Vyana Forumunda “Xocalıya Ədalət” kampaniyasının təqdimatı keçirilib
27/10/2012

Avstriyanın paytaxtında keçirilən Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin Vyana Forumu çərçivəsində oktyabrın 27-də “Xocalıya Ədalət” Beynəlxalq məlumatlandırma kampaniyasının növbəti illər üçün fəaliyyət planı müzakirə edilib.

Əvvəlcə forumda iştirak edən 100-ə yaxın xaricdə təhsil alan azərbaycanlı tələbəyə və Azərbaycan Respublikasının Avropanın 30 ölkəsində akkreditə olunmuş səfirlərinə “Xocalıya Ədalət” kampaniyasının fəaliyyəti və kampaniya çərçivəsində əldə olunmuş uğurlar barədə məlumat verilib.
Daha sonra kampaniyanın gələcək strategiyası ilə bağlı təkliflər müzakirə edilib. Müzakirələr zamanı Kampaniyanın Azərbaycan və xüsusilə Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində rolunun əhəmiyyəti xüsusi vurğulanıb, xaricdə təhsil alan hər bir tələbənin kampaniyanın işində yaxından iştirakının zəruriliyi qeyd edilib.

Xatırladaq ki, “Xocalıya Ədalət” Beynəlxalq məlumatlandırma kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülüb. Kampaniya Xocalı soyqırımı və Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir.