Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılışında iştirak edib
07/10/2013

Oktyabrın 7-də Bakının Nizami rayonunda Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak ediblər.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan mərkəz üçün ayrılan ərazinin ümumi sahəsi bir hektardır. Əsas və köməkçi binalarla birlikdə tikintinin ümumi sahəsi 7300 kvadratmetr təşkil edir.

Mehriban Əliyeva mərkəzdə yaradılmış şəraitlə tanış oldu.

Binanın yeməkxanasında daun sindromlu xəstələrin rahat qidalanması üçün hər cür şərait yaradılıb. Mərkəzdə psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri yerləşir. Burada həmçinin, heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərəcək. Kompyuter, loqoped, riyaziyyat, astronomiya otaqları və digər yardımçı otaqlar da ən müasir avadanlıqla təchiz olunub.

Mərkəzin idman zalı və üzgüçülük hovuzuna da baxan birinci xanıma məlumat verildi ki, hovuz iki hissədən - üzgüçülük və müalicə hissələrindən ibarətdir. Ən müasir texniki avadanlıqla təchiz olunmuş kino və teatr zalları da daun sindromlu xəstələrin istifadəsinə verilib.

Mehriban Əliyeva mərkəzlə tanışlıqdan sonra Daun Sindromlu Şəxslərin Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Dəcəllər” teatrının hazırladığı tamaşaya baxdı.

Mərkəzin ərazisində uşaq əyləncə meydançası, köşklər və açıq idman meydançası yaradılıb. Heydər Əliyev Fondu tərəfindən Mərkəzə avtobus hədiyyə olunub.

Sonda xatirə şəkli çəkdirildi.