Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Mayın 31-də 55-ci Ümumdünya təsviri incəsənət sərgisi - Venesiya Biennalesi çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan pavilyonunun rəsmi açılış mərasimi olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Noyabra qədər davam edəcək sərgidə onlarla ölkə öz pavilyonunu təqdim edir. Azərbaycan pavilyonu Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında yerləşir. Builki pavilyon “Ornamentlər” devizi altında təqdim olunur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirin açılışında çıxış etdi. Azərbaycanın zəngin mədəniyyəti və qədim tarixi ilə tanındığını vurğulayan Leyla Əliyeva tarixi İpək Yolu üzərində yerləşən, Şərq ilə Qərb arasında hər zaman körpü olan Azərbaycanın bu ruhunu indi də saxladığını diqqətə çatdırdı: “Azərbaycan həmişə bir çox dinlər, mədəniyyətlər və millətlərin evi olub. Bu gün bizim paytaxtımız Bakı dünyanın ən kosmopoliten şəhərlərindən birinə çevrilir: Zaha Hadidin memarlıq əsərindən tutmuş Müasir İncəsənət Muzeyi, Xalça Muzeyi və “Alov qüllələri”nə qədər. Düşünürəm ki, Şərq ilə Qərbin, qədimlə müasirliyin bu sintezi bizim incəsənətimizdə yetərincə əksini tapır. Özünüz də bunun burada şahidi olacaqsınız. Çünki incəsənət həmişə bizim mədəniyyətimizin mühüm hissəsi olub. İndi demək olar ki, hər ay ölkəmizdə heyrətləndirici incəsənət tədbirləri keçirilir”.
Sərginin kuratoru Erve Mikaeloff Azərbaycanda müasir incəsənətinin inkişafına böyük dəyər verildiyini vurğuladı, bu sahədə layihələrə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirdi.
Artıq dördüncü dəfədir Venesiya Biennalisinə qatılan Azərbaycanı budəfəki sənət nümayişində altı rəssamımız Butunay Haqverdiyev, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Rəşad Ələkbərov, Sənan Ələsgərov və Çingiz təmsil edir.
Günün sonunda Mehriban Əliyevanın adından ziyafət verildi.