İyunun 30-da Bakıda Krans Montana Forumu çərçivəsində “Gələcəyin yeni liderləri” mövzusunda xüsusi iclas keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Krans Montana Forumunun elmi şurasının professoru Daniel Varnerin moderatorluğu ilə keçən tədbirdə “Dəyişən dünyada gələcək liderlərin rolu”, “Qloballaşmanın ətraf mühitə təsiri” mövzularında məruzələr edilib, müzakirələr aparılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iclasda çıxış edib:
- Zati-aliləri, hörmətli qonaqlar, xanımlar və cənablar!
Mən sizi gözəl şəhərimiz Bakıda salamlamaq istərdim. Ümidvaram ki, burada vaxtınız çox maraqlı keçir.
Mən çox vacib bir mövzu - Azərbaycanın və ümumiyyətlə, dünyanın bütün gənclərinin ətraf mühitin qorunması sahəsində rolu haqqında danışmaq istərdim. Mən gələcəyin liderlərinin davamlı inkişafı təmin edən rolları haqqında danışmaq istərdim.
Bilirsiniz ki, dünyada davamlı inkişaf ətraf mühitin qorunması məsələsini aktuallaşdırmışdır. Bunun təmin edilməsi üçün çoxlu tədbirlərin keçirilməsi olduqca önəmlidir. Bugünkü ekoloji problemlər həm millətləri ayırır, həm də onların bütün maraqlarının təmin edilməsinə imkan vermir. Ona görə də hər bir ölkənin təbii ehtiyatlarının düzgün idarə olunması çox önəmli məsələdir. Bu, iqlim dəyişikliyi nöqteyi-nəzərindən də çox önəmli bir məsələdir. Bu məsələlər bizim həyatımıza həm müsbət, həm də mənfi təsir göstərə bilər. Ona görə də bu dəyişiklikləri düzgün idarə etməyi bacarmalıyıq. Dəyişikliklər prosesinin ətraf mühitdə baş verməsi xüsusilə gənc nəslin bu sahədə rolunu daha da önəmli edir.
Azərbaycanda ətraf mühitin qorunması sahəsində çox gözəl proqramlar və kampaniyalar başlanmışdır. Biz bu kampaniyalara gəncləri və bütün insanları dəvət edirik. Bu iş əlbəttə ki, dialoq, liderlik və təhsil prinsipləri əsasında bütün millətə xidmət etmək üçün həyata keçirilir. Bu, eyni zamanda, ətraf mühitin qorunması və davamlı inkişafın təmin olunması üçün çox önəmli məsələdir. Bütün dünyada bu istiqamətdə əməkdaşlığı təmin etmək, tədbirlər görmək üçün regional və beynəlxalq əlaqələr önəmlidir.
Bildiyiniz kimi, on bir iqlim qurşağından doqquzu Azərbaycan Respublikasındadır. Bu da Azərbaycanın təbiətini çox zəngin edir. Azərbaycanın zəngin təbiətinin qorunması üçün qarşımızda çox önəmli vəzifələr durur. Bunlar ətraf mühitin qorunması, suyun, təbiətin çirklənməməsi, qorunub saxlanılmasıdır. Azərbaycanda bizi narahat edən bütün həmin məsələləri həll etmək üçün gənclər bu prosesə fəal cəlb olunur.
Mən bir həftə əvvəl Cenevrədə keçirdiyim görüşlərdə bütün bu məsələləri qaldırmışdım. Bu məsələlərin Azərbaycanda və Qafqaz regionunda çox önəmli olduğunu bildirmişdim.
Ekologiya ilə bağlı məsələlər bizim üçün çox önəmlidir. Ona görə də düşünürəm ki, bu məsələləri hələ sinif otaqlarından tədris etməyə başlamaq lazımdır. Zənnimcə, bununla uşaqlar artıq erkən yaşlarından yaşadıqları ölkələrdə təbiətin qorunması haqqında məlumatlar almış olacaqlar. Mənə elə gəlir ki, ekoloji çağırışlara cavab verilməsi üçün bu, çox böyük əhəmiyyət daşıyacaqdır.
Təmiz ətraf mühit təmiz və saf cəmiyyətdən başlayır. Ona görə də mən hesab edirəm ki, insanlara belə fikirləri aşılamaq lazımdır. Ətraf mühitə zərər verməyən texnologiyadan istifadə olunmalı, enerji resurslarına qənaət edilməli və s. Bu məsələlərin həlli planetimizin gələcəyini təmin edəcəkdir. Bu məsələlərin həlli bizim yaşayış tərzimizdən də çox asılıdır. Ona görə də biz bütün imkanlardan istifadə edərək, hərəkətlərimizə görə məsuliyyət daşımalıyıq.
Sovet dövründə uzun illər neft və qaz hasilatı nəticəsində həm dənizdə, həm də quruda çoxlu çirklənmə baş vermişdir. Bu da bizə, müstəqil ölkəmizə bir problem kimi qalmışdır. Müstəqil Azərbaycan üçün həmin məsələləri həll etmək başlıca vəzifələrdən biridir. Biz bütün bunları nəzərə alaraq fəaliyyətə başlamışıq.
Bu məsələlərin həlli üçün bütün güclərin səfərbər olunması çox vacib idi. Müstəqilliyini yenicə bərpa etmiş ölkə üçün bu məsələlərin həlli Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə daha çətinləşmişdi. Bu, Cənubi Qafqaz regionunda da çox böyük çətinliklər yaratmışdı. Bilirsiniz ki, həmin ərazilərdə çox zəngin ekosistem, flora və fauna vardır. Biz Azərbaycanda 2010-cu ili “Ekologiya ili” elan etdik. O vaxt həmin kampaniya çərçivəsində yüz minlərlə ağac əkilmişdir. Bu kampaniya gənclər arasında təşviq olunurdu.
Bildiyiniz kimi, Azərbaycan əhalisi dünyada ən gənc əhalilərdən biridir. Ona görə də biz çalışırıq ki, bütün bu məsələləri gənclərimizə aşılayaq. Bu səpkidə müxtəlif tədbirlər keçirilir, sərgilər təşkil olunur. Bütün bunlar vasitəsilə biz ölkəmizdə və dünyada ətraf mühitlə bağlı problemlər barədə gənclərimizə məlumat veririk.
Xanımlar və cənablar, dünyada ətraf mühitin qorunması, davamlı inkişafın təmin olunması üçün Minilliyin İnkişaf Məqsədləri qəbul edilmişdir. Əsas məqsəd insanlara bu sahədə qərar qəbul etmək imkanları vermək, onları bu prosesə cəlb etməkdir. Düşünürəm ki, “yaşıl iqtisadiyyat”ın təmin olunması ilə bağlı bütün ölkələrin üzərinə öhdəliklər düşür. Əgər bu öhdəliklər yerinə yetirilsə, davamlı iqtisadi inkişaf da reallığa çevriləcəkdir. Əminəm ki, gənclərın fəal iştirakı ilə davamlı iqtisadi inkişaf, ətraf mühitin davamlı qorunması prosesi təmin olunacaqdır.
Bundan başqa, hesab edirəm ki, səmərəli tədbirlər planının həyata keçirilməsi üçün səmərəli təhsil lazımdır. Buna görə də biz öyrənməyə və öyrətməyə hazırıq. Sizi də bu təşəbbüslərə qoşulmağa çağırırıq.
Ümidvaram ki, doğrudan da Bakıda olmaqdan böyük həzz alırsınız və Bakı haqqında sizdə yalnız xoş xatirələr qalacaqdır.
Diqqətinizə görə sağ olun, təşəkkür edirəm.
***
Məşhur amerikalı jurnalist, 1985-2010-cu illərdə CNN telekanalında yayımlanmış “Larry King Live” tok-şousunun aparıcısı olmuş Larri Kinq Azərbaycanda gedən inkişaf proseslərinin onda çox dərin təəssürat yaratdığını bildirib. Mövzunun əhəmiyyəti haqqında danışan L.Kinq gələcək nəsillərin sağlamlığı üçün ətraf mühitlə bağlı problemlərə diqqət yetirilməsinin zəruriliyini vurğulayıb, bu məsələdə gənclərin, gələcəyin yeni liderlərinin mühüm rol oynaya biləcəklərini diqqətə çatdırıb: “Əgər biz təbiəti qorusaq, ətraf mühitin çirklənməsinə yol verməsək, insanların, öz ailəmizin, hətta doğulmayan uşaqlarımızın belə sağlamlığının qayğısına qalmış olarıq”.
Əlcəzairin Sahibkarlar Konfederasiyasının prezidenti Bualem M’Rakaş təhlükəsiz gələcəyin təmin edilməsində gənc liderlərin rolu haqqında danışıb, bu baxımdan tədbirin əhəmiyyətini qeyd edib. O bildirib ki, gənclər, xüsusilə də gənc liderlər gələcəkdə səhvlərə yol verilməməsi, daha böyük uğurların əldə edilməsi üçün keçmişi öyrənməli, təcrübə mübadiləsinə üstünlük verməlidirlər. Ekoloji problemlərin doğurduğu ciddi fəsadların qarşısının alınması üçün qüvvələrin səfərbər edilməsinin zəruriliyini vurğulayan B.M’Rakaş Azərbaycanda gənclərə göstərilən qayğının yüksək səviyyədə olduğunu qeyd edib.
Avropa Parlamentinin üzvü Nirj Deva Leyla Əliyevanın çıxışında ətraf mühitlə bağlı nikbin fikirlər səsləndirməsinin onu sevindirdiyini bildirib. O, Leyla Əliyevanın ətraf mühitlə bağlı təşəbbüslərini, bu istiqamətdə həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.
Nirj Deva hazırda qlobal maliyyə böhranının ətraf mühitlə bağlı problemləri sanki arxa plana keçirdiyini söyləyib: “Lakin biz əgər bütün diqqətimizi maliyyə böhranına yönəltsək, ekoloji məsələlərə biganə yanaşsaq, təhlükəsiz gələcəklə bağlı ciddi problemlər yaşaya bilərik. Bu baxımdan dünyanın müxtəlif ölkələrində yaşayan gənclər ekoloji məsələlərin həlli istiqamətində fəal olmalı və bir-biriləri ilə əlaqələr qurmalı və bu əlaqələri inkişaf etdirməlidirlər”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov dəyişən dünyada gələcək liderlərin çox vacib rol oynayacaqlarını qeyd edib.
Azərbaycanda əhalinin 66 faizdən çoxunun 30 yaşdan aşağı olduğunu deyən Elnur Aslanov gənclərin ölkənin ictimai-siyasi həyatında oynadıqları vacib rolu xüsusi vurğulayıb. Onun sözlərinə görə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, 15 mindən çox azərbaycanlı tələbənin təhsil almaq üçün xarici ölkələrə göndərilməsi nəzərdə tutulub. Azərbaycanda gənclərə xüsusi diqqət və qayğının göstərildiyini deyən şöbə müdiri bildirib ki, gənclərin müasir texnikanın yeniliklərindən sərbəst istifadə etmələri üçün hər cür şərait yaradılıb.
İclasda müzakirə olunan aktual məsələlərin əhəmiyyətini vurğulanıb, gənclərə önəmli çağırışların edildiyi belə tədbirlərin tez-tez keçirilməsinin əhəmiyyəti qeyd edilib.
Sonra suallar cavablandırılıb.
IDEA ətraf mühit kampaniyasının fəaliyyəti, həyata keçirdiyi layihələrlə bağlı suala cavabında Leyla Əliyeva bildirib ki, bu kampaniya regionda ətraf mühit məsələləri ilə məşğul olan ən böyük təşkilatdır. Gənclərlə əməkdaşlığa xüsusi önəm verən kampaniyanın ətraf mühitin qorunması ilə bağlı yaradıcı yanaşması var.
IDEA kampaniyasının həyata keçirdiyi çoxsaylı layihələr haqqında danışan Leyla Əliyeva təşkilatın fəaliyyətinə daha çox gəncin cəlb olunması ilə bağlı xeyli iş görüldüyünü və bu istiqamətdə uğurlu nəticələr əldə edildiyini diqqətə çatdırıb.