Noyabrın 27-də Moskvadakı “Manej” Mərkəzi Sərgi Salonunda məşhur fotorəssam Georgi Pinxasovun “Bakıya məhəbbətlə” adlı fotosərgisinin təntənəli açılış mərasimi olub. Fotosərgini “Baku” jurnalı “Moskovski dom fotoqrafii” muzeyi, Moskva Hökuməti və Moskvanın Mədəniyyət Departamenti ilə birlikdə təşkil edib.
Moskva fotoqrafiya evinin direktoru Olqa Sviblova gecəni layihənin təşəbbüskarı olan “Baku” jurnalının bayramı adlandırıb.
“Baku” jurnalının baş redaktoru, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin başçısı Leyla Əliyeva tədbiri açaraq deyib: “Artıq iki ildir “Baku” jurnalını təsis etmişik. İstəyirik ki, o, şəhərimizin misilsiz ab-havasını hiss etməkdə və sevməkdə oxuculara kömək etsin. Jurnalımızın səhifələrində ölkəmizin və paytaxtımızın müasir simasında mədəniyyətdən, adət-ənənələrimizdən və tarixmizdən söhbət açırıq. Ən başlıcası isə qeyri-adi taleyi olan böyük insanlardan, böyük istedad və zəka sahiblərindən, habelə sadə, eyni zamanda çox maraqlı taleyi olan insanlardan danışırıq. Bir sözlə, biz bakılılardan dınışırıq. Biz bakılılar öz şəhərimizi hədsiz sevdiyimiz üçün, onun barəsində həmişə məhəbbətlə söz açırıq. Bugünkü gecə bunu təsdiq edir”.
Leyla Əliyeva Bakının alleqorik adlarının çox olduğunu söyləyib: ““Küləklər şəhəri”, “Odlar yurdu”, “Xəzərin incisi” və Azərbaycanın paytaxtı haqqında deyilən bütün bu sözlər həqiqətdir. Bakı çox müxtəlifdir: burada qədimlik və müasirlik, geniş prospektlər və dar dolanbac küçələr, Qız qalası və ultramüasir tikililər, urbanizasiyaya aid tipik mənzərələr və ənənəvi həyat tərzi yanaşıdır. Bakı, əslində, bütün iri şəhərlər kimi bəzən hay-küylü, tələskən və narahat, eyni zamanda çoxəsrlik tarixi ilə cəzb edən sirli-sehrli möhtəşəm bir şəhərdir. Bakı haqqında saatlarla danışa bilərəm, lakin “yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” məsəli ilə tam razıyam”.
Sonra Leyla Əliyeva sərgi iştirakçılarını istedadlı fotorəssam Georgi Pinxasovun işləri ilə tanış olmağa dəvət edib: “Bu insanın yaradıcılığı böyük sənətdir. Onun öz əsərlərini Bakıya məhəbbət hissi ilə yaratdığına şübhə etmirəm”.
Rusiya paytaxtında doğma şəhərimiz Bakıya həsr olunmuş fotosərginin açılmasını sevindirici hal adlandıran Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu tədbirin təşkilinə görə Leyla Əliyevaya və bütün təşkilatçılara minnətdarlığını bildirib: ““Baku” jurnalının təqdimatı sanki bu yaxınlarda olmuşdu, lakin artıq iki il keçib və jurnalın artıq on dördüncü nömrəsi çapa hazırlanır. Rusiya Federasiyasında belə müasir və nəfis tərtibatlı jurnalın çıxmasına görə biz hamımız qürur hissi keçiririk”. Səfirin sözlərinə görə, bu gün bu jurnal bizim fəxrimiz olmuşdur və Rusiyada böyük maraqla oxunur. İstedadlı fotosənətkar doğma şəhərimiz barədə gözəl sərgi hazırlamışdır. Burada bakılılar, Bakıda doğulanlar, Bakıda olanlar çoxdur. Mən bu gözəl işlərə, şəhərimizi belə günəşli və gözəl təqdim etdiyinə görə müəllifə, tədbirin təşkilinə görə isə Leyla Əliyevaya və jurnalın bütün redaksiyasına minnətdarlığımı bildirirəm”.
Tanınmış fotorəssam, məşhur “Maqnum Fotos” agentliyində çalışan yeganə rusiyalı maestro Georgi Pinxasov isə Bakının həqiqətən çox gözəl, günəşli və ecazkar şəhər olduğunu söyləyib. Onun sözlərinə görə, ilk dəfə Bakıda 1976-cı ildə olub, amma burada qısa müddət işləyib: “Bu, may ayında 10 gün çəkən çox qısa dövr idi. Düşündüklərimi həyata keçirə bilməyəcəyim məni çox həyəcanlandırırdı. Lakin gördüyünüz kimi, artıq nəticə vardır və bu uğur təkcə mənə aid deyildir. Mən “Baku” jurnalına, özündə bu layihəni həyata keçirmək cəsarəti tapmış baş redaktor Leyla Əliyevaya və həmin layihədə iştirak edən bütün insanlara minnətdarlığımı bildirmək istəyirəm”.
Fotosərgidə Bakı baharını əks etdirən 60 əsər nümayiş etdirilir. Rusiya ictimaiyyəti tanınmış ustadın qayğı və məhəbbətlə yaratdığı fotoşəkillərdə Azərbaycan paytaxtının gözəlliyini “Baku” jurnalının sayəsində duya biləcəklər.
Tədbirin mədəni proqramı çərçivəsində nağara ustası Natiq Şirəliyevin çıxışı olub.
Fotosərgi dekabrın 13-dək davam edəcək.