Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Mayın 19-da İçərişəhərdəki Kiçik Karvansarada ənənəvi “Qız qalası” Üçüncü Beynəlxalq incəsənət festivalının başa çatmasına həsr edilmiş mərasim keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.
Mədəniyyətlərarası dialoqa xüsusi töhfə verən “Qız qalası” Beynəlxalq incəsənət festivalı 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız qalası” Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilir.
“Qız qalası” Üçüncü Beynəlxalq incəsənət festivalının məqsədi Azərbaycanın ən qədim və dünya əhəmiyyətli abidələrindən olan Qız qalasının təbliğidir. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş və Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılması məqsədilə keçirilən builki incəsənət festivalında 24 ölkədən 30-dan çox tanınmış rəssam iştirak edib. Onlar qalanın kiçik maketlərini öz milli üslublarında naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradıblar.
Əvvəlki festivallardan fərqli olaraq nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nə diqqəti cəlb etmək məqsədilə bu il ilk dəfə olaraq, IDEA Beynəlxalq Ətraf Mühit Kampaniyası çərçivəsində ceyran maketləri hazırlanıb. Həmin maketlər ötən illərdəki müsabiqələrdə iştirak etmiş və artıq festivalın dostları hesab olunan rəssamlar tərəfindən bəzədilib.
Bu işlər sırasında yer alan Mehriban Əliyevanın və Leyla Əliyevanın əsərləri iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Festivalda sərgilənən işlərlə yaxından tanış olan Mehriban Əliyevaya məlumat verilib ki, hər il iştirakçı rəssamların müxtəlif ölkələri təmsil etməsi festivalın əhatə dairəsini genişləndirərək mədəniyyətlərarası dialoqa mühüm töhfə verir.
Müəlliflər öz əsərlərinin ideya məzmunu haqqında Mehriban Əliyevaya ətraflı məlumat veriblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə çıxış edərək dedi:
- Xanımlar və cənablar!
Əziz dostlar!
Hər şeydən əvvəl, sizi gözəl şəhərimiz Bakıda salamlayıram. “Qız qalası” Üçüncü Beynəlxalq incəsənət festivalı çərçivəsində keçirilən “Böyük beşlik” sərgisinə xoş gəlmisiniz.
Biz bu festivalı üçüncü dəfədir ki, keçiririk. Çox böyük uğur qazanan bu festival Bakı sakinlərinə dünyanın fərqli ölkələrindən müxtəlif rəssamların yaradıcılıq nümunələri ilə tanış olmağa imkan verir.
Bu gün biz burada Azərbaycanda və Cənubi Qafqazda ən gözəl, lakin nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanlardan biri olan ceyranı nümayiş etdiririk. “Böyük beşlik” sərgisi diqqəti Azərbaycanda və regionda nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanlara cəlb etmək üçün təşkil edilmişdir.
IDEA Kampaniyası nəsli kəsilmək təhlükəsi ilə üzləşən ayı, qartal, canavar, ceyran və Qafqaz bəbirini “Böyük beşliy”ə daxil etmişdir. Bu gün biz nəsli kəsilmək təhlükəsi ilə üzləşən bu canlılara nümunə kimi ceyrandan istifadə edirik. Ceyran Azərbaycanın sehirli nağıllarında və musiqilərində hər zaman zəriflik və gözəllik rəmzi olmuşdur. Heydər Əliyev Fondu Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ceyranların təbii yaşayış mühitinə köçürülməsi layihəsini reallaşdırmışdır. IDEA olaraq biz bu layihəyə daha çox yaradıcı və bədii yanaşma nümayiş etdirmək qərarına gəldik.
Bildiyiniz kimi, IDEA Kampaniyası təxminən bir il əvvəl yaradılmışdır. Bu müddət ərzində biz ətraf mühitin qorunması ilə bağlı xeyli layihələr həyata keçirmiş və çox müsbət nəticələr əldə etmişik.
Yarım saat bundan əvvəl biz Dövlət İdarəçilik Akademiyasında resurs mərkəzini açdıq. Bu mərkəz insanlara ətraf mühitlə bağlı araşdırmalar aparmağa imkan verəcəkdir.
IDEA-nın digər maraqlı bir layihəsi burada, qədim Qız qalasının qarşısında reallaşdırılır. Qız qalasında bərpa işləri aparılarkən biz Afrikadan Azərbaycana uçub gəlmiş uzunqanad quşların yuvalarını aşkar etdik. IDEA Kampaniyası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə bu quşlar üçün alternativ yuvalar tikdi. Mən böyük məmnuniyyətlə məlumat verirəm ki, quşlar yeni yuvalarına köçmüşdür.
Əziz dostlar, bu gün burada dünyanın müxtəlif ölkələrindən, eləcə də Azərbaycandan 23 rəssam iştirak edir. Mən onların bəzilərini tanıyıram, artıq “Qız qalası” festivalında iştirak etmişlər. Bəziləri peşəkar, bəziləri isə mənim kimi incəsənəti sevən həvəskar rəssamlardır.
Hesab edirəm ki, bu festival çox uğurludur. Çünki dünyanın müxtəlif ölkələrindən gəlmiş rəssamlara bir-birilərinə məhəbbət, sülh və qarşılıqlı anlaşma mesajını çatdırmağa imkan yaradır. Bu mesaj bizim IDEA Kampaniyasının şüarına da tam uyğundur: “Bir planet-bir gələcək”.
Sizin hamınıza bu sərgidə iştirak etdiyinizə görə təşəkkür edirəm. Bu sərgi bir müddət Bakıda keçiriləcəkdir. Biz bu sərginin müxtəlif ölkələrdə keçirilməsini də planlaşdırırıq.
Sərginin təşkil edilməsində köməyi olanların hər birinə, xüsusilə də rəssamlara təşəkkür edirəm. Mən hesab edirəm ki, siz həqiqətən gözəl iş görmüsünüz.
Bakıya gəldiyiniz üçün bir daha sağ olun. Ümid edirəm ki, bizim gözəl şəhərimizdə olmağınızdan məmnun qalacaqsınız. Hamınıza cansağlığı, xoşbəxtlik və məhəbbət arzulayıram.
xxx
Tədbirdə “Qız qalası” Üçüncü Beynəlxalq incəsənət festivalına həsr edilmiş videomaterial nümayiş etdirilib.
Mühüm bir layihənin reallaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildirən küveytli rəssam Suraya Albaqsami və Birləşmiş Ərəb Əmirliyindən gəlmiş sənətkar Talal Moualla Bakıda belə bir festivalda iştiraklarından xüsusi zövq aldıqlarını diqqətə çatdırıblar. Onlar vurğulamışlar ki, bu gün Bakı təkcə neft diyarı deyil, həm də dünyanın əsl mədəniyyət və incəsənət beşiyidir.
Builki festivalın digər fərqləndirici cəhəti isə Qız qalası üzərində video-mappinq texnologiyasının təqdim edilməsi olub.
Festivalın bağlanış mərasimində Qız qalasının üzərinə ötən festivallarda yaradılmış və abidənin arxitekturasına uyğun olan Qız qalası maketlərinin proyeksiyası salınaraq rəngarəng görüntülər yaradılıb. Görüntülərin yaradılmasında müasir post-prodakşn videotexnologiyalarından istifadə olunub. Qız qalası səthinin 360 dərəcə görüntülərlə əhatə edilməsi məqsədilə abidənin üzərinə 7 müxtəlif nöqtədən 30 proyektor vasitəsilə proyeksiyalar salınıb.
Bakı sakinləri və qonaqlar bu rəngarəng görüntüləri mayın 29-dək izləyə biləcəklər.