan istifadə olunub. Podiuma çıxan modellərin təqdimatında gündəlik həyat üçün rahat geyimlərlə yanaşı, qeyri-adi, avanqard üslubda ideyalar da maraq doğurub.
Tanınmış Rusiya dizayneri və stilisti Vladislav Lisovetsin rəhbərliyi ilə münsiflər heyətinin yekdil rəyinə əsasən azərbaycanlı dizayner Səbinə Abışovanın “Cəsarət” (Derzost) kolleksiyası birinci yerə layiq görülüb.
Leyla Əliyeva müsabiqənin diplomunu və “Baku” jurnalının hədiyyələrini Səbinə Abışovaya təqdim edib. Elnurə Bədəlova “Dəlib keçən” (“Naskvoz”) kolleksiyasına görə münsiflər heyətinin sədri Vladislav Lisovetsin xüsusi mükafatını alıb. Xədicə və Luiza Arapxanovaların “Möhtəşəm yüz il”, Ülviyə Şabanovanın “Kəpənək uçuşu”, Natalya Litvinovanın “Çayın üstündən uçarkən” kolleksiyaları münsiflər heyəti üzvlərinin ayrıca mükafatlarına layiq görülüblər.
Sonda dizaynerlər kolleksiyaları nümayiş etdirmiş modellərlə birlikdə podiuma çıxıblar.
Gecənin qonaqları arasında Rusiya və Azərbaycanın tanınmış ictimai xadimləri, məşhur stilistlər, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycan Konqresinin təmsilçiləri olub.