Fevralın 4-də Moskvanın məşhur “Multimedia Art Muzey”ində Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın Rusiyadakı səfirliyinin və “Baku” jurnalının birgə təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti sərgisi” açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdiyi açılış mərasimində Rusiyanın nüfuzlu şəxsləri, ictimai xadimləri, incəsənət adamları, dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlar var idi.
İndiyədək Londonda, Berlində və Parisdə nümayiş etdirilən sərginin Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində uğurlu fəaliyyətinin davamı olduğu qeyd edilib. Sərgi Rusiya paytaxtında da xüsusi maraqla qarşılanıb. Fevralın 24-dək davam edəcək sərgidə rəngkarlıq, heykəltəraşlıq, installyasiya, video-art, performans və foto janrlarında işləyən 21 Azərbaycan rəssamının 107 əsəri nümayiş etdirilir. Əsərlərin əksəriyyəti məxsusi olaraq sərgi üçün yaradılıb.
“Multimedia Art Muzey”in direktoru Olqa Sviblova tədbirin əhəmiyyətini vurğulayıb, belə bir sərginin Rusiya paytaxtının mədəni həyatında əlamətdar hadisə olduğunu bildirib.
O.Sviblova sərginin təşkilinə dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür edib, Azərbaycanının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan incəsənətinin və mədəniyyətinin hərtərəfli təbliğindəki rolunu vurğulayıb.
Leyla Əliyeva tədbirdə çıxış edib.
Leyla Əliyevanın çıxışı:
-Hörmətli qonaqlar, əziz dostlar.
Mən bu gün sizin hamınızı “Bakıya uçuş. Azərbaycan müasir incəsənəti sərgisi”ndə salamlamağa şadam. Mənə çox xoşdur ki, bu sərgi yaradıcılığın ən qabaqcıl və maraqlı növləri üçün açıq olan və bütün dünyada istedadlı insanları təqdim edən məşhur “Multimedia Art Muzeyi”ndə keçirilir. Bu gün biz sizin üçün ən müxtəlif üslub və istiqamətləri əks etdirən Azərbaycan müasir incəsənəti sərgisi hazırlamışıq. Bu sərgi üzərində 21 Azərbaycan rəssamı çalışmışdır. Onların bəziləri gəncdir, yaradıcılığa yenicə başlamışdır. Lakin onların arasında çox tanınmış rəssamlar da vardır. Bu gün siz burada video, installyasiya, heykəltəraşlıq, rəngkarlıq və foto janrlarında 100-dən çox əsər görəcəksiniz. Ən maraqlısı odur ki, əsərlərin əksəriyyəti məxsusi olaraq “Bakıya uçuş” sərgisi üçün hazırlanmışdır. Bu sərgi artıq Londonda, Parisdə, Berlində nümayiş etdirilmişdir və ümid edirəm ki, onu dünyanın bir çox şəhərlərində də görəcəklər.
Biz bu sərgiyə təxminən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi sizə öz dilində - incəsənət dilində bu gün bizim Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaqdır. Axı Azərbaycan Şərq ilə Qərbi birləşdirən, çox zəngin mədəniyyətə və qədim tarixə məxsus misilsiz ölkədir. Azərbaycan çox şeylə fəxr edə bilər. Bəlkə də çoxları bilmir ki, Azərbaycan 1901-ci ildə qızlar məktəbi açmış, 1918-ci ildə qadınlara ilk dəfə seçki hüququ vermiş ilk Şərq ölkəsidir. Şərqdə ilk opera - “Leyli və Məcnun” da bizdə yaranmışdır. Azərbaycan həmişə mənəvi dəyərləri və ənənələri birləşdirmişdir. Bu gün bizim ölkəmizdə müsəlman məscidi, zərdüşt məbədi, xristian kilsəsi və sinaqoq vardır. Şəhərimizin arxitekturası, ümumiyyətlə, İçərişəhərdəki Qız qalasından Zaha Hadidin postmodernizm memarlıq şedevrinə və əlbəttə ki, hamımızın sevdiyi, Xəzər dənizinin sahillərində yerləşən Bakı bulvarınadək ən müxtəlif üslubları özündə birləşdirir.
Mən ümid edirəm ki, bu sərgi sizə Azərbaycanın müasir incəsənətini daha dərindən öyrənməyə imkan verəcəkdir. Mən xoşbəxtəm ki, bu sərgi bu gün Moskva kimi gözəl şəhərdə, bu yaraşıqlı salonda açılır. Bu, bizim burada keçirdiyimiz ilk tədbir deyildir. Bir il bundan əvvəl burada “Baku” jurnalının ingilisdilli versiyasının təqdimatı keçirilmişdi. Mən sizə sevinclə bildirmək istəyirəm ki, bu gün jurnalımızın 5 yaşı tamam olmuşdur. Ötən dövr ərzində biz sevimli oxucularımızı tapmışıq və ölkəmizin zəngin mədəniyyəti, qədim tarixi və maraqlı insanlarından söhbət aça bilmişik. Lakin 5 yaş böyük müddət deyildir. Ona görə də əminəm ki, gələcəkdə bizi çox maraqlı mövzularda məqalələr gözləyir.
Əziz dostlar, bu axşamı bizimlə keçirdiyinizə görə sizə təşəkkür edirəm və Olqa Sviblovaya dərin minnətdarlığımı bildirirəm. Biz uzun illərdir ki, birlikdəyik. Bu, bizim birinci layihəmiz deyildir. Bizi qarşıda çox maraqlı layihələr gözləyir. Mən həm də bu sərgi üzərində işləyənlərin hamısına, o cümlədən kuratorumuz Erve Mikaeloffa və bütün bu əsərləri yaratmış gözəl və istedadlı rəssamlara təşəkkürümü bildirirəm. Mən sizin hamınıza xoş axşam arzulayır və bizim sehirli şəhərimiz Bakıya uçuşa dəvət edirəm. Çox sağ olun.
xxx
Sərginin kuratoru Erve Mikaeloff çıxışında ekspozisiyanın zənginliyi, nümayiş etdirilən əsərlərin orijinallığı ilə fərqləndiyini diqqətə çatdırıb. O bildirib ki, bu cür tədbirlər qədim köklərə malik Azərbaycan incəsənətinin dünyada tanınmasına xidmət edir: “Əminəm ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən bu tədbirlər sayəsində Azərbaycan incəsənəti dünyada tanınmış brend olacaq”.
Leyla Əliyevanın Azərbaycan nağıllarına çəkdiyi illüstrasiyaları, “Kəpənək”, “Bizim keçmişimiz”, “Biri var idi, biri yox idi”, “Məhəbbət”, “Yalan”, “Tənhalıq” və digər əsərləri sərgiyə gələnlərin xüsusi marağına səbəb olub.
Tanınmış rəssam Altay Sadıqzadənin heykəltəraşlıq, rəngkarlıq və qrafika əsərləri, Aida Mahmudovanın şəhər mənzərələri, Faiq Əhmədin alüminium və plastik kütlədən hazırladığı ornamentləri, Rəşad Ələkbərovun və Elyar Əlimirzəyevin tətbiqi incəsənət janrında işləri də tamaşaçıların diqqətini çəkib.
Sərgiyə gələnlərə Heydər Əliyev Fondunun rəssamların əsərlərindən hazırladığı açıqcalar və kitabçalar paylanılıb.
xxx
Sərgidən sonra “Baku” jurnalının 5 illik yubileyi ilə əlaqədar ziyafət təşkil olunub. Ziyafətdə “Baku” jurnalına həsr olunmuş film və moda sərgisi nümayiş etdirilib.