Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Heydər Əliyev Fondunun vitse-prezidenti, ətraf mühit üzrə beynəlxalq İDEA kampaniyasının təşəbbüsçüsü Leyla Əliyeva iyunun 11-də Cenevrədə səfərdə olub. Səfər zamanı BMT-nin Cenevrə bölməsində, UNICEF-in Cenevrə ofisində və UNEP-in Avropa üzrə regional ofisində görüşlər keçirilib.
Leyla Əliyeva BMT-nin Cenevrə bölməsində baş katibin müavini, BMT-nin Cenevrə bölməsinin baş direktoru Qasımcomərd Tokayevlə görüşüb. Görüşdə Leyla Əliyeva Azərbaycanın son illərdə qazandığı nailiyyətlər haqda danışıb. Q.Tokayev isə ölkəmizə səfərlərini xatırladıb, Azərbaycanın uğurlarını və BMT çərçivəsində səmərəli fəaliyyətini qeyd edib. Görüşdə ətraf mühitin qorunması sahəsində BMT-nin Cenevrə ofisi tərəfindən həyata keçirilən layihələr barəsində fikir mübadiləsi də aparılıb.
Sonra Q.Tokayev qonağı BMT-nin Cenevrə bölməsi ilə tanış edib. Leyla Əliyeva BMT-nin tərksilah üzrə konfransının iclas salonuna (Q.Tokayev həm də BMT-nin tərksilah üzrə konfransının baş katibidir), ölkəmizin hökuməti tərəfindən bərpa olunmuş və milli xalçalarla, Azərbaycan rəssamlarının və tətbiqi sənət ustalarının əsərləri ilə bəzədilmiş “Azərbaycan otağı”na baş çəkib. Q.Tokayev tanışlıq zamanı Leyla Əliyevaya rəssam Rafael Abbasovun fırçasının məhsulu olan, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən hədiyyə edilmiş “Bakı” rəsmini göstərib.
Leyla Əliyeva BMT-nin İnsan Hüquqları Şurasının iclas salonuna, Millətlər Liqası Muzeyinə və BMT-nin Cenevrə bölməsinin kitabxanasına da baş çəkib. Heydər Əliyev Fondunun vitse-prezidenti Millətlər Liqasının arxivində Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə buraxılmış xəritəsi ilə tanış olub. Muzeyin və kitabxananın əməkdaşları qonağa 1920-ci ilin axırlarında Azərbaycan Xalq Cümhuriyyətinin Millətlər Liqasına üzvlüyə qəbul edilməsi barədə sənədin layihəsini nümayiş etdiriblər. Arxivdə Azərbaycan Xalq Cümhuriyyəti ilə Millətlər Liqasının qarşılıqlı münasibətlərinin tarixini əks etdirən başqa eksponatlar da saxlanılır.
Leyla Əliyeva səfər çərçivəsində UNİCEF-in Cenevrə ofisində olub, orada təşkilatın regional direktorunun müavini Kirsi Madi ilə görüşüb. UNICEF-in nümayəndəsi keçən il Azərbaycana səfərini xatırladıb, təmsil etdiyi təşkilat tərəfindən Yardımlıda həyata keçirilən layihə barədə danışıb. O, bu yaxınlarda Azərbaycan paytaxtında keçirilmiş “Eurovision” mahnı müsabiqəsinin böyük uğurla başa çatdığını da vurğulayıb. K.Madi UNİCEF-in Cenevrə ofisi ilə Heydər Əliyev Fondu arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib.
Leyla Əliyeva isə Fondun işi barədə, xüsusən gənclərin cəmiyyətin fəal həyatına cəlb edilməsi sahəsində görülən işlər haqqında danışıb, bu qurumun əlil uşaqlarla iş məsələsinə ciddi diqqət yetirdiyini söyləyib. Görüşün sonunda Leyla Əliyeva Kirsi Madiyə Heydər Əliyev Fondu və IDEA kampaniyası adından xatirə hədiyyələri təqdim edib.
Sonra BMT-nin Ətraf Mühit üzrə Proqramının (UNEP) Cenevrədəki regional bürosunda ətraf mühit üzrə Beynəlxalq IDEA kampaniyasının təşəbbüsçüsü Leyla Əliyeva ilə UNEP-in direktoru vəzifəsini icra edən və Avropa üzrə regional nümayəndə Yan Dusikin görüşü olub. Görüşdə Xəzər dənizinin ekoloji aspektləri, o cümlədən nərəkimilərin reproduksiyası, yerli balıqçıların bu balıq növünün süni şəraitdə yetişdirilməsinə dair proqram haqqında məlumatının artırılması, “yaşıl iqtisadiyyat”ın və Azərbaycanda həyata keçirilən “yaşıl iqtisadiyyat” layihəsinin aktual tərəfləri müzakirə olunub. Qeyd edək ki, bu layihə UNEP-in Avropada AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi timsalında Azərbaycanla birgə həyata keçirdiyi ilk pilot proqramıdır.
Görüşdə ətraf mühitin və sağlamlığın qorunması, ətraf mühit haqqında biliklərin artırılması üzrə gənclərlə maarifləndirmə işi aparılması məsələləri də nəzərdən keçirilib, Cenevrədə bu aspektlərdən bəzilərini əhatə edə biləcək IDEA və UNEP-in birgə konfransının keçirilməsi məsələsi müzakirə olunub.
Leyla Əliyeva Heydər Əliyev Fondunun ətraf mühit sahəsində fəaliyyəti barədə, o cümlədən ekologiya mövzusunda beynəlxalq uşaq fotomüsabiqəsi keçirilməsinə dair IDEA və National Geograpic-in məşhur fotoqrafı Reza Diqqətinin birgə layihəsi barədə də məlumat verib, iki həftə əvvəl IDEA-nın ceyran mövzusunda heykəllər müsabiqəsində iştirak etmək üçün 20-dən çox ölkədən rəssamlara dəvət göndərdiyini söyləyib. O, bildirib ki, bu yolla nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş bu heyvana cəmiyyətdə diqqət güclənəcək. Bundan əlavə, IDEA 300 min ting əkməyi planlaşdırır. Leyla Əliyevanın sözlərinə görə, Moskva, Moldova, Gürcüstan və Litvada IDEA-nın nümayəndəlikləri açılır. Mayın axırlarında isə Bakıda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Cənubi Qafqazda ilk dəfə tələbələr üçün ekoloji resurs mərkəzi açılıb.
Yan Dusik UNEP-in su ehtiyatları və dağlarla əlaqədar layihələri barədə məlumat verib. Onun sözlərinə görə, Karpat Konvensiyasının hazırda Vyanada fəaliyyət göstərən Katibliyi öz layihələrini Qafqaz dağlarına da şamil etmək niyyətindədir. UNEP nümayəndəsi Bakıda açılmış ekoloji resurs mərkəzinə tədris proqramı ilə bağlı köməyini də təklif edib.
Görüşün sonunda Leyla Əliyeva Heydər Əliyev Fondu və IDEA kampaniyası adından Yan Dusikə xatirə hədiyyələri təqdim edib.
Bununla Leyla Əliyevanın Cenevrəyə səfəri başa çatıb.