Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil olunub.
Festivalda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, eləcə də dövlət və hökumət rəsmiləri, tərəfdaş şirkətlərin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
ADA Məhsul bayramı çərçivəsində Heykəltaraşlıq Simpoziumunun yekunu olaraq, ADA Məktəbində üç yeni heykəltaraşlıq əsərinin açılışı keçirilib. Əsərlərin müəllifləri Azərbaycan heykəltaraşları Kamran Əsədov, Müşfiq Heydərov və İmran Mehdiyevdir. Layihənin əsas məqsədi məktəbliləri yaradıcılıq prosesinə cəlb etmək, onların ideya və təxəyyüllərini heykəllərin ilkin eskizlərinin hazırlanmasında əks etdirmək olub.
Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçilik ənənələrini yaşatmaq və gənc nəsli erkən yaşlardan cəmiyyət üçün faydalı şəxsiyyətlər kimi yetişdirməkdir.
Tədbir bədii proqramla davam edib.
ADA Məktəbinin, Q.Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin, F.Əmirov adına 6 nömrəli 11 illik Uşaq İncəsənət Məktəbinin, həmçinin 24 və 33 nömrəli 11 illik musiqi məktəblərinin şagirdlərinin hazırladıqları musiqi, rəqs və yaradıcı çıxışlar festivala xüsusi bayram əhvali-ruhiyyəsi qatıb.
Tədbir çərçivəsində ADA Məktəbinin şagirdlərinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin əl işlərindən, eləcə də tərəfdaş şirkətlərin məhsullarından ibarət xeyriyyə sərgi-satışı təşkil olunub. Sərgi-satışdan əldə edilən vəsait təhsilyönümlü sosial layihələrin həyata keçirilməsinə yönəldiləcək.
Qeyd edək ki, keçənilki "Məhsul bayramı" zamanı toplanmış 27,309 AZN məbləğində vəsait hesabına 4 vacib sosial layihə – “Tikiş Bacarıqlarından Peşəyə”, “Sənətkarlıq Dərsləri”, “Bir ADA-nın sirri”, eləcə də 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin uşaqlarının birgə iştirakı ilə həyata keçirilən “Dostluq Körpüsü” layihəsi uğurla reallaşdırılıb. Ümumilikdə 600 nəfərin bəhrələndiyi bu təşəbbüslər uşaqların yaradıcılığını, sosial inteqrasiyasını, peşə bacarıqlarını və şəxsi inkişafını dəstəkləməklə yanaşı, müxtəlif sosial mühitlərdən olan uşaqlar arasında dostluq və əməkdaşlıq körpüsü yaradır.
Bayramda ölkəmizin müxtəlif bölgələrində yetişdirilən meyvə-tərəvəz, çörək və şirniyyat məhsulları, digər yerli istehsal nümunələri, eləcə də qeyri-qida malları satışa çıxarılıb.
Tədbirin təşkilati dəstəkçiləri sırasında “Azərpambıq”, “Təmiz Şəhər”, “AZ Projects GROUP” və “Liv Bona Dea Hospital” yer alıb.