İDEA “Yaşıl Azərbaycan naminə” adlı növbəti maarifləndirmə layihəsinə start verib
24/09/2012

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan İDEA ətraf mühitin mühafizəsi üzrə kampaniya “Yaşıl Azərbaycan naminə” adlı növbəti ekoloji maarifləndirmə layihəsinə start verib.

Layihə üçün xüsusi hazırlanan “Yaşıl avtobus”ların Azərbaycanın rayon və şəhərlərinə yolasalma mərasimi keçirilib. Layihə ərzində kampaniya təmsilçiləri Azərbaycanın müxtəlif bölgələrinin şagirdləri üçün maarifləndirici seminarlar keçəcəklər.

Mərasimdə bildirilib ki, layihə çərçivəsində ölkənin 20-ə yaxın regionunda ekoloji təlimlər keçiriləcək. Layihəyə 4 minə yaxın şagird qatılacaq. Layihənin keçirilməsində əsas məqsəd isə şagirdlərdə yaşıl düşüncənin formalaşdırılması olacaq. Növbəti 5 həftə ərzində isə komandalar respublikanın digər regionlarına da səfər edəcəklər.

Layihə çərçivəsində təlimçi kimi orta məktəb şagirdləri ilə çalışacaq könüllülər iştirak edəcək. Ekoloji seminarlar sentyabr - oktyabr aylarında ardıcıl olaraq 20 şəhərdə baş tutacaq.

İDEA Kampaniyası 12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.