Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 27-də Bakının Nizami rayonundakı 1 nömrəli, Xətai rayonundakı 3 nömrəli və Suraxanı rayonunun “Yeni Günəşli” yaşayış massivindəki 2 nömrəli uşaq evlərinin sakinləri ilə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb.
Leyla Əliyeva əvvəlcə Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evində olub. Kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlarla görüşən Leyla Əliyeva onların əl işlərindən ibarət sərgiyə baxdı.
1 nömrəli uşaq evində 60 uşağın cəlb olunduğu müxtəlif dərnəklər fəaliyyət göstərir. Artıq bir neçə ildir ki, müxtəlif ölkələrdə bu uşaq evinin sakinlərinin əl işlərindən ibarət sərgilər təşkil olunur. Bununla yanaşı, uşaqlar Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə də yaxından iştirak edirlər.
Uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olundu.
Leyla Əliyeva uşaqlarla xatirə şəkli çəkdirdi.
X X X
Sonra Leyla Əliyeva paytaxtın Xətai rayonundakı 3 nömrəli uşaq evinə baş çəkib.
Burada 3-16 yaş arasında 4 qrup üzrə kimsəsiz və valideyn himayəsindən məhrum olan 90 uşaq yaşayır. Heydər Əliyev Fondu yarandığı gündən digər uşaq evləri kimi, bu uşaq evini də daim diqqətdə saxlayır. Fondun dəstəyi ilə uşaq evinin sakinləri xaricdə keçirilən bir sıra müsabiqələrdə uğurla iştirak ediblər.
Leyla Əliyeva uşaqlara Heydər Əliyev Fondunun hədiyyələrini təqdim etdi.
Sonda xatirə şəkli çəkdirildi.
X X X
Leyla Əliyeva Suraxanı rayonunun “Yeni Günəşli” yaşayış massivindəki 2 nömrəli uşaq evində də olub.
Uşaq evinin sakinləri ilə görüşən Leyla Əliyeva onlarla söhbət etdi, uşaqların yaşayış şəraiti ilə maraqlandı.
Sonda uşaq evinin sakinlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim olundu.
Leyla Əliyeva uşaqlarla xatirə şəkli çəkdirdi.