Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Martın 1-də Moskvada Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində tanınmış rus yazıçısı, professor Yuri Pompeyevin “Qarabağ gündəliyi” kitabının təqdimatı olub. İslam Konfransı Təşkilatı Gənclər Forumundan (İKGF) verilən məlumata görə, Moskvanın “Kanonplyus” nəşriyyatı tərəfindən çap etdirilmiş kitab İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində hazırlanıb.
Tədbirdə çıxış edən Leyla Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Rusiya oxucusuna həqiqətləri çatdıran bu kitabın əhəmiyyətini vurğulayıb, müəllifin Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində oynadığı roldan bəhs edib: “Professor Pompeyev mürəkkəb bir dövrdə dəfələrlə Qafqazda münaqişə zonalarında olmuş, Qarabağda başlanan separatizmin nəinki Azərbaycanın, ümumilikdə milyonlarla insanın taleyinin birləşdiyi böyük bir ölkənin ərazi bütövlüyünə zərbə vurduğunu öz gözləri ilə görmüşdür”. Leyla Əliyeva, həmçinin kitabın münaqişənin səbəb və ağır nəticələri haqqında Rusiya oxucularında obyektiv fikir yaradacağına əminliyini bildirib.
Kitabın əhəmiyyətindən danışan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində qətiyyətli fəaliyyətindən danışıb.
İKGF-nin baş katibi Elşad İsgəndərov “Xocalıya Ədalət” kampaniyasının birillik fəaliyyəti barədə təqdimatla çıxış edib, beynəlxalq qurumlar çərçivəsində Xocalı qətliamını törədənləri pisləyən qərarların qəbul edilməsinin əhəmiyyətini vurğulayıb.
Kitabın müəllifi professor Y.Pompeyev “Xocalıya Ədalət” kampaniyasına dəstəyini ifadə etmiş, tədbir iştirakçılarına kitabın yaranması ideyasından danışıb, keçən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ müharibəsi zamanı Azərbaycan ətrafında informasiya blokadasının aradan qaldırılması uğrunda aparılan mübarizədən bəhs edib. O, ötən ilin avqustunda Bakıya səfəri zamanı ölkədə gedən irimiqyaslı inkişaf və Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı siyasətlə bağlı onda yaranmış təəssüratları tədbir iştirakçıları ilə bölüşüb.
Milli Məclisin deputatı Elmira Axundova münaqişə həll edilməyənədək kitabdakı fikirlərin aktuallığını xüsusi vurğulayıb. Kitabın tədqimatında Moskva Dövlət Universitetinin professoru Qeorqi Alekseyev, Qarabağ müharibəsi zamanı Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat üzrə katibi işləmiş, rusdilli “Azərbaycanın panoraması” qəzetinin redaktoru Fərhad Ağamaliyev çıxış ediblər.
Tədbirdə ziyalılar, ali məktəb tələbələri və KİV nümayəndələri iştirak ediblər. Onlar 2009-cu ildə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində keçirilmiş tədbirləri əks etdirən forosərgi ilə tanış olublar.
Müəllifin siyasi və ictimai xadimlərdən münaqişə ilə bağlı götürdüyü müsahibələr və tarixi sənədlər əsasında tarixi-publisisitik janrda yazdığı “Qarabağ gündəliyi” kitabında münaqişənin ilkin dövründən başlayaraq baş verən təlatümlü hadisələrin təhlili verilib. Əsərdə münaqişənin alovlanmasına şərait yaradan, Xocalı soyqırımına aparan proseslərdə sovet hakimiyyət qurumlarında təmsil olunan pərdəarxası qüvvələr, erməni lobbisi və onların M.Qorbaçovla gizli münasibətlərindən bəhs edilir. Keçmiş sovet məkanında öz ölkəsinin taleyini düşünən rus ziyalısının mövqeyindən yazılmış bu kitabda çətin siyasi dövrdə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda apardığı mübarizəsindən də danışılır.
Kitab keçmiş SSRİ-nin son dövrləri və Azərbaycan xalqının milli-azadlıq hərəkatını öyrənmək istəyən tarixçilər, politoloqlar üçün xüsusi əhəmiyyət kəsb edir.
“Xocalıya Ədalət” kampaniyası 2008-ci ilin mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülüb. O, hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllünun iştirakı ilə uğurla davam etdirilməkdədir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə siyasi-hüquqi və mənəvi qiymət verilməsini, həmçinin beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org internet saytı vasitəsilə aparılır.