Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Fevralın 26-da XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Bakıda 85 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yürüşdə iştirak edib.
Yürüş iştirakçıları paytaxtın “Azadlıq” meydanından Xocalı soyqırımının qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başladılar. Yürüşün keçdiyi prospekt və küçələr boyu əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 20 il bundan əvvəl baş vermiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq çağırışları, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadları yazılmış transparantlar, “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”,”Xocalını unutmayın”, “Rədd olsun erməni faşizmi!” və s. sözləri yazılmış plakatlar tutan gənclər düzülmüşdü. Yürüş iştirakçıları da başları üzərində eyni məzmunlu transparantlar və plakatlar tutmuşdular.
Xocalı soyqırımı qurbanlarının abidəsinin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.
Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva abidənin önünə tər çiçəklər qoydular.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzdülər.
Ümumxalq yürüşündə iştirak edən insanlar abidə önündə soyqırımı qurbanlarının xatirəsini hüznlə yad edərək, “Xocalıya ədalət”, “Xocalını unutmayın”, “Xocalı - əsrin soyqırımı” şüarlarını səsləndiriblər.
1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə soyqırımı törədib. Şəhər dağıdılıb, 613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüb, 487 nəfər ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 8 ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb, şikəst ediliblər.