Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Moskvadakı “Mir” kino-konsert salonunda Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi tərəfindən təşkil edilmiş tədbir keçirilib. Tədbir çərçivəsində nümayəndəliyin rəhbəri Leyla Əliyeva ilə görüş olub.
Görüşdə Rusiyanın 40 regionunu təmsil edən gənclər təşkilatlarının fəalları, diaspor rəhbərləri, Ümumrusiya Azərbaycan Konqresinin və Federal milli-mədəni muxtariyyətin 200-dən çox nümayəndəsi iştirak ediblər.
Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova görüşü açaraq, Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyinin fəaliyyəti barədə məlumat verib. O, nümayəndəliyin rəhbərinin gördüyü işlər haqda danışıb: “Qısa müddətdə Rusiyanın müxtəlif ali məktəblərində azərbaycanlı gənclər klubları yaradılmağa başlanıb, bir sıra regionlarda yerli administrasiya və diasporlarla görüşlər təşkil edilib. Fond Azərbaycan və Rusiya xalqları arasında dostluğun möhkəmləndirilməsinə, Azərbaycan mədəniyyətinin nailiyyətlərinin nümayiş etdirilməsinə, Rusiyadakı azərbaycanlı gənclərin sıx birləşməsinə, Azərbaycanın bugünkü reallıqlarının Rusiya ictimaiyyətinə çatdırılmasına böyük əhəmiyyət verir”.
Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru Eldar Quliyev Azərbaycan diasporunun sıx birləşdirilməsi ideyasının xalqımızın ümummilli lideri Heydər Əliyevə məxsus olduğunu xatırladıb: “Bu ideyanın reallaşdırılması ÜAK-ın yaradılması ilə nəticələnibr və bu gün Konqresin gördüyü işlər ulu öndərimizin ideyalarının təcəssümüdür”. E.Quliyev bildirib ki, azərbaycanlı tələbələrin Rusiya ali məktəblərində təhsil almaq imkanı gənclər siyasətinə çox böyük diqqət yetirən Prezident İlham Əliyevin böyük xidmətidir.
Sonra Rusiyanın müxtəlif regionlarını təmsil edən gənclərə söz verilib. Onlar Fondun Rusiyadakı nümayəndəliyinin gənclərin sıx birləşməsini və onların Rusiya cəmiyyətinə inteqrasiya etməsini dəstəklədiyinə, müxtəlif layihələrin həyata keçirilməsinə köməyinə, azərbaycanlı gənclərin Rusiyanın ictimai-siyasi həyatında rolunun və nüfuzunun artmasına şərait yaratdığına görə nümayəndəliyə təşəkkür ediblər. Regionların kitabxana və məktəblərinin zəruri ədəbiyyat, dərsliklər və müxtəlif vəsaitlərlə təmin olunmasında Fondun fəal iştirakı xüsusi qeyd edilib.
Leyla Əliyeva bu xoş sözlərə görə təşəkkürünü bildirib, Rusiyadakı azərbaycanlı gənclərin çox fəal, qabiliyyətli və müsbət əhval-ruhiyyəli gənclər olduğunu söyləyib: “Bizim hər birimiz harada olsaq da, Azərbaycana çox xeyir verə bilərik. Biz əlbir olsaq, daha böyük uğurlar qazanarıq”.
Sonra bayram konserti olub. Konsertdən əvvəl çıxış edən Leyla Əliyeva Heydər Əliyev Fondunun Rusiyadakı fəaliyyətinin əsas prioritetləri barədə söhbət açıb, bildirib ki, müasir dünyada anlaşılmazlıqlar, fikir ayrılıqları və saxta stereotiplər çoxdur: “Bu şəraitdə mədəni dialoq bir sıra problemlərin həllinin universal açarıdır. Nümayəndəliyin prioritet vəzifələrindən biri də Azərbaycan ilə Rusiya arasında mədəni dialoqun inkişaf etdirilməsi və genişləndirilməsidir”. Bununla əlaqədar Rusiya-Azərbaycan münasibətlərindən bəhs edən Leyla Əliyeva bu münasibətlərin bir sıra istiqamətlər üzrə dinamik inkişaf etdiyini vurğulayıb: “Dövlətlərimizin başçıları onu strateji tərəfdaşlıq münasibətləri hesab edirlər”.
Leyla Əliyeva bu münasibətlərin inkişaf etdirilməsində gənc nəslin xüsusi rolunun olduğunu vurğulayıb və bildirib ki, ki, azərbaycanlı gənclər Rusiya cəmiyyətinə hərtərəfli inteqrasiya etməli, onun ictimai-siyasi həyatına fəal cəlb edilməli, lakin eyni zamanda, öz milli mədəniyyətini qoruyub saxlamalıdırlar: “Azərbaycan klublarının, bazar günü məktəblərinin və digər mədəni mərkəzlərin əhatə dairəsinin genişləndirilməsi vacibdir, azərbaycanlı tələbələr bu mərkəzlərdə öz dilini, mədəniyyətini öyrənmək, eyni zamanda, Azərbaycanda baş verən prosesləri izləmək imkanından istifadə etməlidirlər”.
Leyla Əliyeva Rusiyada Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) yaradılmasına böyük ümidlər bəslədiyini bildirib: “İnanıram ki, RAGT elə bir vahid məkan yaratmağa nail olacaq ki, orada azərbaycanlı gənclərin hər bir nümayəndəsi özünə münasib maraqlı ideyalar tapacaq, yeni dostlar qazanacaq. Biz istəyirik ki, bu təşkilat bir-birini sevmək, dostluq etmək, ünsiyyət saxlamaq, Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini vermək istəyənlərin hamısı üçün bir növ körpü olsun”.
Sonra çıxış edən “Yedinaya Rossiya” Partiyası Ali şurası katibinin müavini, RF Dövlət Dumasında “Yedinaya Rossiya” fraksiyasının sədr müavini Valeri Ryazanski ölkələrimiz arasında münasibətlərin mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulduğunu, bunun çox böyük perspektivlərinin olduğunu söyləyib. O, təmsil etdiyi partiyanın rəhbərliyinin tədbir iştirakçılarına təbrikini oxuyub. Sənəddə bildirilir ki, azərbaycanlı gənclərin forumu Rusiya üçün və “Yedinaya Rossiya” üçün çox məsul bir məqamda – Dövlət Dumasına seçkilər ərəfəsində keçirilir. Ona görə də bu aksiyanın ucsuz-bucaqsız ölkənin bütün guşələrindən buraya toplaşmış azərbaycanlı gənclər tərəfindən dəstəklənməsi xüsusi əhəmiyyət kəsb edir: “Sizin Putinə və “Yedinaya Rossiya”ya səs verməyiniz təkcə öz vətəndaş mövqeyinizin nümayiş etdirilməsi deyil, həm də bizim ümumi qələbəmizin, Rusiyanın qələbəsinin təminatı olacaqdır”.
Leyla Əliyeva qonağa Azərbaycan ilə Rusiya arasında qarşılıqlı münasibətlərdən bəhs edən kitab hədiyyə edib. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iki ölkə arasında dostluğun inkişaf etdirilməsinə həmişə böyük əhəmiyyət verdiyini xatırladıb.
“Molodaya qvardiya” hərəkatı adından bu təşkilatın federal əlaqələndiricisi Aleksey Şapoşnikov çıxış edib. O, müasir siyasi həyatda, ictimai-sosial proseslərdə gənclərin rolunu xüsusi vurğulayıb.
Tver vilayətinin azərbaycanlı gənclərinin nümayəndəsi Ş.Məmişova iştirakçıları azərbaycanlı gənclərin Putini dəstəkləyəcəklərinə əmin edib.
Sonra tədbir iştirakçıları Azərbaycan haqqında, onun bugünkü uğurları haqqında süjetə tamaşa ediblər.
Tədbir konsert proqramı ilə başa çatıb. Konsertdə Bakıdan gəlmiş solistlər və yaradıcı kollektivlər çıxış ediblər.