Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
2013-cü il sentyabrın 7-də “Etnomir” mədəniyyət-təhsil turizm mərkəzində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin iştirakı və “Mədəniyyətlərarası dialoq – vahid dünya” fondunun dəstəyi ilə təşkil edilmiş “Gənclər mühitində mədəniyyətlərarası dialoq” mövzusunda konfransı keçirilib.
Tədbirin keçirilməsindən məqsəd Rusiya və Azərbaycan gəncləri arasında dialoqun inkişafına meydan açmaq idi. Konfransda diplomatlar, ictimai xadimlər, Rusiya gənclər təşkilatlarının rəhbərləri və RAGB-nin Moskva, Tula, Kaluqa və Obninskdən olan fəalları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçılarına RAGB-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. İştirakçılar gənclər arasında mədəni dialoqun inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə yönəldilmiş belə səyyar konfransların keçirilməsinin əhəmiyyətindən və zəruriliyindən danışıb, görüşün keçirilməsi təşəbbüsünə görə RAGB-yə təşəkkür ediblər.
Konfransda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edib. O, iki dövlət arasında münasibətlərdən danışıb, Azərbaycan və Rusiya gəncləri arasında mədəni əlaqələrin qaydaya salınmasında RAGB-nin rolunu yüksək qiymətləndirib, ölkələrimizin və xalqlarımızın bir-birinə yaxınlaşmasına yönəldilmiş humanitar aksiyaların təşkilinin vacib və əhəmiyyətli olduğunu qeyd edib.
UNESCO-nun mədəni layihələrinin əlaqələndiricisi Fatima Alçinbayeva qurumun Moskvadakı bürosunun direktoru, Azərbaycan, Ermənistan, Belarus, Moldova Respublikası və Rusiya Federasiyasındakı nümayəndəsi Dendev Badarçın təbrik məktubunu oxuyub.
Kaluqa vilayətinin İdman, Turizm və Gənclər Siyasəti Nazirliyinin Gənclər Siyasəti İdarəsinin rəisi Olqa Korobova Kaluqa vilayəti hökumətinin gənclərin dövlətlərarası mədəni əməkdaşlığı sahəsində “Etnomir” layihəsi ilə əməkdaşlığından danışıb, mədəniyyətlərarası dialoq üçün sabit meydan olan kompleksin mühüm rolunu xüsusi vurğulayıb.
“Sodrujestvo” Beynəlxalq Gənclər İctimai Təşkilatının icraçı direktoru Maqomed Əliyev isə başçılıq etdiyi beynəlxalq təşkilatın fəaliyyəti barədə danışıb, təşkilatın RAGB ilə səmərəli əməkdaşlığından söz açıb.
“Mədəniyyətlərin dialoqu – vahid dünya” fondunun prezidenti, “Etnomir” kompleksinin rəhbəri Ruslan Bayramov kompleksin geniş prezentasiyasını keçirib. O, başçılıq etdiyi fondun xeyriyyəçilik fəaliyyətindən danışaraq, millətlərarası və dövlətlərarası əməkdaşlığa yönəldilmiş təşəbbüslərə dəstək verməyə hazır olduğunu bildirib.
Konfransın moderatoru, RAGB-nin nümayəndəsi İbrahim İbrahimov isə RAGB-nin yaradıldığı gündən indiyədək Rusiya və Azərbaycan gəncləri arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə yönəldilmiş yüzlərlə layihə həyata keçirildiyini xatırladıb. Onun fikrincə, təşkilat iki dövlət arasında əsası Heydər Əliyev tərəfindən qoyulmuş və mədəni, humanitar əməkdaşlığın qorunub saxlanmasına və inkişaf etdirilməsinə yönəldilmiş qarşılıqlı münasibətlərin gözəl ənənələrini davam etdirir. İ.İbrahimov iki ölkə arasında mədəni əlaqələrdən danışarkən Leyla Əliyevanın fikirlərini də xatırladıb: “Zənnimcə, ən başlıcası insanlar arasında olan bu canlı, mehriban və səmimi münasibətlərdir. Azərbaycan həmişə müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqları bir ölkə olmuşdur”.
RAGB tərəfindən “Etnomir”in rəhbərliyinə Azərbaycan pavilyonunda yerləşdirmək üçün xatirə hədiyyələri və suvenirlər (“Baku” və RAGT-nin jurnalları, Azərbaycan haqqında kitablar və Azərbaycanın xəritəsi) təqdim edilib.
Konfransdan sonra iştirakçılar üçün “Dünya küçəsi”nə ekskursiya təşkil edilib.