Leyla Əliyeva “Rossiya 24” telekanalına müsahibə verib
07/10/2012

Leyla Əliyeva müsahibəsində Fondun fəaliyyəti, həmçinin RAGT-ın oktyabrın 12-də Rusiya paytaxtında keçiriləcək konfransı haqda danışıb.

Müxbir: Leyla xanım, burada – Bakıda bizə görüşmək üçün gözəl imkan yaratdığınıza görə Sizə təşəkkürümü bildirirəm. Artıq bir sutkadan artıqdır ki, buradayıq və hər tərəfdə azərbaycanlıların və bakılıların mehribanlığını, səmimiliyini, qonaqpərvərliyini hiss edirik. Bu, yalnız ruslara qarşı belədir? Ümumiyyətlə, bu, nə ilə bağlıdır?

LEYLA ƏLİYEVA: Təşəkkür edirəm. Sizdən bunu eşitmək çox xoşdur. Əlbəttə ki, bu, hamıya qarşı olan münasibətdir. Çünki azərbaycanlılar çox qonaqpərvər insanlardır. Biz qonaqpərvər xalqıq. Bu, bizim qanımızdadır. Həmişə qonaq görməyə şadıq. Bizim üçün qonaq qəribə bir yenilik deyil. Azərbaycan həmişə öz tolerantlığı ilə tanınıb. Burada qədimdən müxtəlif millətlərin, din və mədəniyyətlərin nümayəndələri böyük bir ailə kimi yaşayıb. Bu gün də Azərbaycanda çoxlu sayda millətlərin nümayəndələri yaşayır. Küçələrdə müxtəlif dillərdə danışıqlar eşitmək mümkündür. Məscid, katolik və pravoslav kilsələri, həmçinin yəhudi sinaqoqu yanaşı fəaliyyət göstərir. Bütün insanlar bir böyük ailə kimi sülh və birlik şəraitində yaşayır. Fikrimcə, bu, xüsusilə müasir dünyada çox qiymətlidir.

Rusiyaya gəlincə, bizi onunla tarix və mədəniyyət birləşdirir. Bizim çoxlu oxşar cəhətlərimiz var. Azərbaycanın orta məktəblərində hələ də rus dilinin tədrisi tam həcmdə saxlanılıb. Bizdə Rus Dram Teatrı, Slavyan Dövlət Universiteti, Rusiya Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bir sözlə, bizim oxşar cəhətlərimiz çoxdur və biz hər zaman Rusiyadan gəlmiş qonaqları görməkdən məmnunuq.

Müxbir: Təşəkkür edirəm, Leyla xanım. Siz Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyinə rəhbərlik edirsiniz və Fondun fəaliyyətinin məqsədlərindən biri də mədəniyyət mübadiləsi və Azərbaycandakı dəyərlərin təbliğidir. Rusiyadan turistlər cəlb etmək alınırmı?

LEYLA ƏLİYEVA:  Bilirsiniz, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi 5 il əvvəl açılıb və bu, Fondun xaricdə  açılmış ilk nümayəndəliklərindən biri idi. Ötən dövr ərzində biz bir çox mədəniyyət layihələri reallaşdırmışıq. Eyni zamanda biz daim tələbə mübadiləsi həyata keçiririk. Hər yay Rusiyadan Azərbaycana, Azərbaycandan isə Rusiyaya 20-30 nəfər dəvət edirik. Ölkəmizlə daha yaxından tanış ola bilmələri üçün professorları, müəllimləri dəvət edirik. Rusiyada isə daim müxtəlif mədəniyyət tədbirləri, bayramlar keçiririk. Bu yaxınlarda  Rusiyada Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub. Bu müddət ərzində bir çox maraqlı tədbirlər təşkil olunub, Fond tərəfindən çox mühüm layihələr reallaşdırılıb. Elə bu günlərdə Fond Həştərxanda Azərbaycanla Rusiya arasında Dostluq körpüsünü, həmçinin Heydər Əliyev Fondunun dəstəyilə tikilmiş məktəbin açılışını edib.

Müxbir: Təhsil sahəsində fəaliyyətiniz daha geniş söhbətin mövzudur. Rusiyada Azərbaycandan Heydər Əliyev Fondunun proqramı vasitəsilə çoxlu sayda – minlərlə tələbə təhsil alır.

LEYLA ƏLİYEVA: Bu, dövlət proqramıdır. Fonda gəlincə, o, cəmiyyətin həyatının müxtəlif sahələrini əhatə edir. Təhsil isə bu  vacib sahələrdən biridir. Fondun xəttilə Azərbaycanda 400-dək məktəb tikilib və təmir olunub. Onların hər biri ən müasir texnologiyalarla təchiz olunub, kompüter sinifləri yaradılıb. Fond dərsliklər nəşr etdirir, məktəbliləri təhsil almağa göndərir. Ən başlıcası isə odur ki, Heydər Əliyev Fondu orta məktəbləri yalnız Azərbaycanda inşa etmir. Pakistanda, Rumıniyada, Rusiyada, Gürcüstanda, Misirdə də təhsil ocaqları inşa olunub. Sonuncu belə məktəb Həştərxanda açılıb. Düşünürəm ki, bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.

Müxbir: Fondun bunda marağı nədir? Axı, aydındır ki, bu məktəblərdə təhsil alanlar yalnız Azərbaycan diasporunun nümayəndələri olmayacaqlar?

LEYLA ƏLİYEVA: 2004-cü ildə yaradılmış Fond bizim ümummilli liderimiz Heydər Əliyevin adını daşıyır. Və əsas məqsəd də Heydər Əliyevin başladığı xeyirxah işləri davam etdirməkdir.

Biz ən müxtəlif sahələri, həmçinin xeyriyyəçilik və səhiyyəni də əhatə edirik. Səhiyyə sahəsində Fond tərəfindən Azərbaycanda regionun ən böyük Talassemiya Mərkəzi tikilib. Eyni zamanda, diabetdən əziyyət çəkən uşaqlar pulsuz vaksinlərlə təmin olunur. Əlillər üçün mərkəz, uşaqlar üçün internatlar inşa olunur. Yəni, fəaliyyətimizin çox geniş sahəni əhatə etdiyi göz qarşısındadır. Əlbəttə ki, elm sahəsini və mədəniyyət tədbirlərini də qeyd etməmək olmaz. Məsələn, ötən il biz bir çox ölkələrdə, o cümlədən Rusiyada Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünü qeyd etdik. Konsertlər, sərgilər təşkil olundu. Ən vacibi isə odur ki, bu müddət ərzində Fond Azərbaycanda əhalinin demək olar ki, bütün təbəqələrinin dəstəyini qazanmağı bacarıb. Özü də yalnız Azəbaycanda yox.

Müxbir: Əminəm ki, Sizə həmyaşıdlarınızla işləmək daha rahatdır. Bu, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı – RAGT-dır. Bu təşkilatı yaratmaq zərurəti nədən yarandı və fikrinizcə, bu gün o, Azərbaycan-Rusiya münasibətlərindəki xoş ab-havaya hansı tövhələri verir?

LEYLA ƏLİYEVA: RAGT da təxminən 5 il əvvəl yaradılıb və düzü, mən onun bu qədər fəal, uğurlu təşkilat olacağını gözləmirdim. RAGT Rusiyanın Azərbaycanlı Gənglər Təşkilatıdır. Amma bu, eyni zamanda həm də sevgi -  xalqların, insanların qarşılıqlı sevgisi deməkdir. Həqiqətən də, azərbaycanlı gəncləri bir araya gətirmək, onların Rusiya cəmiyyətinə inteqrasiyasına və Azərbaycan mədəniyyətini Rusiyada layiqincə təmsil etməsinə köməklik göstərmək mümkün oldu. Bu gün demək olar ki, bütün universitetlərdə azərbaycanlı gənclər klubları var. Maraqlıdır, bundan başqa ölkələr də nümunə götürüb və onlar da öz gənclər klublarını açmağa başlayıblar. Onlar da bununla öz ölkələrini, öz mədəniyyətlərini təmsil edirlər. Gənclik arasında çox sıx əlaqə yaranıb. Biz mütəmadi olaraq Rusiyadan Azərbaycana 30-40 tələbə göndəririk.

İndi RAGT-in dördüncü konfransına hazırlaşırıq. O, oktyabrın 12-də Moskvada keçiriləcək.

Layihələrimiz çoxdur. Məsələn, müntəzəm olaraq təmənnasız qanvermə kampaniyalarında iştirak edirik. Düzü, mən düşünürdüm ki, bunun üçün bizim gəncləri azacıq hərəkətə gətirmək lazım olacaq. Amma əksinə, onlar özləri təşəbbüslərlə çıxış edir: uşaq evlərinə gedir, uşaqlara, tələbələrə köməklik göstərirlər. Bu yaxınlarda həkim fəallarımız universitetlərdə QİÇS, narkotik, siqaretin ziyanına dair aksiyalar təşkil ediblər. Yəni, onlar müxtəlif ali məktəblərə baş çəkir, orada mühazirələr oxuyur, kitabçalar paylayırdılar. Onlar müntəzəm olaraq uşaq evlərində bayramlar təşkil edir, uşaqlara köməklik göstərirlər. Bu, çox vacibdir. Çünki gənclər daha fəaldır və onların gücü daha çoxdur. Onlar anlayırlar ki, çox iş görə bilərlər.

Müxbir: Siz daha bir təşkilatın - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü – IDEA-nın da əsasını qoymusunuz. Sizi ekoloji təşkitlat yaratmağa nə sövq etdi?

LEYLA ƏLİYEVA: IDEA artıq bir ildir ki, fəaliyyətdədir və onun əsas məqsədi əlbəttə ki, ətraf mühitin mühafizəsi, planetimizin üzləşdiyi ekoloji təhlükə haqda gənclərin məlumatlandırılmasıdır. Çoxları bu haqda düşünmür. IDEA-nı fərqləndirən cəhət bizim bu problemə çox kreativ yanaşmamızın olmasıdır. Biz müxtəlif müsabiqələr keçiririk. Sonuncu bu cür aksiyamız yox olma təhlükəsilə üzləşmiş ceyran maketlərinin yaradılması oldu. Dünyanın müxtəlif ölkələrindən olan rəssamlar maketləri ekoloji mövzuda rəngləməli idilər və bununla biz ətraf mühitin, heyvanların mühafizəsinə ehtiyacın olduğuna diqqət çəkirik. Fikrimcə, bu, çox vacibdir.

Yeri gəlmişkən, bu yaxınlarda Həştərxanda olduğum vaxt məktəblərdə kiçik qu quşunun qorunması mövzusunda müsabiqənin təşkili məsələsini müzakirə etmişik. Eyni zamanda, bir müddət əvvəl “Yer kürəsi uşaqların gözü ilə” mövzusunda fotomüsabiqəyə başlamışıq. Artıq müsabiqədə dünyanın müxtəlif ölkələrindən 2 mindən artıq məktəbli iştirak edir.

Müxbir: Ətraf mühitin qorunması ilə yanaşı, Siz azərbaycanlı və rusiyalı yeniyetmələrin qarşılıqlı inteqrasiyası üçün vasitə də yaradırsınız.

LEYLA ƏLİYEVA: Bəli, əlbəttə. Bu, həm mədəniyyətdir, həm də incəsənət. Çünki biz hər şeyə kreativ yanaşma tapmağa çalışırıq, hər şey, bir növ, yaradıcılıqla bağlıdır. İstərsə foto olsun, istərsə incəsənət, şer, poema. Eyni zamanda, bütün bunlar gənclərə özlərini ifadə etmək imkanı verir.

Müxbir: Ekologiya, müsiqi, təhsil, həmçinin, jurnalın da dərc olunduğunu bilirəm. Sizin üçün “mümkün deyil” anlayışı mövcuddurmu?

LEYLA ƏLİYEVA: Mənim fikrimcə, “Xeyir”. Çünki nə vaxt ki, “Bacarmıram” deyirlər, bu, əslində “Lazımi qədər istəmirəm” deməkdir. Yəni, bir şeyi kifayət qədər istəyirsənsə, istədiyinə inanırsansa, çox iş görmək mümkündür. Vacib olanı isə gördüyün işin həqiqətən faydalı olmasıdır. Dərəcəsindən asılı olmayaraq, müsbət nəticəni, işinin fayda verdiyini gördükdə daha çox iş görmək istəyirsən.

Müxbir: Leyla xanım, Siz gənc, enerjili, və açıq deyim ki, çox gözəl Şərq qadınısınız. Amma bütün bu tədbirlər həddindən artıq çox vaxt tələb edir. Üstəlik Sizin övladlarınız da var. Onlara da vaxt ayırmalısınız. Bütün bunları necə çatdırırsınız?

LEYLA ƏLİYEVA: Bəli, mənim iki övladım var. Bu yaxınlarda onların 4 yaşı olacaq. Mənim üçün övladlarım və ailəm hər şeydən vacibdir. Mən övladlarıma valideynlərimin mənə verdiklərini vermək istəyirəm. İstəyirəm ki, onlar daim məhəbbət və qayğı içində böyüsünlər. Bu, ən vacibidir. Dünyanın müxtəlif ölkələrinə saysız-hesabsız səfərlər etməli oluram. Bu zaman övladlarımı da özümlə aparıram. Ona görə də darıxmıram. Vaxtı isə tapmaq mümkündür. Əsas odur ki, hamı sağlam olsun.

Müxbir: Bizə yalnız maraqlı söhbətə görə Sizə minnətdarlıq etmək qalır. Azərbaycanda deyildiyi kimi, “Çox sağ olun”.

LEYLA ƏLİYEVA: Çox sağ olun.