Yanvarın 14-də Heydər Əliyev Fondunun və Müasir İncəsənət Muzeyinin birgə layihəsi əsasında Nizami rayon 1 nömrəli uşaq evinin sakinlərinin əl işlərindən ibarət “Bacarıqlı əllərin böyük işləri” adlı sərgi açılıb
Sərginin Müasir İncəsənət Muzeyində keçirilən açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan sərgidə 10-18 yaşlı 30 istedadlı uşağın ümumilikdə 140 əl işi nümayiş olunur. Bu sənət nümunələri 300-dən çox işin arasından seçilib. Bu əsərlərin əksəriyyəti xarici ölkələrdə sərgilənib.
Tədbirdə çıxış edən Nizami rayonundakı 1 nömrəli uşaq evinin direktoru Nərminə Zöhrabova sərginin təşkilatçılarına minnətdarlığını bildirib.
Ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından söz açan N.Zöhrabova belə sərgilərin istedadlı uşaqların üzə çıxması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra sərgiyə baxış keçirilib. Uşaqların əl işlərində Azərbaycan təbiətinin gözəllikləri, xalqımızın başına gətirilmiş faciələr, qədim tarixi abidələrimiz, nağıl qəhrəmanları və digər mövzular öz əksini tapıb.
Uşaqlara yeni yaradıcılıq uğurları arzulayan Mehriban Əliyeva onların qayğıları ilə maraqlanıb və öz tövsiyələrini verib.
Sonra 1 nömrəli uşaq evinin sakini Nahid Sarıyev özünün “Abşeron” əsərini Mehriban Əliyevaya təqdim edib.
Sərgi yanvarın 28-dək davam edəcək.