Yanvarın 13-də “Four Seasons Hotel Baku” otelində rus dilində nəşr edilən “Nargis” jurnalının ilk nömrəsinin rəsmi təqdimatı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Jurnalın baş redaktoru Ülviyyə Rəhmanova çıxış edərək yeni nəşrin məqsəd və vəzifələrindən danışıb. O, bildirib ki, “Nargis” incəsənət və moda aləmində oxucunun əsl bələdçisinə çevriləcək. Oxucular bu nəşrin səhifələrində incəsənət və moda aləmində baş verən yeniliklər, müasir meyllər barədə dolğun məlumat əldə edə biləcəklər. Jurnalda istedadlı heykəltəraşlar, rəssamlar, yazıçılar, rejissorlar, bəstəkarlar, opera müğənnilərinin yaradıcılıqları haqqında məqalələr yer alacaq.
“Nargis” jurnalının ilk nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın eksklüziv fotosessiyası, professor Nərgiz Paşayeva ilə müsahibə yer alıb. Bu nömrədə həmçinin tanınmış fransız dizayneri Jetrua, Londonda çalışan məşhur norveçli dizayner Kristian Aadnevik, Rusiyanın məşhur teatr rejissoru Roman Viktyuk, ingilis dizayneri Devid Linley və bir çox digər məşhurlarla maraqlı müsahibələr dərc olunub.
Digər çıxış edənlər də “Nargis” jurnalının məziyyətlərindən danışıblar.
Jurnal rübdə bir dəfə, 368 səhifə ilə çap olunacaq.