Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Fevralın 28-də Moskvanın “Yunost” mehmanxanasında Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva iştirak edib.
“Yunost” mehmanxanasının foyesində Bakının Nizami rayonundakı 1 nömrəli, Suraxanı rayonundakı 2 nömrəli və Xətai rayonundakı 3 nömrəli uşaq evlərində tərbiyə alan, Heydər Əliyev Fondunun keçirdiyi “Uşaqlar və müharibə” rəsm sərgisində iştirak etmiş uşaqların rəsmləri sərgilənib.
Tədbirdə “Xocalıya ədalət” kampaniyası çərçivəsində Rusiyada həyata keçirilən aksiyalar barədə film nümayiş etdirildi.
Leyla Əliyeva artıq 21 ildir Qarabağ münaqişəsinin ən qanlı və dəhşətli səhifələrindən birinin qurbanlarının xatirəsini yad etmək üçün toplaşdıqlarını xatırladıb: “İyirmi bir il əvvəl fevralın 26-na keçən gecə erməni silahlıları Azərbaycanın Xocalı şəhərinə soxularaq 613 dinc insanı, 63 uşağı, 106 qadını və 70 qocanı qətlə yetirmişlər. Bu 613 günahsız, vəhşicəsinə qətlə yetirilmiş insan heç zaman unudulmayacaq və qəlblərimizdə daim yaşayacaq. 1992-ci ilin həmin fevral gecəsi baş verən dəhşətli hadisələrə dünya ictimaiyyəti tərəfindən hüquqi və mənəvi qiymət verilməlidir”.
“Dünya Xocalı barədə bilməlidir ki, bu cür qətllər və cinayətlər heç yerdə təkrar olunmasın” – deyən Leyla Əliyeva məhz buna görə 2008-ci il mayın 8-də “Xocalıya ədalət” beynəlxalq kampaniyasının keçirilməsi təşəbbüsünü irəli sürdüklərini qeyd edib: “Kampaniyanın məqsədi bu faciə barədə dünya ictimaiyyətinə məlumat verməkdir. Kampaniya çərçivəsində artıq 700 mindən çox imza toplanıb”. Leyla Əliyeva bildirib ki, Heydər Əliyev Fondu bir neçə ildir Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciəyə həsr olunmuş tədbirlər keçirir. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar təşkil olunur, kitablar nəşr edilir, filmlər çəkilir. “Xocalıya ədalət” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti artıq Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina parlamentlərinin Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıdıqlarını xatırladıb: “Bundan əlavə, ABŞ-ın 7 ştatı bu soyqırımını tanımışdır. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik, hələ çox işlər görəcəyik və mən inanıram ki, tezliklə dünyanın bir çox ölkəsi bu soyqırımını tanıyacaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bütün qaçqınlar və məcburi köçkünlər doğma torpaqlarına, evlərinə qayıdacaqlar”.
Leyla Əliyeva tədbirin Ermənistan ilə Azərbaycan arasında uzun müddətdir davam edən münaqişənin həlli məsələsinə mühüm təsir göstərən Rusiyanın paytaxtında keçirildiyinə diqqət çəkib. “İstərdim ki, dünyanın bütün ölkələrinin vətəndaşları kimi, Rusiya vətəndaşları da bu dəhşətli faciə haqqında həqiqəti bilsinlər. Əlbəttə, bizim bu gün gördüyümüz işlər həlak olmuş insanların həyatını qaytara, sağ qalmış xocalıların yarasını sağalda bilməz. Biz həmin qadınları, uşaqları və qocaları heç zaman unutmayacağıq”, - deyə o, qeyd edib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə bildirib ki, Xocalı faciəsindən sonra Azərbaycan bu problemi dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışsa da, yalnız son bir neçə ildə Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti, Heydər Əliyev Fondunun və böyük dünya aksiyasına çevrilmiş “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın səyləri sayəsində dünya üzünü Azərbaycan tərəfə çevirməyə başlayıb: “Bu, göstərir ki, artıq dünyada insanlar həqiqəti yalandan ayırmağa başlamışlar. Biz və gələcək nəsillər bu cür faciələrin dünyanın heç bir yerində təkrar olunmaması naminə Xocalını unutmamalıyıq”.
Sonra Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev, 1991-1992-сi illərdə Füzuli rayonunun hərbi komendantı olmuş, qəhrəmanlığına və vətəndaş mövqeyinə görə Azərbaycan Milli Məclisinin fəxri medalına layiq görülmüş istefada olan general-leytenant Aleksandr Volox, “Xocalıya ədalət” kampaniyasının əlaqələndiricisi Nicat Məmmədli çıxış edərək Xocalı faciəsinin dünya tarixində ən qanlı soyqırımı olduğunu vurğulayıb, bu faciənin səbəbkarları barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülən işlərdən danışıblar.
Tədbirdə Rusiya ictimaiyyətinin nümayəndələri, siyasətçilər, Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycan Konqresinin, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının təmsilçiləri iştirak ediblər.