Layihə Yekaterinburq rəhbəri kitabxanasının, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin, Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulluğunun və Yekaterinburq Şəhəri Administrasiyasının təşəbbüsü ilə həyata keçirilir.
Ekspozisiyada respublikanın həyatının müxtəlif sahələrini əks etdirən ədəbi nəşrlər, videomateriallar və CD-disklər, ümummilli lider Heydər Əliyev, Azərbaycan dövlətinin tarixi, mədəni irs, incəsənət haqqında kitablar və s. nümayiş olunur.
Ekspozisiyanın kitabxanaya gələnlərə Azərbaycan Respublikası ilə tanışlıq imkanı yaradan fondu gələcəkdə müntəzəm şəkildə təkmilləşəcək.
Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov mərasimdə Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən və humanitar sahədə həyata keçirdiyi layihələrdən söz açıb. O, Fondun Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya nümayəndəliyinin gördüyü işlər haqda da danışıb.
Açılış mərasimində Rusiya Xarici İşlər Nazirliyinin Yekaterinburqdakı nümayəndəliyinin rəhbəri Aleksandr Xarlov, Sverdlovsk vilayəti qubernatoru administrasiyası rəhbərinin müavini Vadim Dubiçev, Yekaterinburq Şəhəri Administrasiya rəhbərinin müavini Sergey Tuşin, Sverdlovsk vilayətinin beynəlxalq və xarici ticarət əlaqələri naziri Andrey Sobolev, UNESCO-nun Ural-Sibir Mərkəzinin baş direktoru Yuri Borisixin, Fransanın, Ukraynanın və Macarıstanın Yekaterinburqdakı baş konsulları çıxış ediblər.
Açılış mərasiminin sonunda furşet və konsert olub. Tədbirin bütün iştirakçılarına milli suvenirlər təqdim edilib.