Qəbələdə gənc ekoloqların beynəlxalq düşərgəsi keçirilir
25/11/2011

Noyabrın 25-də Qəbələdə Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün – IDEA-nın təşkilatçılığı ilə “Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah” devizi ilə gənc ekoloqların beynəlxalq düşərgəsi başlayıb.

Düşərgənin keçirilməsinin məqsədi regionda və dünyada inkişaf etməkdə olan müxtəlif ekoloji qruplar və hərəkatlar arasında əməkdaşlıq və təşkilatlanma vasitəsilə işgüzar əlaqələrin qurulmasına töhfə vermək, gənc ekoloqların təmsil etdikləri regionların ictimai həyatında fəal iştirakını təmin etmək, onların öz icmalarında rolunu gücləndirmək və ekoloji maarifləndirmə prosesini həyata keçirmək üçün gəncləri səfir olmağa təşviq etməkdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA-nın təsisçisi Leyla Əliyeva açılış mərasimində çıxış edib:

- Xanımlar və cənablar!

Əziz dostlar!

Sizi Qəbələdə salamlamağıma çox şadam. Qəbələ Azərbaycanın ən gözəl və tarixi bölgələrindən biridir. Mən özüm isə Qəbələyə adətən yayda gəlirəm, göl qırağında və meşədə çoxlu vaxt keçirirəm. İndi isə, hər tərəf qarla örtüldüyü bir vaxtda düşünürəm ki, Qəbələ daha da gözəldir.

Bu gün burada Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı ilə dialoqun təbliğ edilməsi, ətraf mühitin qorunması ilə bağlı vacib məsələlərin müzakirəsi, indiki və gələcək nəsillər arasında əlaqələrin yaradılması məqsədilə gənc ekoloqların beynəlxalq düşərgəsi təşkil olunmuşdur.

Biz ekoloji çağırışlarla üzləşirik ki, bunlar da bizdən Yer kürəsinin sərvətlərinin necə idarə olunduğu barədə düşünməyi tələb edir. Gənc nəsil yaranmış vəziyyətə, iqlim dəyişikliyindən əmələ gələn ekoloji problemlərə, atmosferdə istixana qazlarının toplanmasına, dəniz sularının səviyyəsinin artmasına, quraqlığa və bunların nəticəsində dünyanın müxtəlif ölkələrində humanitar problemlərə laqeyd qala bilməz. Bunlar hamısı bu gün nəzərdən keçirilməlidir.

Çıxışımı statistik göstəricilərlə davam etmək istərdim. Son 50-60 ildə insan fəaliyyətinin genişlənməsi dünyada flora və faunanın ekoloji tarazlığını pozmuşdur. Biz heyvanları təbii areallarından ayırmışıq, meşələri qırırıq, mədənlər açırıq. 2010-cu ildə atmosferdə karbon qazının konsentrasiyası milyonda 389 hissə olmuşdur ki, bu da 1750-ci il sənaye dövrünün başlanmasından bəri ən yüksək göstəricidir. Maraqlı və eyni zamanda, narahatedicidir ki, bir avtomobil ildə atmosferdən orta hesabla dörd ton oksigen udur, atmosferə təqribən 800 kiloqram dəm qazı, 40 kiloqram azot oksidi və təxminən 200 kiloqram karbon qazı buraxır.

Məhz buna görə bu ilin iyulunda başladığımız Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün əsas prioritetlərindən biri Bakı ətrafındakı ərazilərə ağac əkməkdir. Biz kampaniyaya “Cavan ruh üçün cavan ağac” devizi altında başlamışıq. 2012-ci ildə Rio-de Janeyroda keçiriləcək BMT-nin Davamlı İnkişaf üzrə “Rio+20” Konfransına qədər 300 min ağac əkməyi nəzərdə tutmuşuq. Hamımıza xatırladılmalıdır ki, ağaclar və bitkilər planetimizdə oksigenin yeganə mənbəyidir. Günəşli gündə bir ağacın yarpaqlarının 25 faizi bir adamın gün ərzində ehtiyac duyduğu qədər oksigen verir. Ağacların bir akrı bir gündə 18 insana kifayət edəcək qədər oksigen buraxır.

Azərbaycan təkcə 11 iqlim qurşağından 9-nun mövcud olduğu bir ölkə deyil - halbuki bu, özlüyündə nadir fenomendir, - həm də ecazkar landşaft əmələ gətirən palçıq vulkanları, yanar dağ, endemik ağaclar, yüksək dağlıq yaylalar, gözəl sahilyanı ərazilər, sıx meşələr, dərələr, səhralar ölkəsidir. Dünyanın ən böyük gölü olan Xəzərə ahəngdarlıqla tökülən gur çaylarımız xəritədə gözəl görüntü yaradır.

Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü mənim ölkəmdə ətraf mühitin qorunması sahəsində aparılan işin məntiqi davamıdır. 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan olunmuşdu. 2010-cu ildə ölkəmizdə 14 milyon ağac əkilmiş, çoxlu parklar salınmışdır.

Vitse-prezidenti olduğum Heydər Əliyev Fondu Azərbaycan ceyranlarının mühafizəsi və təbii yaşayış mühitinə qaytarılması kampaniyasına start vermişdir. Biz, gün ərzində bir neçə dəfə boyunlarına bərkidilmiş və olduqları yer barədə məlumat ötürən xüsusi ötürücülər vasitəsilə ceyranların hərəkəti haqqında məlumat qəbul edirik. Nəsli kəsilən heyvanların mühafizəsi bizim üçün əsas prioritetlərdəndir. Heyvanların insan tərəfindən ovlanmasının kəskin artması nəticəsində ən iri bəbirlər yarımnövünə aid Qafqaz bəbirinin nəsli kəsilmək təhlükəsi ilə üzləşmişdir. Bu, gözəl və heyranedici heyvandır. Onun varlığı bütöv ekosistemin sağlamlığının göstəricisidir.

Üzərində işlədiyimiz digər layihə Bakıda yerləşən və XII əsrə aid mədəniyyət abidəsi olan Qız qalasının bərpası zamanı başlanmışdır. Biz qeyri-adi hadisə ilə rastlaşdıq. Uzunqanad adlanan quşlar dəstəsi Qız qalasının üzərində 200-ə yaxın yuva tikmişdir. Köçəri quşlar olan qara uzunqanadlar yayın ortalarında Azərbaycana, qışda isə daha uzaqlara - Cənubi Afrikaya köçür. Bu quşların təhlükəsizliyini təmin etmək məqsədi ilə Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün üzvləri yeni layihəyə start vermişlər. Onlar Qız qalasında bərpa işlərinin davam etdiyi bir vaxtda bu quşlar üçün alternativ yuvalar düzəldirlər. İDEA Ətraf Mühit Kampaniyası, eyni zamanda, Qafqazın böyük beşliyini də müəyyənləşdirmişdir – ayı, qartal, canavar, bəbir və ceyran. Bu növlərin mühafizəsi bizim əsas vəzifəmiz kimi qəbul edilməlidir.

Azərbaycanın təbii müxtəlifliyi, gölləri və çayları, dağları və düzənlikləri, meşələri və səhraları ölkəmi nadir məkana çevirir. Məhz bu amil bizim komandamızı kampaniya üçün “Bir yer kürəsi - bir gələcək” şüarı seçməyə ilhamlandırmışdır. Bizim bir planetimiz və bir gələcəyimiz vardır və bu gün biz gənclər necə planetdə yaşamaq istədiyimizə qərar verməliyik. Biz gənclər təxirəsalınmaz vəzifələri, uşaqlarımızın təhlükəsiz və sabit gələcəyini təmin etmək üçün nə ediləcəyimizi müəyyənləşdirməliyik. Təbiət gecikmələrə dözmür. Buna görə də Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü təcili fəaliyyətə çağırır. Bu gün burada 35 ölkədən 85 nümayəndə iştirak edir. Bu, dünyanın üçdəbiridir. Bu, onu göstərir ki, biz birlikdə qüvvəyik.

Biz mühüm qlobal ekoloji problemləri müzakirə etmək və onların həllini tapmağa çalışmaq üçün Azərbaycanın ən gözəl guşələrinin birində toplaşmışıq. Növbəti iki gün ərzində siz maraqlı məruzələr dinləmək və mənalı müzakirələrin bir hissəsi olmaq imkanı əldə edəcəksiniz. Biz bu düşərgəni illik tədbirə, Qəbələni isə gənclər arasında dialoqun məkanına çevirmək istərdik. Bir-birimizi başa düşməyə çalışmaq, əməkdaşlığın perspektivlərini müzakirə və təsvir etmək qarşımızda duran vəzifələrin yerinə yetirməsini asanlaşdıracaqdır. Bu iki gün hələ başlanğıcdır - bir missiyanın və bizim bu gün təyin edəcəyimiz bir yolun başlanğıcı. Ətraf mühitin mühafizəsi sərhəd tanımır. Bu, bizim ümumi vəzifəmizdir və ətraf mühitin qorunması üçün atılmış hər bir addım bizim şərikli uğurumuz olacaqdır.

Əziz dostlar!

Şübhə etmirəm ki, biganə qalmayan və dəyişikliklərə can atan gənclərin göstərdiyi həvəs sayəsində bu kampaniya uğurlu olacaq və ümid edirəm ki, İDEA planetimizin qorunmasına öz töhfəsini verəcəkdir. Hamınıza Azərbaycana gəldiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, ölkəmizdə keçirdiyiniz vaxtdan zövq alacaqsınız və özünüz üçün nə isə yeni və sehrli bir şey kəşf edəcəksiniz. Hamınıza xoşbəxtlik, uğurlar və cansağlığı arzulayıram. Çox sağ olun.

***

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, son illər Azərbaycanda ətraf mühitlə bağlı vəziyyət müsbət istiqamətdə köklü şəkildə dəyişib. Azərbaycan iqtisadiyyatı daha çox enerji resurslarının hasilatı ilə bağlı olsa da, ölkəmizdə alternativ və bərpa olunan enerjinin inkişafı da xüsusi diqqət mərkəzindədir.

Nazirin sözlərinə görə, Azərbaycanda həyata keçirilən layihələr nəticəsində meşə sahələri artır, ölkəmizdə müasir irriqasiya sistemləri qurulur, çirkli suların təmizlənməsi üçün texnologiyadan istifadə olunur, ən ucqar kəndlər belə təmiz su ilə təmin edilir.

Ətraf mühitlə bağlı problemlərin həllində hər bir vətəndaşın iştirakının vacibliyini vurğulayan H.Bağırov bu məsələdə Heydər Əliyev Fondunun, xüsusilə də vitse-prezident Leyla Əliyevanın fəaliyyətini yüksək qiymətləndirib.

H.Bağırov, həmçinin Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında “2012-ildə keçiriləcək “Rio+20” Sammitinə hazırlıq məqsədilə Azərbaycan gənclərinin səfərbər edilməsi” layihəsinin əhəmiyyəti haqqında danışıb.

Gənclər və idman naziri Azad Rəhimov isə XXI əsrin davamlı inkişafı ekologiya və sosial tələbatların harmoniyası demək olduğunu söyləyib. O, deyib ki, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan olunması bütün diqqəti ətraf mühitin qorunmasına cəlb edib: “Ötən il qlobal miqyasda baş vermiş təbii fəlakətlər əslində bütün dünyada “Ekologiya ili”nin elan olunmasını zəruri edir”.

Nazir bildirib ki, hazırda bütün diqqət gələn il Rio-de Janeyroda keçiriləcək “Rio+20” Sammitinə yönəlib: “Lakin əsas məsələ burada qəbul ediləcək qərarların yerinə yetirilməsidir və bu məsələdə gənclərin iştirakı çox vacibdir”.

A.Rəhimov bugünkü tədbirin aparıcı qüvvəsini gənclərin təşkil etməsinin çox sevindirici hal olduğunu vurğulayıb: “Leyla Əliyeva IDEA-nı təsis etməklə ətraf mühitin qorunması işində gənclər arasında əməkdaşlığın əsasını qoyub. Qəbələdə keçirilən düşərgə isə bunun üçün gözəl imkan yaradır”.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Prezident İlham Əliyevin təsdiq etdiyi dövlət proqramlarına uyğun olaraq, ARDNŞ ətraf mühitlə bağlı problemlərin həlli üçün uğurlu layihələr həyata keçirdiyini söyləyib: “Azərbaycanda 2010-cu ilin “Ekologiya ili” elan edilməsi neft və qaz sənayesində də ətraf mühitin qorunması ilə bağlı fəaliyyəti gücləndirib. ARDNŞ-in ekoloji fəaliyyətinin əsasını ətraf mühitin qorunmasında əsas istiqamətlərin müəyyənləşməsi və təbii sərvətlərin səmərəli istifadəsi təşkil edir”.

R.Hüseynzadə Azərbaycanda çirklənmiş torpaqların təmizlənməsi üçün çoxlu resurslardan və yeni texnologiyadan istifadə olunduğunu, ARDNŞ indiyədək 840 hektardan artıq çirkli torpaq sahəsini təmizlədiyini, bu istiqamətdə işlərin davam etdirildiyini söyləyib.

ABŞ-ın “Earth Force” təşkilatının prezidenti və icraçı direktoru Lisa Bardvel IDEA Ətraf Mühit Kampaniyasının gəncləri ekoloji məsələlərlə bağlı lahiyələrə cəlb etməsini yüksək qiymətləndirib, buna görə Leyla Əliyevaya təşəkkür edib.

Ekoloji problemlərlə üzləşdiyimiz müasir dünyada bu cür təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayan L.Bardvel Azərbaycanın dilbər güşəsi Qəbələdə keçirilən bu düşərgənin olduqca səmərəli müzakirələrlə yadda qalacağına və onun nəticələrinin uğurlu olacağına əminliyini ifadə edib.

BMT-nin İnkişaf Proqramının daimi nümayəndəsinin müavini Nato Alxazişvili isə dünyanın müxtəlif ölkələrindən gənc ekoloqları bir araya gətirən bu düşərgənin ətraf mühuitin qorunmasına verilən mühüm töhfə olduğunu söyləyib. O, düşərgənin ətraf mühitin qorunmasında iştirak edən gənclər arasında maarişləndirmə işlərinin aparılması və onlar arasında əməkdaşlığın təşviq edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Böyük Britaniyanın “EcoMuslim” təşkilatının direktoru Ömər Faruk parlamentin Lordlar Palatasının üzvü Məhəmməd İltaf Şeyxin Leyla Əliyevaya dünyanın müxtəlif ölkələrindən gənc ekoloqların bir araya gətirilərək ətraf mühitlə bağlı vacib məsələlərin müzakirə edilməsi təşəbbüsünə görə təbrik məktubunu oxuyub.

Ö.Faruk düşərgənin “Bir yer kürəsi-bir gələcək” şüarı altında keçirilməsinə diqqəti cəlb edərək bildirib ki, ətraf mühitin qorunması yaşadığımız dünyanın gələcək nəsillər üçün təhlükəsiz məkana çevrilməsi baxımından hər birimizin üzərinə ciddi məsuliyyət qoyur.

***

Sonra düşərgə iştirakçıları birgə foto çəkdiriblər.

Düşərgə işini bölmə iclaslarında davam etdirib.

Dünyanın 35 ölkəsindən 100-dən çox gənc ekoloqun iştirak etdiyi düşərgənin bölmə iclaslarında “Yeni və yaranmaqda olan qlobal ekoloji problemlərin həllində gənclərin rolu”, “Ətraf mühit üzrə əməkdaşlıq üçün perspektivlər – şəbəkə və ictimaiyyətə dəstək layihələri”, “Yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi” mövzularında müzakirələr aparılıb.

Beynəlxalq düşərgə noyabrın 26-da başa çatacaq.

IDEA Ətraf Mühit Kampaniyası bu il iyulun 12-də Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayıb. Kampaniyanın əsas məqsədi gəncləri bir araya gətirərək, onları ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmaq və həvəsləndirməkdir.